Hədiyyə

0
295

 

Yer üzünün xəlifəsi olaraq yaradılmış insan sosial varlıqdır. O, mövqe və imkanlarından asılı olmayaraq, başqa insanlarla ünsiyyət saxlamağa, sevincini, kədərini onlarla bölüşməyə məcburdur. Günümüzdə insanlararası münasibətlər o qədər zəifdir ki, istənilən an dost düşmənə çevrilə bilir.

Dinimiz insanlar arasında münasibətləri yüksək səviyyədə, sevgi və qarşılıqlı hörmət əsasında nizamlamağı tövsiyə edir. Əbəs deyil ki, islamda sevgi və məhəbbət ibadətlərin böyüklərindən və iman əsaslarından olaraq qəbul edilmişdir. Rəsulullah Əfəndimiz (s.ə.s): “Nəfsim qüdrət əlində olan Zata and olsun ki, bir-birinizi sevmədikçə kamil anlamda iman etmiş olmazsınız”, – demişdir.

İnsanları bir-birinə yaxınlaşdıran, onları bir-birinə sevdirən, qəlblərində mərhəmət hissi yaradan vasitələrdən biri də hədiyyələşməkdir. Hədiyyə sevgini bildirmək istədiyin insana bütün hiss və düşüncələrinin rəmzi kimi əhəmiyyət daşıyır. Peyğəmbər Əfəndimiz (s.ə.s) insanların bir-biriləri ilə əlaqələrini kəsməməsi və münasibətlərinin qırılmaması üçün hədiyyələşməyi əmr edər, hədiyyənin, alanı kar və kor etdiyini bildirirdi. Yəni hədiyyə alan hədiyyə sayəsində hədiyyə verənin pis sözlərini eşitməz, pis işlərini də görməz olur.

Dinimizdə gözəl əxlaq hesab olunan hədiyyələşmə insanları yaxınlaşdırır, onların sevgisini dərinləşdirir, xeyirə vəsilə olur. Uca Kitabımızda deyilir: “Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmazsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi biləndir! (Ali İmran – 92)

Hədiyyələşmək heç də həmişə maddi bir şey vermək, onu əldə etmək imkanın yoxdursa, sıxıntı yaşamaq demək deyil. Sevgili Peyğəmbərimiz (s.ə.s.) buyurmuşdur: “Verəcək heç bir şeyiniz yoxsa, müsləman qardaşınıza bir təbəssümlə baxmanız belə yetərlidir.”

Dünyada ən çox sevilən, əsərləri qırx yeddi dildə, qırx altı milyon nüsxə ilə çap olunan Spenser Consonun bir əsərində bu incə məqam necə də gözəl təsfir olunur: “Adam üç yaşındakı qızını, bahalı bir hədiyyə bükmə kağızını zay etdiyi üçün danlamışdı. Balaca qız bir paket qızıl zərli kağızı bir qutunu əyri-üyrü bükmək üçün işlətmişdi. Bayram sabahı balaca qız qutunu gətirib: “Bu sənin üçündür, atacan”, – deyəndə adam üzüldü, qızına qarşı sərt davrandığından utandı. Lakin bükülmüş qutunu açanda yenidən qəzəbləndi. Qutunun içində heç nə yox idi və yenə bağırdı: “Birinə hədiyyə verərkən qutunun içinə bir şey qoymaq lazımdır. Bunu da bilmirsən?

Gözləri dolmuş qızcığaz atasına baxdı:

– O qutu boş deyil, ata, – dedi. – İçini öpüşlərimlə doldurmuşdum.

Adam elə sarsıldı ki, qaçıb qızına sarıldı. Birlikdə ağladılar. Adam ömrünün sonuna qədər o “qızıl qutu”nu yatağının başında saxladı. Keyfi pozulanda, özünü pis hiss edəndə həmin qutuya qaçar, içindən balaca qızının sevgi ilə doldurduğu xəyali öpüşlərindən birini çıxarardı”.

Həyatda ruhumuzu oxşayan, içimizi saflaşdıran hədiyyələrlə yanaşı, qanımızı qaraldıb, dünyamızı daraldan növlərinə də çox tez-tez rast gəlirik.

Günümüzdə Türkiyədə və min təəssüf ki, ölkəmizdə də Türk Liseylərinə qarşı yağdırılan böhtanlar və nalayiq etiketlərlə ləkələməyə göstərilən cəhdlər də hədiyyənin çox eybəcər nümunələrindəndir. Bu yaxınlarda oxuduğum, İslam dünyası ilə əlaqəsi olmayan, lakin məzmunca eyni ruhlu bir hekayəni nəzərinizə çatdırmaq istərdim:

Tokio yaxınlığında artıq yaşlanmış görkəmli bir samuray yaşayırdı. Bir günorta vaxtı, həya hissini itirmiş bir cəngavər oraya gəlir. Gənc və səbirsiz döyüşçü heç vaxt məğlub olmamışdı. Yaşlı samurayın şöhrəti haqqında eşidən gənc onu məğlub edib, öz ad-sanını artırmaq istəyirdi. Yaşlı samurayın bütün tələbələri onun bu qeyri-bərabər döyüş təklifinə qarşı çıxsalar da, yaşlı adam döyüşməyi qərara alır.

Hər kəs şəhər meydanına toplanır. Gənc cəngavər meydan sulamağa, yaşlı ustadı təhqir etməyə başlayır. O, rəqibinə tərəf bir neçə daş atır, üzünə tüpürür, ağzına gələn hər cür təhqiramiz sözlərlə onu da, əcdadlarını da söyür.

Abır-həya hissini itirmiş gənc saatlarla yaşlı samurayı təhqir edib, onu döyüşə girməyə məcbur etmək istəsə də, samuray yerindən tərpənmir. Nəhayət, yorulmuş və alçalmış cahil gənc pəhləvan meydanı tərk etməyə məcbur olur.

Ustadın bu qədər təhqirləri sakitcə qəbul etməsindən təəccüblənən tələbələri ondan soruşurlar:

– Bu cür ləyaqətsizliyə necə dözdünüz? Məğlub olacağınızı bilsəydiniz belə, qılıncınıza əl atmaqdansa bu qədər insanın gözü qarşısında nümayiş etdirdiyiniz qorxaqlığı necə başa düşmək olar?

– Əgər bir nəfər sizə hədiyyə ilə gəlirsə və siz onu qəbul etmirsinizsə, o hədiyyə kimə məxsus olur? – yaşlı samuray soruşdu.

– Onu vermək istəyən adama, – onun yetirmələri cavab verdi.

– Təhqir və qəzəb də elədir, – dedi ustad. – Onlar da qəbul olunmadıqda onu gətirənə aid olmaqda davam edir. (İngiliscədən çevirmə müəllifindir -S.R)

Yazımı nikbin tonla bitirmək üçün “Həzrəti Yusuf” hədiyyəsini də əlavə etməyi qərara aldım. Bir gün dostu Hz. Yusufu ziyarətə gəlir. Oturub söhbət edirlər. Hz. Yusuf başına gələnləri, quyuda ikən çəkdiyi sıxıntıları dilə gətirir. Uzun müddət danışıb dərdləşirlər. Söhbətin sonunda Hz. Yusuf qonağına:

– De görüm, mənə nə hədiyyə gətirmisən, dostun evinə əliboş gedilməz axı, – deyir.

Qonaq utanaraq belə cavab verir:

– Sənə gətirmək üçün nəyə baxdımsa, bəyənmədim, layiq görmədim. Bir qızıl zərrəsini götürüb qızıl mədəninə, bir damla suyu okeana hədiyyə aparmaq olarmı? Sənə könlümü və canımı belə hədiyyə olaraq gətirsəm, Hindistana ədviyyat satmağa getmiş olaram. Sənin gözəlliyinə layiq hədiyyə tapmaq mənim üçün çox çətin oldu, axırda sənə bir ayna gətirməyi qərara aldım. Ona baxdıqca günəş kimi parlayan üzünü görər, sevinər və məni xatırlayarsan.

Dost belə deyir və gətirdiyi aynanı cıxarıb Hz. Yusifə təqdim edir.

İnsanılq hansı zirvədən hansı çuxura yuvarlanıb və bu enmə hələ də davam etməkdədir. Əlimizdən nə gəlir ki. Bir Peyğəmbər (s.ə.s.) duası pıçıldayaq heç olmazsa: “Allahım, mənə Səni sevməyi, Səni sevənləri sevməyi, Sənin sevginə yaxınlaşdıran şeyləri sevməyi nəsib et!” Amin!

Rahib Alpanlı

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here