Rəqibin futbolçuları mərhələni keçəcəklərinə əmindirlər

0
383

Çempionar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Zalsburq”la qarşılaşacaq “Qarabağ” bu gün Avstriyaya gedəcək. Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, çarter reysi ilə səfərə yollanacaq Ağdam təmsilçisi oyunun ertəsi günü vətənə qayıdacaq. Bu vacib qarşılaşma öncəsi hər iki tərəfdən fikir bildirənlər olub. Biz də baş məşqçi və futbolçuların açıqlamaları ilə sizi tanış edirik. Öncə “Qarabağ”lıların fikirləri ilə tanış olaq.

 

“Mümkünsüz heç nə yoxdur”

Ansi Aqolli (“Qarabağ”ın müdafiəçisi): “Zalsburq” üzərindəki qələbədən sonra komandada yaxşı atmosfer var. Çox gərgin və mübarizə dolu bir oyun oldu. Qələbə qazandıq, ancaq düşünürəm ki, hər şeyə Zalsburqda aydınlıq gələcək. Mərhələ adlamaq üçün səfərdə çox güclü rəqibə qarşı sonadək mübarizə aparacağıq. Təcrübəmlə komandama kömək etməyə çalışacağam. Daha öncəki klubum “Tirana” və Albaniya millisindəki təcrübəm isə hər zaman mənə kömək olur. Cavab matçında həmyerlim Admir Telinin olmamasına gəlincə, onun yoxluğu bizə çətinlik yaradacaq. Çünki Admir komandada stabil oyunu ilə seçilir”.

Qara Qarayev (“Qarabağ”ın yarımmüdafiəçisi): “Cavab oyununa hazırlaşırıq. Başa düşürük ki, Zalsburqda bizə daha çətin olacaq. Rəqib aqressiv oynamağa və hücum futbolu sərgiləməyə çalışacaq. Hamı bilirdi ki, biz necə komandaya qarşı oynayacağıq. Amma çətin olsa da, ilk görüşdə müsbət nəticə qazana bildik. Baxmayaraq ki, 2:1 hesablı qələbənin bizə heç nə vermədiyini anlayırıq. Reynaldo və Telisiz cavab matçında işimiz çətin olacaq. Amma mümkünsüz heç nə yoxdur. İtki varsa, onları əvəzləyəcək futbolçularımız, zədədən dönənlərimiz də var. Rəşad Sadıqovla Maksim Medvedev artıq komandaya kömək edə bilirlər. Düşünmürəm ki, 90 dəqiqə ərzində müdafiə olunaq. Bizim də güclü tərəflərimiz var və ondan yararlanmağa çalışacağıq. Bizə sadəcə, azarkeşlərimizin yoxluğu hiss oluna bilər. İlk oyunda onlar bizi möhtəşəm dəstəklədilər. İnanılmaz atmosfer var idi. Hələ belə dəstəklənməyimizi xatırlamıram. Belə dəstək olsa, həmişə yaxşı nəticələr qazana bilərik.

 

“Səfər qolu bizim üçün çox vacibdir”

Adolf Hütter (“Zalsburq”un baş məşqçisi): “Ölkə çempionatı başlayandan məğlub olmuruq. “Qarabağ”a məğlubiyyət ilk oldu. İtirdiyimiz oyunun gərginliyi var. Oynamaq üçün hər şey var. Əsas odur ki, komandada enerji var. Nəticədən razı deyiləm. Oyuna bir az gərgin başlamışdıq deyə, ilk hissədə rəqib bundan istifadə etdi. Ancaq ikinci hissədə açıq-aşkar idarəni ələ almışdıq. Ancaq səfərdə vurduğumuz qol bizim üçün çox vacibdir”.

Martin Hinteregger (“Zalsburq”un müdafiəçisi): “Çempionlar Liqasında mübarizəmizi davam etdirməyə çalışırq. Çərşənbə günü bizi daha çətin oyun gözləyir. Səfərdə “Qarabağ”a uduzsaq da, doğma meydançada qələbə qazanacağımıza ümid edirəm. Ancaq bu, asan olmayacaq”.

Andreas Ulmer (“Zalsburq”un müdafiəçisi): “Biz səfərə qələbə üçün yollanmışdıq. Ancaq qapımızdan buraxdığımız erkən qol planlarımızı pozdu. “Qarabağ”ın oyununu analiz etmişdik. Bilirdik ki, komanda texnikalı və sürətli futbolçulara malikdir. Düzü, “Qarabağ”dan belə oyun gözləmirdik. Onlar fikirləşdiyimizdən də yaxşı çıxış etdilər. Ancaq bizim bir çox epizodlarda bəxtimiz gətirmədi. Əslində hesab oyuna görə olmadı. Qalib gələ bilərdik. Mərhələnin taleyini növbəti oyunda həll etməliyik. Cavab qarşılaşmasında istədiyimiz oyunu nümayiş etdirəcəyik. Mərhələni keçmək şansı bizdə daha çoxdur”.

Kevin Kempl (“Zalsburq”un yarımmüdafiəçisi): “Erkən qolun ardınca 30 min möhtəşəm azarkeşin önündə oynamaq elə də asan deyildi. Komanda meydanda canını qoydu. Xüsusilə ikinci hissədə biz gücümüzü göstərə bildik. Təəssüf ki, əlimizə düşən qol imkanlarından yararlana bilmədik. Əvəzində isə rəqib bizi ikinci qolla cəzalandırdı. Ancaq biz artıq cavab oyununa köklənmişik”.

 

Oyun şotland hakimə tapşırıldı

Bu arada, avqustun 6-da baş tutacaq “Zalsburq” – “Qarabağ” matçının hakimləri müəyyənləşib. “Red Bull Arena”da baş tutacaq görüşü şotlandiyalı referi Robert Madden idarə edəcək. Onun köməkçiləri həmyerliləri Qraham Çambers və Alastair Mazer olacaqlar. Dördüncü hakim funksiyasını isə Briyan Kolvin yerinə yetirəcək. Oyun Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk görüş təmsilçimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here