Bayram günlərində Qusara gələn turistlərin sayı 60-70 faiz artır

0
93

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə elan olunan qeyri-iş günlərində Qusar rayonuna turist axının artması ilə əlaqədar müvafiq hazırlıq işləri görülür. Rayondakı turizm mərkəzləri ilə yanaşı, mədəniyyət ocaqları da qonaqları yüksək səviyyədə qarşılamağa hazırlaşır. Qusar şəhərinin mərkəzindəki general Mahmud Əbilov adına meydanda böyük yolka qurulub, parklar bəzədilib.

Dekabrın 25-dən etibarən Qusar Dövlət Ləzgi Dram Teatrı rayon Mədəniyyət Sarayının səhnəsində “Qış nağılı” adlı bayram proqramı təqdim edəcək. Sakinlər və şəhərin qonaqları bir həftə ərzində maraqlı səhnə əsərinə baxa biləcəklər. Dekabrın 29-da isə Mədəniyyət Sarayının qarşısında konsert proqramı təşkil olunacaq.

Bayram günlərində Qusar Tarix-Diyarşünaslıq Muzeyi də gücləndirilmiş iş rejimində çalışacaq. “Şahdağ” Turizm Mərkəzinə və digər istirahət obyektlərinə üz tutan əcnəbi qonaqlar rayonun əsrarəngiz təbiəti ilə yanaşı, tarixinə də maraq göstərirlər. Bayram günlərində muzeyi ziyarət edənlərin sayı ikiqat artır.

Qusar Turizm İnformasiya Mərkəzindən verilən məlumata görə, bayram günlərində rayona gələn turistlərin sayı adi vaxtlara nisbətən 60-70 faiz artır. azərtac