Tahir Gözəl: “Avropada kiməsə “Qarabağ”ın prezidentiyəm deyəndə…”

0
81

“Qarabağ”ın prezidenti Tahir Gözəl “Roma” ilə oyundan sonra brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

 

– Oyundan məmnun qaldınızmı?

– 3 əsas müdafiəçimizin olmamasına baxmayaraq, komandamın çıxışından çox razı qaldım. Əlbəttə, rəqib komanda Avropa nəhəngidir. Ancaq xüsusilə, müdafiəçilərimiz çox uğurlu oynadılar. Bir-iki epizod var idi ki, alınsaydı, əla olardı. Əsas odur ki, qrupda son olaraq kimin hara gedəcəyinə “Qarabağ” qərar verdi.

 

– Çempionlar Liqasındakı ümumi çıxışı necə dəyərləndirirsiz?

– “Çelsi” ilə ilk oyunda hamımız çox həyəcanlı idik. Böyük bir təcrübə əldə etdik. Sonradan “Atletiko” ilə oyunlardan çox razı qaldım. “Roma” ilə Bakıdakı matç da gözəl keçmişdi. Uduzsaq da, oyundan razı qalmışdım. Evdəki “Çelsi” ilə oyun isə bəlkə də həyatımdakı ən ağır görüş idi. Hələ də yadımdan çıxmır, hələ də ürəyim ağrıyır. Oyunlarda çox qırmızı vərəqə aldıq. Hakimlər tərəfindən sıxıldıq. Elə bugünkü qola da baxmaq lazımdı ki, ofsayt var idi, ya yox? Məncə, mübahisəli epizoddu.

 

– Komandanın ÇL qrupunda oynaması özü böyük uğurdu. Ona görə, neqativlərdən deyil, pozitivlərdən bəhs edək. Gözləyirdiniz toplanan xalları?

– Mən sadəcə xülasəni xatırlatmaq istəyirəm. Əlbəttə ki, çox gözəl mərhələ oldu bizim üçün. Rəqiblərimizin tarixlərinə baxanda, maddi imkanlarına nəzər salanda, görərik ki, “Qarabağ” tarix yazır. Hədəfimiz o idi ki, bu adı Avropada tanıdaq. Sizi əmin edirəm ki, mən Avropada kiməsə “Qarabağ”ın prezidentiyəm deyəndə dönüb təbrik edirlər. Burda məsələ mənim uğurum deyil. Klubun adı tanınıb.

 

– “Qarabağ”ın bundan sonrakı hədəfi nədir?

– Bundan sonrakı hədəfimiz artıq yerli oyunçular yetişdirməkdir. Bilirsiz ki, büdcə məhdudiyyətimiz var. Bu, böyük klub saxlamağa imkan vermir. Əsas ağır yük sponsorun üstünə düşdüyü üçün buna məcburuq. Buna görə də artıq xarici legionerlərlə deyil, öz yetirmələrimizlə oynayacağıq. Çünki baxırıq “Qarabağ”da ən istənilən oyunçunun itkisini sığortalamaq üçün nə qədər əziyyət çəkirik. Tam 20-25 nəfərlik peşəkar komanda saxlamağa isə imkan yetmir.

 

– Yetirmələrinizlə oynamaq üçün hansı addımlar atacaqsınız? Yeni bazalar olacaq?

– Bizim çox yaxşı bazamız var. Oyunçular da yetişir. Bu, bir ilin söhbəti deyil, ən az 4-5 illik layihədir. Ona görə səbr edin, görəcəksiniz ki, “Qarabağ”ın necə yetirmələri var.

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

C qrupu

5 dekabr

 

“Roma” (İtaliya) – “Qarabağ” (Azərbaycan) – 1:0

Qol: Perotti, 53

 

Baş hakim: Tobias Stieler

Baş hakimin köməkçiləri: Mayk Pikel, Yan Seydel

Əlavə hakim köməkçiləri: Bastian Dankert, Harm Osmers

Dördüncü hakim: Kristian Gittelmann (hamısı Almaniya)

Roma. Olimpiya stadionu

 

“Roma”: 1. Alisson Bekker, 4. Radja Nainqqolan, 6. Kevin Strotman, 8. Dieqo Perotti, 9. Edin Dzeko, 11. Aleksandr Kolarov, 16. Daniele de Rossi, 20. Federiko Fazio, 24. Alessandro Florenzi, 44. Kostas Manolas, 92. Stefan Əl-Şaravi

Ehtiyat oyunçular: 28. Lukaş Skorupski, 5. Juan Jesus, 7. Lorenzo Pelleqrini, 14. Patrik Şik, 15. Hektor Moreno, 21. Maksim Qonalons, 30. Gerson

Baş məşqçi: Eusebio de Françesko

 

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Migel Madera, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak, 77. Donald Gerye

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 30. Abbas Hüseynov, 44. Ağabala Ramazanov, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana

Baş məşqçi: Qurban Qurbanov

 

1 Çelsi 6 3 2 1 16-8 11
2 Roma 6 3 2 1 9-6 11
3 Atletiko 6 1 4 1 5-4 7
4 Qarabağ 6 0 2 4 2-14 2