Əli Rzayev: “Özüm hazırlayıram, özüm də satışını təşkil edirəm”

0
347

Ta qədimdən müxtəlif el sənət növlərinin yaşadılması və ölkəmizdə mədəni irsin qorunub saxlanılmasının xalqımızın zəngin mədəniyyətinin təbliğində əvəzsis yeri olub. Bu sənəti yaşadanlardan biri də Mingəçevirdə yaşayır. Mingəçevirdə məskunlaşmış əslən Kəlbəcərdən olan məcburi köçkün. 60 yaşlı Əli Rzayev qədim el sənətinin nümunələrini hazırlayıb gündəlik çörək pulunu çıxarmaq üçün satışını da təşkil edir.

 

Yerli sənətkarın  hazırladığı əşyalar Mingəçevirdə hər kəsin marağına səbəb olub. Bü günlərdə Əli usta ilə görüşdük. Xudmani emalatxanasında hazırladığı taxta əşyalarla – məişət avadanlıqları ilə tanış olduqdan sonra ona bir neçə sualla müraciət etdik. Dediyinə görə, bu sənətə 4-cü sinifdən maraq göstərməyə başlayıb: “O vaxt kiçik bir oxlov düzəltmişdim. Onda nə dəzgah vardı, nə də rəndə. Bir baltam vardı, bir də ayna, bunlar mənim avadanlıqlarım. İndi Allaha şükür, hər şey var”.  O bu sözlərdən sonra bir əşyanı bizə göstərərək dedi: “Hazırladığım bu vərdənə (xəmir və s. yaymaq üçün ağacdan və s.-dən qayrılan silindrşəkilli alət- red.) ən qədim məişət əşyalarımızdan biridir. Əldə rahat işlətmək mümkündür. Bunlardan başqa sandıq, şamdan, çömçə, qaşıq da hazırlayıram. Düzəltdiyim bu əşyaların kifayət qədər alıcıları da var. Bu əşyalara gənc xanımlar daha çox maraq göstərirlər. Balaca sandıqçaların da müştərisi çoxdur”.

 

Usta bu əşyaları armud, yemişan, cökə ağaclarından hazrıladığını bildirdi: “Onu da deyim ki, biz bu ağacları əldə etmək üçün meşə qırmırıq: Balakən, Zaqatala bölgələrindən pulla alırıq. Bir il saxlayıb quruduruq, daha sonra istifadə edirik”.

Qiymətlərlə də maraqlandıq. Çömçələr 5-6, vərdənələr 3-5, yasəmən ağacından hazırlanan şirniyyat üçün oxlovlar isə 10 manata satılır. Usta ət kötükləri, həvəngdəstə, hətta taxtadan yumurta da hazırlayır.

Dediyinə görə, o, hazırladığı məhsulların satışını da elə özü təşkil edir.

Esmira Hidayətova, Mingəçevir