Bayram günlərində “Şahdağ”a turist axını olub

0
122

Qusar rayonunda yerləşən Şahdağ Turizm Mərkəzi bayram günlərində 10 mindən çox turist qəbul edib.

Turizm mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülnar Mustafayeva bildirib ki, bu, dekabrın 31-dən yanvarın 2-dək qeydə alınan göstəricidir.

“Şahdağ” Turizm Mərkəzində keçirilən builki Yeni il şənlikləri əsl qış nağılını xatırladaraq, qonaqlarda unudulmaz təəssüratlar yaradıb. Bayram günlərində təntənəli Yeni il şənlikləri, möhtəşəm atəşfəşanlıq, musiqi ziyafəti turistlərin zövqünü oxşayıb.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə elan olunan qeyri-iş günlərində istirahət kompleksində dincələnlər arasında xeyli əcnəbi olsa da, qonaqların çoxu yerli turistlərdir. Bayram günlərində Şahdağ Turizm Mərkəzini ziyarət edən turistlərin əksəriyyəti xizək yollarından və kanatlardan istifadə edib.

Gülnar Mustafayeva bildirib ki, hər il olduğu kimi, xidmət növlərinin istər sayında, istərsə də keyfiyyətində təkmilləşmə işləri aparılır. Bu il də mərkəz müxtəlif əyləncələrlə qış istirahətini və aktiv istirahəti sevənlərin könlünü oxşayır. Xizək və snoubord sürmə ilə yanaşı, aeroxizək və kvadrosikl turları, ziplayn, peyntbol, at üstündə gəzinti, uşaqlar üçün kirşələr, buz meydançası kimi 13 növ qış əyləncəsi qonaqların ixtiyarındadır. Eləcə də qarla örtülən Şahdağ yamaclarını yüksəklikdən seyr etmək imkanı verən tandem paraplan uçuşlarına da yaxın günlərdə start veriləcək. Bu adrenalin dolu əyləncəyə həddindən çox maraq göstərilir. Məhz buna görə də paraplan uçuşlarının qış mövsümündə də davam etdirilməsi nəzərdə tutulub.

Mərkəzin ərazisində 3 beşulduzlu (“Şahdağ Hotel və Spa”, “Pik Palace”, “Park Chalet”) və 1 dördulduzlu (“Zirvə”) hotel fəaliyyət göstərir. Hotellər təkcə qonaqlama xidməti ilə deyil, eyni zamanda, 20-ə yaxın iaşə obyekti (restoran, kafe və bar), sağlamlıq və fitnes mərkəzi, spa xidməti, xizəklərin icarəsi və satışı məntəqəsi, uşaq bağçası, konfrans zalı və s. kimi xidmətlərlə də qonaqların ixtiyarındadır. Azərtac