Ərdoğan: “Türkiyənin demokratik iradəsini dollarla satın ala bilməzsiniz“

0
290

“ABŞ Türkiyənin siyasi iradəsini pulla satın ala bilməz”. Bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“ABŞ prezidenti təhdid edir. Bu nə təhdiddir? “Biz milyardlar veririk, bizim düşüncəmizin əksinə hərkət edənlər var. Bunları tək-tək qeyd edirik” deyib. Amerikaya demokratiyanın beşiyi deyirlər. Türkiyənin demokratik iradəsini dollarla satın ala bilməzsiniz“, -deyə dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, iki gün əvvəl BMT Təhlükəsizlik Şurasında Qüds məsələsi müzakirə edilib. Şuranın 15 üzvündən 14-ü Qüdsün bütövlükdə İsrailin paytaxtı olması ilə bağlı ABŞ-ın qəbul etdiyi qərarın əleyhinə səs verib. Həmin toplantıda ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib ki, qətnamənin əleyhinə səs verən dövlətlərin adlarını öz dəftərçəsində qeyd edir. O, bu qətnaməni öz dövləti üçün “təhqiredici” adlandırıb.

N.Heyli BMT-yə üzv olan 193 ölkədən 180-nin təmsilçilərinin elektron ünvanlarına məktub göndərərək xəbərdarlıq da edib: “Səs verərkən bunun ABŞ-ın şəxsi məsələsi olduğunu düşünməyinizi istəyirəm. Prezident (Donald Trampı nəzərdə tutur – S.İ.) səsverməni şəxsən izləyəcək. O, məndən bizə qarşı səs verən dövlətlərin adlarını istədi. Ona görə də bütün səsləri qeydə alacağıq”.

ABŞ prezidenti Donald Tramp Ağ evdə çıxışı zamanı Nikki Heylinin çıxışını dəstəklədiyini vurğulayıb: “Onlar bizim pulu götürüb bizə qarşı səs verirlər. Onlar yüz milyonlarla, hətta milyardlarla dollar vəsait alırlar, sonra isə bizə qarşı səs verirlər. Biz bu səsləri görürük”.

O, həmin dövlətlərə maliyyə yardımını kəsərək ABŞ-ın belə halda daha çox qənaət edə biləcəyini qeyd edib. Report