Son bir ildə 23 min 460 boşanma qeydə alınıb

0
416

Nicat İntiqam

Azərbaycanda ötən il qeydə alınmış nikah və boşanmaların sayı açıqlanıb. Statistika Komitəsindən aldığımız məlumata görə, ötən il ölkəmizdə 86 min 852 rəsmi nikah, 11 min 730 boşanma qeydə alınıb. 2012-ci ildə isə nikahların sayı 79 min 65, 11 min 87 boşanma olub. Məlumat üçün bildirək ki, 2000-ci illə müqayisədə Azərbaycanda qeydə alınan həm rəsmi nikahların, həm də boşanmaların sayı artıb. Belə ki, həmin il 39 min 611 rəsmi nikah, 5478 boşanma olub.

 

Rəsmi nikahsız boşananların sayı unudulur?

Ekspertlər hesab edirlər ki, Azərbaycanda boşanmaların real sayı daha çoxdur. Söhbət ondan gedir ki, bir çox bölgələrdə, ucqar kəndlərdə hələ də rəsmi nikah olmadan qurulan ailələrin sayı kifayət qədərdir. Boşanmalar bir çox hallarda məhz belə ailələrdə qeydə alınır. Amma rəsmi nikah olmadığından belə boşanmalar rəsmiyyətə alınmır.

 

Bəs ötən il Azərbaycanda boşanmalar

ən çox hansı yaşda qeydə alınıb?

Komitədən verilən məlumat əsasında apardığımız hesablamalar göstərir ki, xanımından boşanmalar kişilər arasında ən çox 30-34 yaş arası evlilərdə qeydə alınıb – 2830 nəfər. Boşananlar arasında ikinci yerdə 25-29 yaşlı kişilər gəlirlər. Bu yaşdan olan kişilər arasında xanımından ayrılanların sayı 2481 olub. Boşananlar arasında üçüncü yerdə 35-39 yaşlı bəylər gəlirlər. Belə ki, 2013-cü ildə bu yaşda olan kişilərdən 1846 nəfəri ailəsindən ayrılıb. 40-44 yaşlılar arasında 1360 boşanma, 45-49 yaşlılar arasında 962 boşanma, 50-54 yaşlılar arasında 862 boşanma, 20-24 yaşlılar arasında 711 boşanma, 55-59 yaşlılar arasında 378 boşanma, 60 yaş və daha yuxarı yaşda olanlar arasında 291 boşanma qeydə alınıb.

 

60 yaş və yuxarı yaşda olanlar da boşanıblar

Həyat yoldaşından ayrılan xanımlar arasında yaş göstəricisi isə bir qədər fərqlidir. Məsələn, ötən il həyat yoldaşından boşanan xanımlar ən çox 25-29 yaşlılar olublar – 2968 nəfər. İkinci yerdə isə 30-34 yaşlı qadınlar gəlir – 2334 nəfər. Ərindən boşanan xanımlar arasında 20-24 yaşlıların sayı 1640 nəfər, 35-39 yaşlıların sayı 1617 nəfər, 40-44 yaşlıların sayı 1115 nəfər, 45-49 yaşlıların sayı 885 nəfər, 50-54 yaşlıların sayı 621 nəfər, 55-59 yaşlıların sayı 242 nəfər, 60 yaş və yuxarı yaşda olanların sayı 162 nəfər təşkil edib.

 

20 il bir yastığa baş qoyub,

sonradan boşananlar…

Statistikadan bəlli olur ki, boşanma ən çox nikah müddəti 5 ilə qədər olanlar arasında qeydə alınıb – 4331 fakt. İkinci yerdə nikah müddəti 5-9 il arası olanlar gəlirlər – 3322 fakt. Ötən il nikah müddəti 10-19 il olanlar arasında da boşanma kifayət qədər çox olub – 2276 boşanma. Sonuncu yerdə isə nikah müddəti 20 il və yuxarı olanlar yer alıblar – 1801 boşanma.

Bütün bu boşanmalar nəticəsində 11 min 730 cütlük, yəni 23 min 460, nəfər el arasında deyildiyi kimi, boşanmış adı qazanıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here