“Şahdağ” Turizm Mərkəzində sayca 6-cı qış mövsümü başlayıb

0
69

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan və Azərbaycan turizm tarixində ən genişmiqyaslı layihə hesab olunan “Şahdağ” Turizm Mərkəzində sayca altıncı qış mövsümü dekabr ayının 16-dan etibarən açıq elan edilmiş, ağappaq qarla örtülmüş Şahdağ yamacları xizək həvəskarlarının istifadəsinə verilmişdir.

Bu tarix xizək mövsümünün açılışını həsrətlə gözləyənlər üçün bayram əhval-ruhiyyəsi ilə yadda qalmış, açılış gününə özəl olaraq yerli brendlərdən ibarət qış yarmarkası ilə yanaşı, canlı musiqi ilə müşaiyət olunan konsert proqramı təşkil olunmuşdur.

İlk dəfə olaraq məhz açılış günü mərkəzdə bu qədər izdiham yaşanaraq, gün ərzində mərkəzi 3000-dən çox turist ziyarət etmişdir. Keçən il qış mövsümü ərzində 95 000-dən çox turist qəbul edən mərkəzə üz tutan turistlərin, eləcə də xarici turistlərin sayının ilbəil artdığından bu mövsümün keçən ilki rəqəmləri üstələyəcəyi proqnozlaşdırılır.

Açılış günü maraqlı anlar yaşanmış, üç il əvvəl məhz Şahdağda tanış olan cütlük toy mərasimlərini qeyd etmək üçün bəyaz Şahdağ yamaclarını seçmişlər.

Hər il olduğu kimi bu il də xizək və snoubord sürmə ilə yanaşı 13 müxtəlif qış əyləncəsi ilə də turistlərin ixtiyarına verilmişdir. Ənənəvi əyləncələr sırasına parapalan (dağ paraşütü) xidməti də əlavə edilmişdir. Qeyd edək ki, bütün əyləncələrdən istifadə zamanı turistlər hər cür təhlükəsizlik ləvazimatları ilə təmin edilir və daim bələdçilərin nəzarəti altında  olurlar.