“Telefon narkomaniyası” hansı fəsadlara səbəb ola bilər?

0
290

Şimali Amerika Radiologiya Cəmiyyətinin illik görüşündə çıxış edən koreyalı alimlər bildiriblər ki, “telefon narkomanları”nın beyinin işi üzərində aparılan müşahidələr bu aludəçilik nəticəsində beyinin kimyəvi tarazlığını dəyişməsi, onu real narkomaniya ilə müqayisə etməyə əsas verir. Son illərdə alimlər asılılığın iki yeni forması ilə ciddi maraqlanmağa başlayıblar. Xalq arasında “telefon narkomaniyası” və “internet narkomaniyası” adlanan bu asılılıqların tədqiqi göstərir ki, adi insanlar çox vaxt haqlıdırlar. Belə asılılıqların bəzi daşıyıcılarının davranışında həqiqətən real narkomanlar üçün səciyyəvi dəyişikliklər müşahidə olunur və onlara da eyni risk amilləri təsir edir.

Məsələn, keçən il alimlər müəyyən ediblər ki, bu asılılıqların qurbanı əksər hallarda öz istəklərinə lazımınca nəzarət edə bilməyən impulsiv insanlardır. Müşahidələr göstərir ki, bu cür xarakteristikalar təhlükəli vərdişdən müstəqil şəkildə yaxa qurtarmağı bacarmayan alkoqoliklərin və real narkomanların fərqləndirici xüsusiyyətidir.

Alimlər bir məsələ ilə də maraqlanıblar: bu cür “rəqəmsal” asılılıq formalarından əziyyət çəkən insanların beyninin fəaliyyəti dəyişirmi və bu cür dəyişikliklər narkotiklərin və spirtli içkilərin qurbanlarının sinir sistemində baş verən dəyişikliklərə oxşayırmı?

Mütəxəssislər bu suala cavab vermək üçün yarısına bu cür diaqnoz qoyulmuş iyirmi nəfər yeniyetmə və gəncdən ibarət iki könüllü qrup yaradıb beyinin müxtəlif hissələrinin kimyəvi tərkibini təhlil etməyə imkan verən xüsusi maqnit-rezonans tomoqrafından istifadə etməklə həmin könüllülərin sinir sisteminin fəaliyyətini müşahidə etməyə başlayıblar.

Koreyalı bioloqlar alınan nəticələri müqayisə edərək müəyyənləşdiriblər ki, telefon və ya internet “narkomaniyasının” inkişafı həqiqətən beyinin işini kimyəvi səviyyədə dəyişir. Beyin qabığının insanın impulsiv davranışına və həyəcan hissinə görə cavabdeh olan hissələrində daha ciddi pozuntular müşahidə olunub. Bu müşahidələr həmin asılılığın necə yaranmasını izah edə bilər.

Maraqlıdır ki, həmin gənclər Seulun narkoloji mərkəzlərindən birində bərpa kursu keçəndən sonra bu cür pozuntular tamamilə aradan qalxıb və ya nəzərəçarpacaq dərəcədə azalıb. Bu, onu göstərir ki, asılılığın bu formasından insan psixikası və orqanizmi üçün ciddi fəsadlar baş vermədən xilas olmaq həqiqətən mümkündür. azərtac