Kənan Hüseynzadə: “Jurnalist olduğuma görə fəxr edirəm”

0
754

“Yeni Tərtər” qəzetinin əməkdaşlarından biri – fotomüxbir Kənan Hüseynzadə uzun illərdir döyüş bölgələrindən hərbçilərimiz haqqında yazılar, fotolar hazırlayıb mətbuat vasitəsi ilə ictimaiyyətə çatdırır. Bu dəfə Tərtərə yolum düşəndə onunla görüşmək qərarına gəldim.

Mənim fikrimcə, ön cəbhədən yazan jurnalist özünü döyüşçülərin sırasında hiss etməlidir. Yəni özünü səngərdə sanmalı və gərgin anları, çətinlikləri yaşamalıdır. Bir də… hansı materialı necə işləməyi bilməlidir. Bəli, bu kimi onlarla elementlər var ki, ordudan yazan jurnalist onlardan agah olmalıdır. Bunları bilmədən ordudan, ön cəbhədən, döyüşən əsgərlərdən nə yazmaq olar? Elə bu kimi suallarla da Kənan bəyə müraciət etdik.

Kənan bəyin sözlərinə görə, hərbidən, ordudan yazan jurnalistin ordu sıralarında xidmətdə olması və ordu həyatını görməsi vacibdir: “Hərbi xidmətdə olmayan jurnalist hərbidən, döyüş bölgəsindən nə yaza bilər axı? Yazsa da, inandırıcı, tutarlı olmaz”. Daha sonra o dedi: “Əvvəlcə, gedəcəyim obyekt, həmçinin görüşücəyim şəxslər barədə məlumat toplayıram. Mənim aləmimdə, bu, mütləqdir. Belə olanda obyektlə, şəxslərlə bağlı hazırlanan məqalələr daha maraqlı olur”. Onun sözlərinə görə, bəzən jurnalistlər öz yazılarında bilməyərəkdən düşmən tərəfə müəyyən məlumat ötürə bilərlər: “Ona görə də bu sahə ilə bağlı yazı yazanda yüz ölçüb bir biçmək lazımdır”. “Cəbhə bölgəsində olarkən siz də əlinizə silah alırsınızmı?” sualına isə o belə cavab verdi: “Jurnalist heç bir halda əlinə silah almamalıdır. Çünki düşmən tərəfə əsir düşərsə, onunla beynəlxalq qanunlara əsasən davranılmalıdır. Bildiyiniz kimi, jurnalistlərin toxunulmazlıq hüququ var”.

Kənan bəy həmçinin vurğuladı ki, hərbçilərimizlə görüşərkən, onlardan müsahibələr alarkən bir jurnalist kimi onlara mənəvi dayaq olmağa da çalışır: “Yəni onlarda ruh yüksəkliyi, döyüş əzmi yaratmağa çalışıram. Məsələn, onlara deyirəm:

“Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi islahatlar, görülən işlər nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordusuna çevrilib. Bu gün artıq hər kəs inamla deyə bilər ki, Silahlı Qüvvələrimiz dövlətimizin başçısının hər bir əmrini yerinə yetirməyə, ölkəmizin ərazi bütövlüyünü təmin etməyə və düşmənə layiqli cavab verməyə qadir olan qüdrətli ordudur. Bəli, Azərbaycan Ordusu məhz sizin kimi hərbçilərin sayəsində uğurlara imza atmaqdadır”.

Həmsöhbətimiz söhbətinin bu yerində bir məqama da toxundu: “İnandırım sizi, səngərlərdəki əsgərlərimiz bizi ön cəbhədə görəndə elə sevinirlər ki… Sözün düzü, onların bu hisslərini, sevinclərini bəzən yazanda çətinlik çəkirəm”.

Onu da qeyd edək ki, Kənan bəy təkcə döyüş bölgələrində yox, həmçinin şəhid ailələri ilə də mütəmadi əlaqə saxlayır. Dediyinə görə, onların problemlərini işıqlandıranda, onlara bu yolla yardımçı olanda bir rahatlıq tapır.

“Döyüş bölgəsində jurnalist kimi fəaliyyət göstərmək çətindirmi?” sualına isə Kənan bəy: “Həm çətindir, həm də şərəflidir” cavabını verdi: “Şəxsən mən jurnalist olduğuma görə fəxr edirəm”.

Kənan bəyin sözlərinə görə, Tərtərin döyüş bölgəsinə xarici jurnalistlər tez-tez baş çəkirlər: “Məni də İcra Hakimiyyətindən onlara bələdçi kimi təyin olunuram. Və imkan daxilində onlara Azərbaycan həqiqətlərini çatdırıram”.

 

Qeyd edək ki, Kənan Hüseynzadə Aprel döyüşlərində də fəal iştirak edib. Elə buna görə də Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İB-nin İdarə Heyətinin “Vətən Naminə”medalı ilə təltif olunub”.

Yeri gəlmişkən, Kənan bəy 2006-cı ildən “Yeni Tərtər” qəzetində fotomüxbir kimi çalışır: “Bu müddətdə qəzetin baş redaktoru Tofik Yusifov mənə dəstək olub. Onun mənəvi yardımını həmişə üzərimdə hiss etmişəm. Elə məndə hərbi jurnalistikaya həvəsi də redaktorumuz Tofik müəllimin vətənpərvərlik mövzusunda yazdığı kitablar oyadıb: “Tofik müəllimin kitablarını oxuyarkən bir daha əmin olursan ki, sanki o bu sahə üçün doğulub”.

Söhbət əsnasında həmsöhbətimiz Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun da cəbhə bölgəsinə olan diqqətindən də söz açdı.

Esmira Hidayətova, Tərtər