Fəqan Əliyev Birləşmiş Oksford Akademiyasının fəxri professoru adına layiq görülüb

0
71

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) ekologiya kafedrasının müdiri, Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, texnika elmləri doktoru, professor Fəqan Əliyev Birləşmiş Oksford Akademiyasının fəxri professoru adına layiq görülüb. Bu günlərdə Oksford sarayında liderlərin sammiti keçirilib. Tədbirdə elm, biznes iqtisadiyyat və tibb adamlarına fəxri adlar verilib. İki min nəfərin arasından seçilən qaliblərdən biri də professor F.Əliyevdir. Londona, Birləşmiş Oksford Akademiyasına dəvət olunan azərbaycanlı alimə fəxri professor diplomu təqdim edilib.

Professor F.Əliyev Rusiya Dövlət Memarlıq və İnşaat Elmləri Akademiyasının üzvüdür. Yüksək təşkilatçılıq bacarığına malik olan alim 1990-cı ildə “Günəş” Elmi-İstehsalat Birliyini, 1994-cü ildə Beynəlxalq Ekoenergetika Akademiyasını təsis edib. Elmi və təşkilati fəaliyyətinə görə Rusiyanın V.Boqoslavski adına qızıl medalı ilə təltif olunub. O, eyni zamanda, akademik Yusif Məmmədəliyev adına qızıl medala layiq görülüb.

Azərbaycan, rus və ingilis dilində çoxlu sayda kitab və elmi məqalənin müəllifi olan F.Əliyev Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti kimi respublikamızda 25 il ərzində 14 konqres və konfransın təşkilatçısı və sədri olub. Müxtəlif ölkələrdə, o cümlədən bir sıra Avropa ölkələrində, Amerika, Rusiya və Yaponiyada beynəlxalq konfranslarda məruzələrlə çıxış edib.

Alim hazırda AzMİU-da çalışır. Binalarda səmərəli enerji və bərpa olunan enerji texnologiyalarının tətbiqi, ekoloji təhlükənin qiymətləndirilməsi və radiasiya təhlükəsizliyi kimi mövzularda mühazirələr və inkişaf kursları təşkil edir. Avropa İttifaqı, UNIDO, UNDP, UNEP, USAID, Dünya Bankı və digər fondların dəstəyi ilə həyata keçirilən bir sıra beynəlxalq layihələrə rəhbərlik edib. F.Əliyev BMT-nin Avropa İqtisadi Komissiyasında “Rusiya Federasiyasının və MDB ölkələrində bərpa olunan enerji sektorunun inkişafı: regionlararası əməkdaşlığın perspektivləri” adlı layihədə milli ekspert kimi iştirak edib. Rusiya Memarlıq və İnşaat Akademiyasının, Beynəlxalq “AVOK” Assosiasiyasının üzvü, İslam Azad Universitetinin fəxri professoru və Beynəlxalq Hidrogen Enerji Assosiasiyasının müşaviridir.

Professor F.Əliyev Türkiyə, ABŞ, Böyük Britaniya, Fransa, Finlandiya, Danimarka, İran, Pakistan, Rusiya və MDB ölkələrində keçirilən beynəlxalq elmi forumlarda iştirak edib və mühazirələr oxuyub. Azərbaycanlı və xarici alimlərin iştirakı ilə “Enerji, ekologiya, iqtisadiyyat” mövzusunda on Beynəlxalq Bakı Konqresi keçirilib və bu forumların ingilis dilində nəşr olunan 15 cildlik materiallarının baş redaktorluğunu F.Əliyev edib.

F.Əliyev Azərbaycan, ABŞ, Finlandiya, Böyük Britaniya və Rusiyada nəşr olunan çoxlu sayda sənədlərin, ixtiraların, dərsliklərin və monoqrafiyaların müəllifi, “Enerji, ekologiya, iqtisadiyyat” və “Kainat” elmi-populyar jurnallarının, “Ekoenergetika” elmi jurnalının təsisçisi və baş redaktoru, eyni zamanda, “Biomedicine” jurnalı redaksiya heyətinin üzvüdür. azərtac