Bayram Mustafa ofisini gənclərə bağışladı: Samir Hüseynquliyev orada “Kitabım” mağazasını açdı

0
812

Mingəçevir şəhəri, S.Vurğun küçəsi 18-də bir qrup gəncin təşəbbüsü ilə “Kitabım” kitab mağazasının açılış mərasimi keçirilib. Mərasimdə Mingəçevir Dövlət Universitetinin tələbələri, kitabsevərlər iştirak ediblər.

Açılış mərasimini giriş sözü ilə açan idman, turizm və dövlət qulluğu veteranı Bayram Mustafa öz çıxışında gənclərin bu təşəbbüsünü alqışlayıb. O daha sonra deyib: “Gənclər mənə fikirlərini bildirəndə bir şəhər ziyalışı kimi onlara dəstək olmaq məqsədilə özümə məxsus ofisimi onlara bağışladım: “Sözün düzü, Mingəçevirin yetirməsi, Bakı Dövlət Universitetinin tələbəsi olmuş Samir Hüseynquliyevin kitabxana açmaq istəyi mənə bir az qəribə gəldi. Bilirsinizmi niyə? Bu sualıma birdən-birdən cavab vermək istəməzdim. Odur ki, bir qədər ətraflı məlumat vermək istəyirəm. Sovetlər dönəmində Mingəçevirdə tək bir dənə kitab mağazası – “Azərkitab” vardı. Sonradan həmin kitab mağazası bəzi səbəblərdən fəaliyyətini dayandırdı. Bundan sonra onun bərpa ilə bağlı müraciətlər olundu, amma… Yeri gəlmişkən, elə Samirin də uşaqlıq illəri həmin kitabxananın olduğu ərazidə keçib. Bu isə o deməkdir ki, Samirdə kitaba maraq elə uşaqlıq illərindən formalaşıb. Nə isə… İndiki zəmanədə, başqa sözlə desək, mənəviyyatımıza bu qədər daşların atıldığı dövrdə gənclərimizin belə bir təşəbbüslə çıxış etmələrində böyük bir vətəndaşlıq, böyük bir ziyalılıq gördüm. Bu təşəbbüsə qoşulan digər gənclərlə – Sənani Abdullayev, Röyal Əhmədovla da söhbətdən mənə aydın oldu ki, onlar kitabların satışında heç bir mənfəət güdmürlər. Onların məqsədi, sadəcə, internet klublarda vaxtlarını itirən gəncləri belə yerlərə cəlb etməkdir. Bu isə alqışa layiq bir işdir.

Yeri gəlmişkən, onu da deyim ki, ziyalılıq aqilliyin, kamilliyin zirvəsinə ucalmaqdır. Mənim fikrimcə, mütaliə olmadan hansı kamillikdən söhbət gedə bilməz. Düzdür, internetdən istədiyin əsəri tapıb oxuya bilərsən, ancaq unutmayaq ki, kitabxananın öz aurası var, kitabın öz qeyri-adi qoxusu var. Kitabxanaya gedəndə elə bilirsən ki, onları ərsəyə gətirən, yəni yazan o böyük azman kişilərlə görüşə gedirsən. Kitabxanadan, belə ünvanlardan ayrı düşməyi bu kimi nəsnələri itirməyimizin başlanğıcı kimi görürəm. Ona görə də köklü şəhər sakini kimi bu gözəl təşəbbüslə çıxış etmiş Samir bəyə  təşəkkürümü bildirirəm. Bir də qoy bu məkan indən belə kitabseverlərin daimi ünvanı olsun”.

“Mənim həyatım kitabla bağlı olub”, – sözləri ilə çıxışına başlayan Samir  Hüseynquliyev son vaxtlar kitab əldə etməkdə çətinlik çəkdiyini bildirib: “Doğrudur, şəhərimizdə bir-iki yerdə kitab mağazası var. Amma o məkanlarda lazım olan kitabları tapmaq mümkün olmur. Bu səbəbdən Bakıya üz tutmalı oluram. Hörmətli ziyalımız Bayram Mustafa öz çıxışında maraqlı bir məqama toxundu. Mən də onun sözünün davamı kimi qeyd etmək istəyirəm: Bəli, sovet dönəmində Mingəçevirdə bir “Azərkitab” mağazası vardı. Sovetin dağılması ilə bu məkan da öz ömrünü başa vurmalı oldu. Kimsə onun bərpasına cani-dildən girişmədi. Bəli, mən kitab xiridarıyam. Elə uşaqlıq arzularımdan biri də kitab mağazası açmaq olub. Bu yerin Bayram müəllimin mənə hədiyyə etməsi ilə arzum reallaşdı”.

O daha sonra vurğulayıb: “Biz gənclər bu sahədəki boşluğu aradan qaldırmağa çalışacağıq. Yeri gəlmişkən, mən və dostlarım də öz vəsaitimiz hesabına aldığımız kitabları satışa çıxarmışıq. Onu da deyim ki, kitabseverlər kitabları sifarişlə də əldə edə biləcəklər”.

Turabi adlı gənc kitabsever öz çıxışında Samirin bu addımının tərifəlayiq olduğunu söyləyib: “Mənə elə gəlir ki, belə bir kitab mağazasını açmaq istəyənlər olub. Amma bunu reallaşdırmaq, bu istiqamətdə ilk addım atmaq Samir bəyə nəsib olub. Bu kimi işlər biz gənclərə yeni stimullar verir. Məsələn, elə mən özüm bu açılışdan sonra “Kitabseverlər klubu” təşkil etmək fikrinə düşdüm”.

 

Mingəçevir Dövlət Universitetinin 4-cü kurs tələbəsi Məmmədəli Mahmudov kitab mağazasının açılmasını sevindirici hal kimi qiymətləndirib. Digər çıxış edənlər də Samirin bu addımın alqışlayıblar.

Soyadını unutduğum İlham adlı tarix müəllimi isə bizimlə söhbətində bu sözləri deyib: “Kitab oxumaq cəmiyyətin mədəni səviyyəsinin barometridir. İnsanlar mənəviyyatlarını kitabla qidalandıra bilməyəndə mənəviyyat, düşüncə zəifləyir, müqavimət azalır. Son zamanlar virtual aləmin sayəsində ondan bir qədər aralı düşmüşük. Amma kitaba qayıtmaq lazımdır”.

 

Esmira Hidayətova, Mingəçevir