Kənar şəxslərə, yoxsa kənar şəxslərin?

0
569

 

Son günlər elektron poçtuma bir-birindən maraqlı yazılar gəlməkdədir. Həmin yazıların əksəriyyəti söz açdığım mövzularla bağlıdır. Kimi mənə “sağ ol” deyir, kimi də belə “zarafatlar”dan əl çəkməyimi məsləhət görür. Hətta bəziləri atdığım daşların bir gün öz başıma düşəcəyini də bildirirlər. Sözün düzü, belə alqışlar, belə məsləhətlər maraq dairəmdə olmadığı üçün onlara o qədər əhəmiyyət vermirəm. Həmin məktubların arasında: “Səni görmək istəyirik” sözləri ilə bitənlər mənə çox maraqlı gəldiyindən onları cavabsız qoymuram. Allah kəssin bu görmək sözünü də… Bəli, onlardan birinə məktub yazıb bildirdim ki, bəs məni görməyə ehtiyac yoxdur. Üstəlik, şəklim də yazılarımın böyründən verilir. Bir neçə saniyə keçməmiş həmin adamdan cavab gəldi: “Gəl, mütləq səni görməliyəm”.

Bəli, otaqdan çıxmaq istəyirdim ki, elektron poçtuma daha bir məktub gəldi. Tənbəllik etmədim, onu da açdım. Həmin məktubun məzmunu ilə sizi də tanış edirəm: “Çox hörmətli “Qəmiş”. Bu günlərdə bir idarədə olarkən qapıların birinin üstündə yazılmış “Kənar şəxslərə giriş qadağandır” sözləri diqqətimi cəlb etdi. Nə qədər fikirləşdimsə, bu kəlmənin mahiyyətinə vara bilmədim ki, bilmədim. Necə yəni kənar şəxslərə giriş qadağandır? Sizə elə gəlmirmi ki, bu cümlədə bir anlaşılmazlıq var? Vallah, lap dərindən fikirləşəndə çox pis bir məna verir e… kənar şəxslərə giriş… Hər halda mənə elə gəlir. Kim bilir, bəlkə də mən yanılıram? Xahiş edirəm, sualıma ətraflı cavab verəsiniz. Ya da bununla bağlı bir yazı yazasınız”.

Çox hörmətli, həm də olduqca dəyərli oxucum, əvvəla qeyd edim ki, hazırda yol üstəyəm. Odur ki, bununla bağlı ətraflı bir yazı yazmaq imkanım xaricindədir. Bir oxucuma söz vermişəm, onunla görüşə gedirəm. Buna baxmayaraq, məktub yazıb nəzərinizə çatdırmaq istəyirəm ki, belə bir cümlənin bəzi mötəbər qurumların qapılarının üzərində görünməsi yeni deyil. Yəni əksər yerlərdə buna rast gəlmək mümkündür. Hətta bəzi yerlərdə “giriş” sözündən sonra “qəti” də əlavə olunur. Yəni “kənar şəxslərə giriş qəti qadağandır”. Lakin bizim ziyalılar nədənsə hələ də buna əhəmiyyət vermirlər. Yəni belə bir cümlənin doğru olmadığını demirlər. Odur ki, son illər bəzi yerlərdə buna oxşar ifadələrin sayı artmaqdadır. Məsələn, bir neçə gün öncə metronun “Nərimanov” stansiyasının platformasında bələdçiyə məxsus stulun yanında asılmış bir xəbərdarlıq diqqətimi cəlb etdi: “Kənar şəxslərə oturmaq qadağandır”. Vallah, dilimizin qayda-qanunlarından az-çox başı çıxan bir adam kimi deyə bilərəm ki, heç mən özüm də bu ifadənin mənasını başa düşmədim, sizin sözünüz olmasın, necə yəni kənar şəxslərə oturmaq?

Bir istədim stansiya rəisinə iradımı bildirim, lakin son anda fikrimdən vaz keçdim. Çünki həmin ifadənin doğru olmadığını ona necə anladacağımın yolunu tapa bilmədim. Bir də qorxdum ki, rəis həmin xəbərdarlıq elanında tutduğum səhvi mənim savadsılığım kimi yoza. Deyəsən, sizin konkret sualınızdan uzaqlaşdım axı, mənim dəyərli oxucum. Amma bir qədər də yox… Uzun sözün qısası, mənə elə gəlir ki, həmin cümlə əslində belə yazılmalıdır: “Kənar şəxslərin girişi (daxil olması) qadağandır”. Hər halda mənə belə gəlir. Yəqin ki, bununla bağlı son sözü dilçilərimiz deyərlər. Onlarla da məsləhətləşib sizə dəqiq bir cavab verərəm”.

Məktubu yollayıb yerimdən qalxmaq istəyirdim ki, poçtuma yeni bir məktub daxil oldu. Dedim, buna da baxım, görüm nə yazırlar. Bəli, həmin oxucu yazırdı: “Qəmiş” qağa, sizi bir məsələyə görə narahat etmək istəyirəm. Bir mənə deyin görüm, niyə bizim dövlət rəmzlərimizdən sayılan səkkizguşəli ulduzdan naxış kimi istifadə olunub ayaqlar altına “sərirlər”. Məsələn, metronun Elmlər Akademiyasının platformasında, eləcə də Tbilisi prospektindəki yerüstü piyada keçidində nə qədər desən belə naxışa rast gəlmək mümkündür. Sizi bilmirəm, mənim yolum həmişə bu məkanlardan düşəndə həmin ulduzları tapdalamamağa çalışıram. Görəsən, niyə bizimkilər belə edirlər?” Sözün düzü, oxucuya nə cavab verəcəyimi bilmədim. Sadəcə, yaman yerdə axşamladım deməklə kifayətləndim.

Heç hirsimdən söz verdiyim şəxsin də görüşünə gedə bilmədim. Ay oxucular, elə belə edirsiniz ki mən də sizin görüşünüzə gələ bilmirəm də.  Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here