Qürbətdə Azərbaycan yanğısını yaşadan şair (1)

0
300

İlk təhsilini də 1915-ci ildə Bakıda neft mədənlərində işləyən və əslən Cənubi Azərbaycandan olan soydaşlarımızın uşaqları üçün açılan “İttihad” (Birlik, həmrəylik) məktəbində aldı. Almas İldırımın təhsili Rusiya imperiyasının çaxnaşdığı və I Dünya müharibəsi illərinə düşmüşdü. Həmin dövrdə imperiyanın hər yerində olduğu kimi, Azərbaycanın da başı üzərindən azadlıq küləkləri əsməkdə idi. Bu da imperiyaya qarşı cəsarətlə səsini qaldıran, Azərbaycanın müstəqilliyini açıq şəkildə tələb etməyə başlayan mübariz bir nəslin yetişməsinə gətirib çıxarmışdı.

Həyatını Azərbaycanımızın milli istiqlalı uğrunda mübarizəyə həsr edən, bəziləri qələmə, digərləri isə süngüyə sarılaraq mənsub olduqları millətinə heç bir təmənna ummadan xidmət edən elə görkəmli simalarımız var ki, onlar haqqında danışmaq da, susmaq da çətindir. Çünki onların Azərbaycana göstərdikləri tarixi xidmətlərdən danışmaq, ona qiymət vermək üçün gərək ən azından onların səviyyəsində olasan. Amma onlardan yazmamaq, milli azadlıq mücadiləsinə verdikləri əvəzsiz xidmətlər barədə susmaq da onların xatirəsinə hörmətsizlik olardı. Çünki onlar özlərindən sonra Azərbaycanın 100 illər bundan sonrakı nəsilləri üçün də bir vətən, yurd sevgisi, qəhrəmanlıq məktəbi qoyub gediblər. Onlardan biri də alovlu Azərbaycan şairi, qürbətdə “Vətən, Vətən” deyə inləyən və bu həsrəti yazdıqları şeirlərinə köçürərək gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasına öz töhfəsini verən Almas İldırım idi.

Sözün düzü, Almas İldırım haqqında sovet dövründə çoxlarımıza, demək olar, heç nə məlum deyildi. Bolşevik rejimi onun adını belə çəkməyi qadağan etmişdi. Onun barəsində biz yalnız ötən əsrin 80-ci illərinin sonlarında “Azadlıq” radiostansiyasının Azərbaycan redaksiyasının şef redaktoru Mirzə Xəzər vasitəsilə xəbər tutduq. Yadımdadır, hər dəfə Mirzə Xəzər Azərbaycan dilindəki verilişə onun ürəklərimizi titrədən Vətən haqqındakı yanğılı, həsrət dolu şeirləri ilə başlayırdı. Sanki bu şeirləri Mirzə Xəzər deyil, onun dili ilə, onun səsi ilə Almaz İldırımın özü oxuyurdu. Nə qədər qəribə olsa da, Almas İldırım üstündən illər ötəndən sonra Azərbaycan milli azadlıq mücadiləmizin başladığı o illərdə, özü də radio dalğalarında bizə – doğma yurdumuza qayıtdı. Burada nə üçünsə yadıma bahar ərəfəsi gələn qaranquşlar düşür. Qaranquşlar min illər boyu bizlərdə baharın müjdəçiləri hesab olunub. Almas İldırım da azadlıq qaranquşu, yuvasından, gülündən ayrı düşən bir Vətən bülbülü idi. O da Azərbaycana azadlıq mücadiləmiz başlayanda qayıtdı və o illərin arxasından bizi imperiyaya qarşı yeni mücadilələrə ruhlandırdı. Və burada yenə də yadıma Almas İldırımla bərabər, milli azadlıq mücadiləsini davam etdirən Mikayıl Müşfiq və Əhməd Cavad düşür. Onların hər üçünü bir amal, Vətənin azadlıq və müstəqilliyi ideyası birləşdirirdi…

Yazdığı şeirləri ilə Azərbaycan milli azadlıq mücadiləsinə göstərdiyi xidmətlərinə görə Almas İldırımı yalnız onun müəllimi və ustadı olan milli istiqlal şairimiz Əhməd Cavadla müqayisə etmək olar. Onların hər ikisi, ustad-şagird, biri qürbətdə, digəri isə, Vətəndə qələmlərini süngüyə çevirərək imperiya zülmünə, əsarətə qarşı savaş açmışdılar. Və onlar bu savaşları ilə öz adlarını istiqlal mücadiləmizə qızıl hərflərlə yazdırdılar.

Gələcəyin alovlu və mübariz şairlərindən olacaq Almas İldırım 1907-ci il, mart ayının 24-də Bakıdan təxminən 70 kilometr məsafədə yerləşən Qala kəndində zəngin bir ailədə dünyaya göz açdı. Adını valideynləri Əbdülhəsən qoydular. Amma evlərində hamı onu babasının adı ilə “Almas” deyə çağırırdı. Bu adla da o sonralar tanındı, məşhurlaşdı. Almas uşaq ikən ailəsi, əvvəlcə, Şüvəlana, sonra isə Çəmbərəkəndə köçdü. Almaszadələr Bakıya köçəndə atası xırda ticarətlə məşğul olurdu. Həmin vaxt onların Xəzərdə yük gəmiləri də var idi. İlk təhsilini də 1915-ci ildə Bakıda neft mədənlərində işləyən və əslən Cənubi Azərbaycandan olan soydaşlarımızın uşaqları üçün açılan “İttihad” (Birlik, həmrəylik) məktəbində aldı. Almas İldırımın təhsili Rusiya imperiyasının çaxnaşdığı və I Dünya müharibəsi illərinə düşmüşdü. Həmin dövrdə imperiyanın hər yerində olduğu kimi, Azərbaycanın da başı üzərindən azadlıq küləkləri əsməkdə idi. Bu da imperiyaya qarşı cəsarətlə səsini qaldıran, Azərbaycanın müstəqilliyini açıq şəkildə tələb etməyə başlayan mübariz bir nəslin yetişməsinə gətirib çıxarmışdı. Hələ uşaq yaşlarından ətrafında baş verən və ilk dövrlərdə ona bir qədər müəmmalı görünən, hadisələri dərk etməyə çalışan balaca Almas özü də bilmədən milli azadlıq mücadiləsində ilk addımlarını atmağa başladı. Bu işdə onun həmin dövrdə Əhməd Cavadın, Məhəmməd Hadinin və digərlərinin milli ruhda yazdığı şeirləri oxuması və onların təsiri altında siyasi və ədəbi dünyagörüşünün formalaşması mühüm rol oynadı.

Məhz onların yazdıqları şeirlərin təsiri altında o da əlinə qələm alaraq yazmağa başladı. İlk qələmə aldığı şeirlərindən dərhal hiss olunurdu ki, ədəbiyyatımıza yeni nəfəs, yeni istedad gəlir. Ədəbiyyata olan sonsuz sevgisi və həvəsi onu hələ 12 yaşında olarkən, 1919-cu ildə tanınmış yazıçı Seyid Hüseyn tərəfindən yaradılan “Yaşıl qələmlər” adlı ədəbi dərnəkdə iştirak etməyə gətirib çıxardı. Bu dərnəkdə Almas İldırım gələcəyin daha bir görkəmli ədəbi siması – Mikayıl Müşfiqlə tanış olur. Ədəbi dərnəkdə fəal iştirakı ilə diqqəti cəlb edən Almas İldırım burada həmçinin istiqlal nəğməkarı Əhməd Cavadla tanış olur və onların bu münasibəti tezliklə ustad-şagird və ya daha obrazlı şəkildə desək, ata-oğul münasibətlərinə çevrilir. Əhməd Cavadın tövsiyələri və onun Almas İldırımı daim yazmağa ruhlandırması sonuncunun milli ruhda tərbiyə olunmasında böyük rol oynadı. Təsadüfi deyil ki, Almas İldırım ömrünün sonuna kimi Əhməd Cavadı hörmətlə anmış və onun qarşısında daim baş əydiyini qürurla və fəxrlə söyləmişdi.

Həmin dövrdə Almas İldırım Mikayıl Müşfiq və digər dərnək üzvləri ilə birlikdə şeir yarışına girər və əksər hallarda onların hər ikisinin şeiri ən yaxşı şeir kimi müəllimləri Seyid Hüseyn tərəfindən təriflənərdi. Amma onların bu ədəbi dərnəkdə fəaliyyətləri uzun sürmədi. Belə ki, 1920-ci ilin aprel ayının 27-dən 28-nə keçən gecə bolşeviklər Azərbaycanı işğal edərək, müstəqil cümhuriyyətimizin varlığına son qoydular. Bu hadisə o dövrdə cəmisi 13 yaşı olan Almas İldırımda ağır mənəvi iz buraxmış və onun gücü hönkür-hönkür ağlamağa çatmışdı.

Onu da deyək ki, bolşeviklər Azərbaycanı işğal edəndə Almasın babasının və atasının 300 başa qədər iri buynuzlu mal-qarası vardı. Həm də ticarətlə məşğul olan atası və babası bolşeviklərin gəlişindən sonra əllərində olan bütün mal-mülkü dövlətə təhvil verirlər ki, onları sürgün etməsinlər

ƏZIZ MUSTAFA

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here