Mingəçevirin Yol polisi maarifləndirici reydləri davam etdirir

0
480

Mingəçevir şəhər Polis şöbəsinin DYP bölməsi növbəti dəfə piyadalarla bağlı proflaktiki reyd keçirib. Məqsəd piyada axınının intensiv olduğu yerlərdə hərəkətin təhlükəsizliyini təmin etməkdən ibarət olub.

Mingəçevir şəhər Polis şöbəsinin Yol Polisi bölməsinin təbliğat və təşviqat üzrə inspektoru Xətai Məmmədov reyd zamanı qaydanı pozan piyadalara yol hərəkəti qanunları ilə bağlı ətraflı məlumat verib. Saxlanılan sakinlərin çoxu qayda pozuntularını tələskənlikləri ilə izah etməyə çalışıblar.

Saytımıza reydlə bağlı açıqlama verən Mingəçevir DYP bölməsinin inzibati təcrübə üzrə polis baş leytinantı Tahir Qarayev bildirib ki, həm yol hərəkəti qaydalarını pozan sürücülərlə, həm də piyadalarla bağlı mütəmadi reydlər keçirilir: “Yol hərəkəti qaydalarını təkcə sürücülər yox, piyadalar da pozurlar. Biz piyadaları başa salırıq ki, küçəni onlar üçün ayrılmış yerlərdən keçsinlər. Amma nədənsə bir çox piyadalar piyada keçidlərindən istifadə etmək istəmirlər. Nəticədə də xoşagəlməz hadisələr baş verir. Piyadaların yolun hərəkət hissəsinin, yaxud yol keçidinin müəyyən olunmayan yerindən keçməsi qayda pozuntusudur və inzibati məsuliyyət yaradır.

Yeri gəlmişkən, onu da qeyd edim ki, qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, həm də Yeni il gəlir. Təbii ki, bununla bağlı şəhərimizə avtomobilləri ilə gələn qonaqların sayı çox olacaq. Bu mənada şəhər sakinlərinin bir daha maarifləndirilməsini də vacib bildik. Ümid edirik ki, şəhər sakinləri reydlərimizdən nəticə çıxaracaqlar”.

Esmira Hidayətova, Mingəçevir