Hər bir vətəndaş cəmiyyəti sağlam fundament üzərində inkişaf edir

0
285

 

 

Hər bir vətəndaşın hüquq və azadlıqları beynəlxalq qanunlarla, paktlarla və Konstitusiya ilə qorunur. Bu təminata isə fikrimizcə ilk olaraq ictimai qaydanı həyata keçirən polis cavabdehdir. Ona görə də polis və vətəndaş arasında bir şəffaflıq, bir bağlılıq yaranmalı və qarşılıqlı inam daxilində dinamik inkişafda olmalıdır. Bu məsələdə vətəndaşlar da fəal olmalıdırlar. Təbii ki, bununla bağlı son illər ölkəmizdə bir sıra tədbirlər həyata keçirilir. Bu da ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşmasına öz töhfəsini verməkdədir.

Bəli, polis də, adi vətəndaş da yaşadığımız cəmiyyətin üzvləridir. Bu mənada ictimai təhlükəsizliyin, ictimai qayda-qanunun qorunması onların hər birinin maraq dairəsində olmalıdır. Belə olan halda, polisin və vətəndaşın baş verə biləcək hadisələrə münasibətlərinin eyni olması zəruridir. Yəni vətəndaş görsə ki, qonşusunun evinə oğru girir, yaxud bilsə ki, kimsə narkomaniyaya qurşanıb, bu barədə polisə, yaxud polis orqanlarına məlumat verməlidir. Bununla da cəmiyyətə verə biləcəkləri töhfələrini əsirgəməməlidirlər. Bir sözlə, vətəndaş daimi onun xidmətində dayanan polisə, necə deyərlər, əl uzatmalı, baş verə biləcək hadisələrdən yaxalarını kənara çəkməməlidirlər. İngilis polisi əbəs yerə demir ki, sizə yardım edə bilməyimiz üçün bizə yardımçı olun. Ona görə də hər bir vətəndaş şübhəli məqamlara polis gözü ilə baxmağı bacarmalıdır, o, törənə biləcək hadisənin qarşısını almaqla yanaşı, neçə-neçə insanın da həyatını xilas etmiş olur. Bununla da öz hüququnu tələb edən vətəndaş həm də üzərinə düşən vəzifəni yerinə yetirir (Necə ki, Avropa ölkələrinin vətəndaşları bu borcu yerinə yetirirlər).

 

Vətəndaş da baş verə biləcək hadisələrə müdaxilə etməlidir

Beynəlxalq təcrübədən söz düşmüşkən, Avropada hər 250, Türkiyədə hər 350 vətəndaşa bir polis düşür. Ölkəmizdə isə hər 800 nəfərə bir polis düşür. Bu aspektdən çıxış etsək, məmləkətimizdə polis bolluğunun yaşandığını düşünmək yanlışdır. Doğrudur, bu gün rayon və şəhərlərimizdə asayiş keşikçiləri peşəkarlıq baxımından xidməti borclarını ləyaqətlə yerinə yetirirlər. Amma söhbət baş vermiş cinayətlərdən deyil, ümumi cinayətlərin profilaktikasından və nəticə etibarilə cinayətlərin sayının azaldılmasından, yaxud kökünün kəsilməsindən gedirsə, burada polisin yaşadığı sıxıntılardan danışmaq yerinə düşər. Axı asayiş keşikçisi hər küçədə, məhəllədə, tində-dalanda baş verənlərdən çevik xəbər tutmaq iqtidarında deyil. Bəs bunu kimlər daha tez görə bilərlər? Təbii ki, ərazi sakinləri olan sadə vətəndaşlar.

Bəli, polislə vətəndaş eyni məqsəd və məramın daşıyıcısıdırlar. Biri rahat yaşamaq, digəri isə həmin asayişi təmin etmək istəyindədir. Demək, qalır bir yol: ümumi maraqlar naminə çiyin-çiyinə verib, cinayətlərin kökünün kəsilməsinə xidmət etmək. Şəhərin müxtəlif yerlərində hansısa bir oğurluq, xuliqanlıq olanda vətəndaş: “Nə işimə qalıb, bu, polisin işidir”, – deməli deyil. Çünki polis qarşıya qoyulan vəzifələri xalqın köməyi, dəstəyi və onlarla birlikdə yerinə yetirir. Məhz bu elə vətəndaşın vətəndaş cəmiyyətinə ən böyük töhfəsi ola bilər. Əgər hansısa sürücü qırmızı işığa məhəl qoymursa, yaxud maşını digər yol hərəkəti qaydalarına uyğun idarə etmirsə, onun yanındakı sərnişin buna göz yummamalıdır. O, sürücünü qayda-qanuna riayət etməyə çağırmalıdır. Yəni vətəndaş da baş verə biləcək hadisələrə müdaxilə etməlidir.

 

Polisə olan hörmət dövlətə olan hörmətdir

Unutmayaq ki, polis orqanlarına münasibət cəmiyyətin inkişaf səviyyəsini göstərir. Təbii, polis orqanlarının əməkdaşları da özlərini insanlarla təmasda elə aparmalıdırlar ki, onlara hörmət daha çox olsun. Çünki polisə olan hörmət dövlətə olan hörmətdir. Polis əməkdaşları qanunun keşiyində dayanır, cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Yəni cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edirlər.

Bu gün əhali artıq polisə ümid yeri kimi baxır. Polis də onların hər bir təklifinə vaxtında reaksiya verməyə çalışır. Hətta onların məişət problemlərinin həllində də vasitəçi olur. Yeri gəlmişkən, bu gün vətəndaş polisə təkcə hüquqi problemlərlə bağlı üz tutmur. Müraciətlər arasında kifayət qədər sosial mənşəli məsələlər də var. Belədə polis “bu bizim işimiz deyil” deyib, bu tip müraciətlərə etinasız yanaşmır. Əksinə, vətəndaşların istənilən sosialyönümlü xahişlərini əlaqədar təşkilatlara çatdırılmasına və həllinə nail olmağa çalışır. Nəticədə isə əhalinin daha çox etimadını qazanmış olur.

 

Qanunçuluğun gücləndirilməsi polis-cəmiyyət əlaqələrini daha da möhkəmləndirir

Daim cəmiyyətlə birbaşa təmasda olan və vətəndaşların hüquq bərabərliyinin təminatçısı, asayiş keşikçisi olan Azərbaycan polisinin vəzifəsi heç də düşündüyümüz kimi asan və təhlükəsiz deyil. Son olaraq qeyd etmək istəyirəm ki, polis-vətəndaş, polis-cəmiyyət münasibətlərində əlaqələr daha mükəmməl olarsa, dövlət və onun sosial bazası olan vətəndaş cəmiyyəti sağlam fundament üzərində daha da inkişaf edər. Güman edirəm ki, həm polislər, həm də vətəndaşlar yaranmış münasibətləri dərinləşdirəcəklər.

Məlumat üçün bildirək ki, Daxili İşlər Nazirliyi ictimaiyyətlə əlaqələrin genişləndirilməsi işinin səmərəli təşkili, polis-cəmiyyət, polis-vətəndaş münasibətlərinin etibarlı qurulması və hüquq qaydasının təmin olunmasında vətəndaşların könüllü köməyindən istifadə edilməsi məqsədilə ATƏT-in Bakı ofisinin təşəbbüsü və dəstəyi ilə 2008-ci ildən respublikamızın bir sıra rayon və şəhər orqanlarında “Cəmiyyət dəstəkli polis” layihəsini də həyata keçirir. Onu da qeyd edək ki, daxili işlər naziri Ramil Usubov müasir dövrdə kütləvi informasiya vasitələrinin cəmiyyətin həyatında böyük və mühüm rol olduğunu bildirərək, rəhbərlik etdiyi qurum tərəfindən ictimai təhlükəsizliyin təmin edilməsində vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, hüquqi-maarifləndirmə işlərinin gücləndirilməsi yönümündə də zəruru addımlar atıldığını qeyd edib. Təcrübə də göstərir ki, şəffaflıq, insan hüquqlarının qorunması, qanunçuluğun gücləndirilməsi polis-cəmiyyət əlaqələrini daha da möhkəmləndirir.

Azərbaycan

Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifə

ni hazırladı:

Qvami Rəsulov

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here