Qatır Məmmədi zərərsizləşdirən Cümhuriyyət naziri

0
476

Gələn il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.

 

Modern.az saytı 1918-ci il 28 may tarixində əsası qoyulan bu möhtəşəm tarixə aid “AXC-100” silsiləsi altında hazırladığı müsahibə, araşdırma, məqalələrini davam etdirir.

 

Bu dəfə Cümhuriyyət dövründə iki vəzifəni yerinə yetirən böyük şəxsiyyət, həkim Xudadat bəy Rəfibəylidən danışacağıq. O, həm Azərbaycan Cümhuriyyətinin səhiyyə naziri, həm də Gəncə qubernatoru olub.

 

Ümumiyyətlə, Gəncənin Rəfibəylilər nəsli çox məşhur nəsildir.

 

DOSYE – Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyli 1877-ci il yanvarın 12-də Rusiyanın işğalından sonra adı dəyişilərək Yelzavetpol edilən Gəncə şəhərində əsilzadə ailəsində doğulub.

Gəncə gimnasiyasını bitirdikdən sonra təhsilini Xarkov İmperator Universitetinin Tibb fakültəsində davam etdirən Xudadat bəy Rəfibəyli 1904-cü ildə oranı uğurla bitirsə də, vətənə dönməyə tələsmir. Həmin universitetin qospital-klinikasının cərrahiyyə şöbəsində 3 il ordinator işləyərək peşəkar cərrah kimi formalaşır.

Xarkovda oxuyarkən tələbə dostları ilə birlikdə “Həmyerlilər” dərnəyini qurur. Bu dərnəkdəki ictimai fəaliyyəti ona gələcəkdə də lazım olur. 1907-ci ildə Gəncəyə qayıtdıqda o, Yelizavetpol qubernatorun əmri ilə şəhər xəstəxanasına rəhbər təyin edilir. 1909-cu ildə səmərəli fəaliyyəti, peşəkarlığı və qüsursuz xidməti nəzərə alınaraq titulyar müşavir,  1910-cu ildə kollej asessoru, 1912-ci ildə saray müşaviri  rütbələri verilib və 1909-cu  ildən Gəncə Mahal Məhkəməsində fəxri barışıq hakimi təyin edilib.

 

Araşdırmaçı jurnalist Əli Şamil Modern.az-a açıqlamasında Xudadat bəy haqqında bir sıra maraqlı faktları qeyd edir:

“ 1918-ci ilin yanvarında baş vermiş bu toqquşmada yaralanları müalicə etmək üçün Xudadat bəy Rəfibəyli Zəyəmdə səyyar hospital təşkil etmiş, çətin şəraitdə yaralılara cərrah kimi əlindən gələn köməyi əsirgəməmişdir. Beləcə neçə-neçə yaralını ölümdən qurtarmışdı. Cərrahi əməliyyatdan sonra da yaralıları Gəncədəki  xəstəxanaya gətirtdirərək sağalanadək onların qayğısına qalır.  Xudadat bəy Rəfibəylinin bu insanpərvərliyindən təsirlənən rus hərbçilərindən bəziləri şükranlıq borclarını yerinə yetirmək üçün yeni yaranmaqda olan Azərbaycan ordusunun formalaşmasına yardımçı olurlar.

 

Xalq arasındakı nüfuzunu, təşkilatçılıq bacarığını nəzərə alaraq 1918-ci il iyunun 17-də  Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci hökumət kabinəsi Gəncədə təşkil ediləndə Baş Nazir Fətəli xan Xoyski Xudadat bəy Rəfibəyliyə Xalq Səhiyyəsi və Himayədarlıq Naziri olmağı təklif etmişdir. Heç zaman vəzifə tutmaq istəməyən, məmur işindən uzaq olmağa çalışan, xalqına həkim-cərrah kimi xidmət etməyə üstünlük verən Xudadat bəy Rəfibəyli vətənin dar günündə bu təklifi rədd etmir. O, heçdən bir nazirlik apparatı formalaşdırmağa başlayır. Nazirlik və nazirlik apparatı haqqında geniş bilgisi olmasa da, apparat üçün hansı şöbələrin gərəkliliyini müəyyənləşdirir, o şöbələrdə işləyə biləcək kadrları tapıb işə cəlb edir”.

 

 

X. Rəfibəylinin əzabları bundan sonra artır. O, səhiyyə sistemi formalaşmayan gənc dövlətdə bütün işləri öz üzərinə götürür.

 

Həmin dövrdə Xudadat bəy Rəfibəylinin təşəbbüsü və rəhbərliyi ilə tibb müəssisələrinin genişlənməsinə başlanır, xəstəxanalar, ambulatoriyalar, həkim və feldşer məntəqələri açılır, dövlət hesabına pulsuz müalicəxanalar yaradılır, yoluxucu xəstəliklərə qarşı profılaktik tədbirlər həyata keçirr. Yeni müalicə ocaqlarının binövrəsi qoyulur. 1918-ci  ilin dekabrında Fətəli xan Xoyskinin rəhbərlik etdiyi 2-ci hökumət istefa verdikdə, Xudadat bəy Xalq Səhiyyəsi Naziri vəzifəsindən çıxır.

 

Ən maraqlısı budur ki, Azərbaycanda səhiyyə anlayışını formalaşdıran Xudadat bəy sonradan tamam ayrı profil üzrə işə başlayır. Əli Şamili dinləyək:

“Xudadat bəy Rəfıbəyli Səhiyyə Naziri vəzifəsindən istefa verib Gəncəyə dönərək cərrahlığını davam etdirsə də, gənc Azərbaycan hökuməti nəcib adamın yüksək peşəkarlığınıdan, bölgədə böyük nüfuzundan istifadə etməyi qərara alır. 1919-cu ilin mayında onu Gəncə quberniyasının qubernatoru vəzifəsinə təyin edir.

 

Xudadat bəy Rəfıbəyli qubernatorluğa başladığı ilk gündən Gəncə quberniyası ərazisindəki Daşnaksütyun Partiyasının silahlı dəstələrinin, Andronikin başçılıq etdiyi silahlı qruplaşmaların müsəlman kəndlərinə basqınının qarşısını almağa çalışır. Bolşeviklərin, anarxistlərin və Rusiya tərəfdarları olan müsəlmanların törətdikləri təxribatların da qarşısı alınır. Qatır Məmmədin quldur dəstəsinə qarşı sərt tədbirlər görülür. Hərc-mərcliyə, soyğunçuluğa son qoyulması, asayişin bərqərar edilməsi, sabitlik yaradılması üçün lazımı işlər görülür. Nəticədə, quberniya quldur dəstələrindən təmizlənir, erməni terrorçuları zərərsizləşdirilir, əmin-amanlıq xeyli möhkəmləndirilir.

 

Erməni-daşnak quldur dəstələrinin törətdikləri qanlı cinayətlər, vəhşiliklər nəticəsində Zəngəzurdakı, Göyçədəki, Dərələyəzdəki və başqa bölgələrdəki  yurd-yuvalarından didərgin düşmüş 20 mindən çox soydaşımızı Gəncə mahalında yerləşdirilmiş, onlara ilkin yardım göstərilmiş, ərzaq məhsulları ilə təmin edilmiş, yaralılara və xəstələrə tibbi xidmət göstərilmiş, müvəqqəti sığınacaqlar verilmişdir. Bütün bu işlərin başında duran isə Gəncənin qubernatoru Xudadat bəy Rəfıbəyli idi”.

 

 

1920-ci ilin aprelində  yerli sosialistlərin, rusiyapərəst qüvvələrin yardımı ilə bolşeviklər Azərbaycanı işğal etdikdə Xudadat bəy Rəfibəyli bəyanat verərək vəzifəsini dayandırdığını bildirir. Bəyanatda deyir: “Bir ilə yaxın müddətdə Gəncə qubernatoru vəzifəsini icra edərkən əmin oldum ki, həm quberniya idarəsinin və qubernator dəftərxanasının qulluqçuları, həm də mənə tabe olan polis idarəsinin məmurları onlara həvalə olunmuş vəzifələri vicdanla yerinə yetirmiş və quberniyada asayiş, sülh və əmin-amanlıq yaratmaq işində mənə kömək etmək üçün var qüvvələrini əsirgəməmişlər. Ona görə də qubernator vəzifəsini tərk edərkən adlarını saydığım idarələrin qulluqçularına çəkdikləri zəhmətə və qeyrətli işlərə görə səmimi minnətdarlıq etməyi özümə mənəvi borc bilirəm. Ümidvaram ki, onlar Azərbaycan Respublikasının tərəqqisi və çiçəklənməsi naminə öz vəzifələrini indən belə də vicdanla və səylə yerinə yetirəcəklər”.

 

Lakin bu bolşevik hökuməti idi. Xudadat bəyin bu alicənablığını bağışlamaq gücündə deyildir. Odur ki, 1920-ci il mayın 12-də onu həbs edib Bakıya aparırlar. Qısa sürən istintaqdan sonra vətənsevər millət fədaisi Xudadat bəy Rəfibəyli iyunun 1-də Xəzərin kiçik bir adasına aparılaraq güllələnir. Xudadat bəy  Rəfibəylinin xanımı Cəvahir 3 kiçik yaşlı  uşaqla birlikdə taleyin ümidinə qalır. Ataları qətlə yetiriləndə Kamilin 11, Rəşidin 9, Nigarın isə 7 yaşı vardı.

 

Əli Şamilin sözlərinə görə, Xudadat bəyin aralarında gələcəyin xalq şairi olan Nigar xanımın da olduğu ailəsi onun ölümündən sonra çox əzab çəkir:

“1930-cu  ilin oktyabrında Gəncə şəhər Soveti Rəyasət Heyəti Cəvahir xanımın ailəsi ilə birlikdə, əmlakı müsadirə olunmaqla keçmiş Gəncə dairəsi hüdudlarından çıxarılması haqqında qərar qəbul edir. Xudadat bəy Rəfıbəylinin böyük oğlu Kamil bəy təqiblərdən yaxa qurtarıb  Türkiyəyə sığına bilir və ömrünün sonuna kimi Türkiyədə həkimlik edir”.

 

Nigar Rəfibəyli haqqında isə əlavə sözə ehtiyac yoxdu.

 

E. Nihad