“Hərbçilərimizin qanı yerdə qalmayacaq”

0
399

“İşğalçı Ermənistan Silahlı Qüvvələri son günlər fəallaşaraq Ermənistan-Azərbaycan dövlət sərhəddinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini planlı şəkildə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə basqın ediblər”. Bu Müdafiə Nazirliyinin cəbhədə baş verən hadisələrlə bağlı yaydığı məlumatda qeyd olunur. Bildirilir ki, Ermənistan ordusunun kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər: “Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənin bütün həmlələrini dəf edib. Şiddətli döyüşlər nəticəsində ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Nəticədə 3 gün ərzində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 8 nəfər hərbi qulluqçusu şəhid olub”. Nazirlik cəbhə xəttinin Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altında olduğunu və şəhid olmuş hərbi qulluqçularımızın qanının yerdə qalmayacağını vurğulayıb.

Cəbhə bölgəsində gedən döyüşlər nəticəsində son 3 gündə şəhid olan hərbçilərimizin adları:

– Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, Almazov İsə.

– Masallı rayonundan hərbi xidmətə çağırılmış Əli Rəhimov.

– Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış Mustafa Əlicoşqunov.

– Salyan rayonundan hərbi xidmətə çağırılmış Səftər Məmmədov.

– Quba rayonundan hərbi xidmətə çağırılmış Elnur İbrahimov.

– Tovuz rayonundan hərbi xidmətə çağırılmış Vüqar Poladov.

– Ağdam rayonundan hərbi xidmətə çağırılmış, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Əhmədov Qaryağdı.

– Sumqayıt şəhərindən hərbi xidmətə çağırılmış Abdinov Hüseyn.

Düşmənlə atışmada Azərbaycan Ordusunun daha 4 hərbçisi yaralanıb.

 

“Ermənistan diqqəti yayındırmağa çalışır”

Milli Məclisin sədr müavini Bahar Muradova ermənilərin son vaxtlar cəbhə bölgəsində aktivləşməsinə öz münasibətini bildirib. B. Muradovanın sözlərinə görə, Ermənistan güc yolu ilə, yalnız öz imkanları hesabına yox, xarici dairələrin köməyi ilə işğal etdiyi Azərbaycan torpaqlarında daha artıq möhkəmlənmək istəyir, eyni zamanda, qeyri-qanuni, separatçı bir rejimi tanıtdırmaq istiqamətində səylərini ortaya qoymaqla yanaşı, atəşkəs rejimini pozaraq diqqəti bu məsələlərdən yayındırmağa çalışır: “Bu, açıq-aşkar ortadadır və bunun məntiqi də yoxdur, çünki normal məntiqlə yanaşsaq, qonşu ölkənin torpaqlarını işğal etmək heç bir məntiqə sığmır. İşğala qanuni don geyindirməyin beynəlxalq hüquqda heç bir əsası yoxdur. Ancaq Ermənistan bunu pərdələmək üçün millətlərin öz müqəddəratını təyinetmə prinsipi ətrafında fikirlərin dolaşmasına çalışır. Ermənistan Azərbaycan torpaqları hesabına ikinci bir Ermənistan dövlətinin yaradılmasına çalışır. Ermənistanın fəaliyyətinin görünən məntiqsiz məntiqi bundan ibarətdir”.

 

Diplomatlardan atəşkəs “tweet”ləri

Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşkun cəbhə bölgəsində Azərbaycan əsgərlərinin şəhid olması ilə əlaqədar başsağlığı verib. Diplomat bu barədə özünün “Twitter” səhifəsində yazıb. “Azərbaycanlı qardaşlarımızın təmas xəttində şəhid olması barədə xəbərlər gəlir. Hamısına Tanrıdan rəhmət diləyirəm, ailələrinə başsağlığı verirəm”, – deyə səfir qeyd edib

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik də cəbhə xəttində baş verən gərginliyə münasibət bildirib. C.Uorlik öz “Twitter” səhifəsində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən gərginlikdən narahat olduğunu bəyan edib: “Biz təmas xətti boyunca son vaxtlar gərginliyin artmasından çox narahatıq”.

 

Şəhidlər torpağa tapşırılıb

Ötən gün 8 şəhidimizdən üçünün dəfn mərasimləri keçirilib. 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu doğulduğu Qazax rayonunun Cəfərli kəndində, 1992-ci il təvəllüdlü Qaryağdı Əhmədov Quzanlı kəndində, 1995-ci il təvəllüdlü Vüqar Hidayət oğlu Poladov doğulduğu Yuxarı Öysüzlü kəndində torpağa tapşırılıb. Dəfn mərasimlərində şəhidlərin xidmət etdiyi hərbi hissənin komandirləri və zabit heyəti, rayon icra hakimiyyətlərinin, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinin nümayəndələri, habelə kənd sakinləri və rayonların ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here