Mikayıl Mirzəyə həsr olunan tədbir keçirilib

0
263

Akademik Milli Dram Teatrında Mikayıl Mirzənin 70 illik yubileyinə
həsr olunan xatirə tədbiri keçirilib

Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli sənətkar Mikayıl
Mirzənin 70 illik yubileyinə həsr olunan xatirə tədbiri keçirilib.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Mədəniyyət və
Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının
təşkilatçılığı ilə təşkil olunan tədbirdə Mikayıl Mirzənin Teatr
Muzeyinin arxivində saxlanılan fotolarından ibarət sərgi təqdim
olunub.

Gecədə tədbirin aparıcısı, akademik Rəfael Hüseynov sənətkarın ömür
yolundan danışıb, onunla bağlı xatirələrini bölüşüb. R. Hüseynov qeyd
edib ki, Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Lütfi
Məmmədbəyov kimi görkəmli səhnə ustalarından dərs alan Mikayıl Mirzə
1969-cu ildə institutu bitirərək dram və kino aktyoru ixtisasına
yiyələnib. İnstitutun səhnə danışığı kafedrasında müəllim, eyni
zamanda, Tədris Teatrında çalışan sənətkar bir qədər sonra Azərbaycan
Dövlət Akademik Milli Teatrında işə qəbul olunub. Oynadığı rolları
təbii, inandırıcı şəkildə tamaşaçılara çatdıran sənətkar emosionallığı
ilə özünəməxsus ifa üslubuna malik idi.

Əməkdar rəssam Rais Rəsulzadə Mikayıl Mirzəni teatr sənətimizin
əvəzedilməz aktyoru, böyük sənətkarı kimi dəyərləndirib. Azərbaycan
Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, xalq
artistləri Səidə Quliyeva, Nurəddin Mehdixanlı, Ağakişi Kazımov, Ramiz
Həsənoğlu Mikayıl Mirzə ilə bağlı xatirələrini danışıb, onun yaratdığı
rolların bundan sonra da sənətsevərlərin xatirəsindən yaşayacağına
inamlarını ifadə ediblər.

 

Qeyd olunub ki, Mikayıl Mirzə teatrda Kürd Musa, (“Vaqif”), Fərhad
(“Fərhad və Şirin”), Muratov (“Qəribə oğlan”), Eyvaz (“Bizim qəribə
taleyimiz”), Aslan (“Kəndçi qız”), Zahid (“Fəryad”), Elxan (“Od
gəlini”), Cinli Mustafa (“Dəli yığıncağı”), İxtiyar (“İblis”)
rollarını ustalıqla oynayıb.

Ötən əsrin 80-ci illərində məhz onun təşəbbüsü ilə Azərbaycan
televiziya məkanında “Bir aktyorun teatrı” verilişi ekrana çıxıb. Onun
ifasında Aleksandr Puşkinin “Motsart və Solyer”, “Qaraçılar”, Hüseyn
Cavidin “Azər”, Rəsul Rzanın “Qızıl gül olmayaydı”, Xəlil Rzanın
“Məhəbbət dastanı”, Cabir Novruzun “Qərbi Berlin” ekran əsərləri
“Qızıl fond”da dəyərli sənət əsərləri kimi saxlanılır.

Tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi
gecədə Mikayıl Mirzəyə həsr olunmuş videoçarx nümayiş olunub, müxtəlif
bədii kompozisiyalar təqdim edilib.

Mərasimdə mərhumun ailəsi adından çıxış edən oğlu Mətin Mirzə atasının
xatirəsinin əziz tutulduğuna görə təşkilatçılara minnətdarlığını
bildirib.