“Neftçi” “Bursaspor” deyil

0
379

Bu gün “Neftçi” Avropa Liqası matçına çıxacaq. II təsnifat mərhələsində “Koper” səddini əzmkar oyunla keçən “flaqman” bu dəfə daha dişli rəqiblə qarşılaşacaq. Düzdür, “Çixura” adlı-sanlı komanda deyil. Amma kifayət qədər tanınan “Bursaspor”u mübarizədən kənarlaşdırıb. Bu da komandamızı ehtiyatlı olmağa vadar edir. Qeyd edək ki, “Baksell Arena”da keçiriləcək “Neftçi” – “Çixura” oyunu sabah saat 20:00-da başlanacaq.

 

Flavinyo və Stamenkoviç hazırdırlar

Azərbaycan Kubokunun qalibi bu vacib qarşılaşma öncəsi zədəli futbolçularından şad xəbər alıb. Belə ki, yarımmüdafiəçi Flavinyo və qapıçı Saşa Stamenkoviç sabah meydançadakı yerlərini ala biləcəklər. Adıçəkilən futbolçuların yüngül zədələri var idi və onların “Çixura” ilə ilk oyunda iştirakı sual altında idi. Lakin klubun həkimləri Flavinyo və Stamenkoviçin sabah məşqçilər korpusunun ixtiyarında olacaqlarını deyib.

 

Biri oynamayacaq,

digəri sual altındadır

“Çixura”da isə kapitan David Odikadze “Neftçi”yə qarşı keçirəcəkləri sabahkı oyunu buraxa bilər. Buna səbəb onun hazırda zədəli olmasıdır. Hələlik Odikadzenin meydana çıxması sual altındadır. Vaxtilə “İnter”də çıxış etmiş bu futbolçu oyun saatına kimi sağalmasa, onu başqası əvəzləyəcək. Ondan fərqli olaraq, yarımmüdafiəçi Qiqa Beçvayanın Bakıda meydançaya çıxmayacağı dəqiqdir.

 

Öncə Hacıyev,

sonra Pruidze

“Neftçi” – “Çixura” oyunuöncəsi keçiriləcək mətbuat konfranslarının vaxtı da bəllidir. Bu gün 8-ci kilometr qəsəbə stadionunda saat 17:30-da “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev media nümayənlərinin önünə çıxacaq. Bundan yarım saat sonra isə komandamızın açıq məşqi olacaq. “Çixuranın” baş məşqçisi Samson Pruidzenin mətbuat konfransı isə saat 18:30-da başlanacaq. Qonaq komanda açıq məşqə saat 19:30-da çıxacaq.

“Neftçi”yə uğursuz hakim

Sabahkı qarşılaşmanın hakimləri də artıq müəyyənləşib. Belə ki, UEFA görüşü rumıniyalı hakimlər briqadasına həvalə edib. Görüşün baş hakimi Kristian Balaj olacaq. Ona Sebastian Corc və Ovidiu Artene köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Katalin Sorin Popa yerinə yetirəcək.

Qeyd edək ki, Kristian Balaj Azərbaycan komandaları üçün uğursuz hakimdir. 43 yaşlı rumıniyalı referinin idarə etdiyi matçlarda təmsilçilərimiz darmadağın olublar. 2005-ci il martın 25-də U-21 yığmamız Polşada 0:3 hesabı ilə uduzanda Balaj millimizi penalti ilə də cəzalandırmışdı. 2010-cu il avqustun 19-da isə rumıniyalı “Qarabağ”ın darmadağınına şahid oldu. Səfərdə Dortmund “Borussiya”sından 4 cavabsız qol buraxan ağdamlılara Balajın idarəçiliyi düşərli olmadı.

Rumıniya çempionatında 2000-ci ildə debüt edən Balaj 2003-cü ildən FİFA hakimidir. Ədalət təmsilçisi 2010-11 mövsümündə Çempionlar Liqasının “pley-off” mərhələsində iki oyun idarə edib. “Milan” – “Oser” və “Barselona” – “Kopenhagen” görüşlərində fit çalan Balaj növbəti 3 mövsümdə Avropa Liqasının qrup matçlarında söz sahibi olub.

 

“Hər iki oyunda qələbə

qazanmağı düşünürük”

İndi isə hər komandanın baş məşqçisinin, eləcə də futbolçuların qarşılaşma öncəsi fikirlərini sizə təqdim edirik:

Böyükağa Hacıyev (“Neftçi”nin baş məşqçisi): “Neftçi” “Koper” səfərində uduzsaydı, gərək Bakıya qayıtmazdım. Bakıda çoxlarına qələbə söz vermişdik. Ona görə meydana çıxanda yalnız qələbə barədə fikriləşirdik. İlk görüşdə istədiyimiz alınmadı. Lakin bizi dərhal tənqid etmək düzgün olmadı. Növbəti rəqibimiz “Çixura” ilə isə təlim-məşq toplanışı zamanı qarşılaşmışıq. Ancaq hazırlıq dövründə keçirilən oyunlar komandaların əsl gücünü göstərmir. “Neftçi” onlara qarşı eksperimental heyətlə oynamışdı. Gürcü klubunun iki oyununa baxmışam. “Bursaspor”la görüşü də diqqətlə təhlil etmişəm. Gürcü komandaları hər zaman kollektiv oyunla seçiliblər. Yaxşı heyəti var. Rəqibə hörmətlə yanaşırıq. Bununla belə, heç kimdən qorxmadığımızı deməliyəm. Komanda hər zaman olduğu kimi, yenə qələbə üçün mübarizə aparacaq. “Çixura”nın daxili çempionatdakı çıxışı barədə məlumatım azdır. Məncə, “Zestafoni”dən güclü olmaz. Təxminən bərabər səviyyəli komandalar olmalıdır. İstənilən halda səhv etməyə haqqımız yoxdur. Ölkə çempionatında səhvləri düzəltmək imkanı olur. Amma avrokuboklarda səhvləri düzəltmək mümkün deyil. Biz onlara qarşı yaxşı hazırlaşmalı, ilk görüşdən iddiamızı göstərməliyik. Gürcüstan komandası sona qədər bizimlə mübarizə aparacaq. “Bursaspor”u üstələyən komanda zəif ola bilməz. Bizi 2 çətin oyun gözləyir. Bundan sonra “pley-off” haqda danışmaq olar. Özümə qarşı təzyiq hiss edirəm. Sanki, kimlərsə komandada qalmağımı istəmir. Axı “Neftçi” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan komandadır. Biz hər zaman qalib gəlməyəcəyik. Məğlubiyyətlər də olacaq. Əsas həmin çətinliklər zamanı özümüzü ələ almaqdır. Bu mənada hərdən hamıdan uzaqlaşmaq istəyirəm. “Neftçi” Azərbaycan futbolunun tarixidir. Bu komandanın uğurunda pay sahibi olmaq çox şərəflidir”.

Mirhüseyn Seyidov (“Neftçi”nin yarımmüdafiəçisi): “Koper”lə səfər oyununa yalnız qələbə üçün getmişdik. Çalışırdıq ki, mərhələni keçməsək də, qalib gələk. Sübut etmək istəyirdik ki, ən azı “Koper”dən zəif deyilik. Bunun nəticəsində 2:0 hesabı ilə qalib gəldik. Axı “Koper” ilk matçda 5 qol vurmamışdı ki, ümidimizi itirək. Biz kollektiv oyunumuzun sayəsində bu işin öhdəsindən gəldik. Növbəti rəqibimiz “Çixura”nı isə tanıyırıq. Keçən ay təlim-məşq toplanışında bu komanda ilə yoxlama oyunu keçirmişik. Rəqibimiz adlı-sanlı deyil, normal komandadır. Necə deyərlər, bizim “dişimizə” görə rəqibdir. Yenə də onların “Bursaspor”la oyunlarını analiz etməliyik. “Çixura” “Bursaspor”u keçibsə, deməli, asan rəqib deyil. Çox ciddi şəkildə oyuna motivasiya olunmalıyıq. “Koper”lə səfər matçında göstərdiyimiz oyunu nümayiş etdirə bilsək, “Çixura”nı keçmək də bizim üçün problem olmayacaq. Yoxlama görüşündə onlara qarşı ideal heyətlə oynamamışdıq. Gənclərə də şans verilmişdi. Həm də rəsmi oyun tam fərqli olur. Sınaq matçında bu rəqibə məğlub olmağımız heç nə demək deyil. “Çixura” bizim üçün normal rəqibdir. Ona görə də hər iki oyunda qələbə qazanmağı düşünürük. Əlbəttə ki, “Bursaspor”u keçdiyi üçün “Çixura”ya böyük həvəs gəlib. Biz də bundan dərs götürməliyik. “Bursaspor” “Koper”dən güclü komandadır. Ona görə də “Çixura” futbolçuları fikirləşə bilər ki, biz daha güclü komandanı mübarizədən kənarlaşıdırmışıq”.

Samson Pruidze (“Çixura”nın baş məşqçisi): “Sabah (bu gün) səhər saatlarında Azərbaycana gedəcəyik. Otelin yaxınlığındakı stadionda məşq edəcəyik. Qiqa Beçvaya böyük ehtimalla oynaya bilməyəcək. Həmçinin David Odikadzenin də kiçik zədəsi var. “Neftçi” yaxşı komandadır. Biz bunu onlarla keçirdiyimiz yoxlama görüşlərində anladıq. Ancaq bakılıların bütün gücünü nümayiş etdirmədiklərinə əminəm. “Koper”lə ilk matçda “Neftçi”nin bəxti gətirmədi. Rəqib 2-3 qol epizodu yaratdı və 2 qol vurdu. Ancaq Sloveniyada “Neftçi” yüksək səviyyədə çıxış etdi. Bəli, rəqib 10 nəfərlə qaldı. Ancaq buna qədər Azərbaycan klubu hesabı açmışdı. Bizim əsas məqsədimiz ilk görüşdə üstünlük qazanmaqdır. Digər tərəfdən “Neftçi” “Bursaspor” deyil. Onların yaxşı futbolçuları var. Komandaların büdcəsi isə müqayisəolunmazdır. Lakin “Bursaspor”u keçməklə sübut etdik ki, istənilən rəqibi məğlub edə bilərik”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here