Xurşud Zamanova: “İstərdim ki…”

0
151

Ölkəmizdə təhsilin məzmunca yaxşılaşdırılması, gənc nəslin dünyagörüşünün formalaşdırılması, onların təlim və tərbiyəsinin düzgün təşkil edilməsi bütövlükdə cəmiyyətin qarşısında duran mühüm vəzifələrdəndir. Prezident İlham Əliyev yeni inkişaf mərhələsində təhsilin dövlətçilik baxımından xüsusi rol oynamaqla yanaşı, bu sahədə çatışmazlıqların da olduğunu vurğulayır. Prezidentin mövqeyindən belə aydın olur ki, ölkəmizdə elm və təhsil sahəsində daha yüksək səviyyədə – ümumi ictimai tərəqqi konsepsiyasının tələblərinə uyğun gələn köklü islahatların aparılması qarşıda duran əsas vəzifələr sırasındadır.

Bu gün Mingəçevir təhsili də bu prinsipi rəhbər tutaraq təhil sahəsindəki uğurları ilbəil artırır. 2016-2017-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərərək respublika üzrə ən yüksək nəticə əldə edilməsi də bunun bariz nümunəsidir. Biz də vaxtaşırı uğur qazanmış məktəb direktorları ilə görüşüb onların fəaliyyətini saytımız vasitəsi ilə işıqlandırırıq. Bu dəfə Mingəçevir B. Şıxəliyev adına  6 saylı tam orta məktəbin direktoru Xurşud Zamanova ilə görüşüb təhsil sahəsindəki uğurlarından xəbərdar olduq.

Xurşud Zamanova Naxçvan Muxtar Respublikasının Dövlət Universitetinin biologiya fakultəsini bitirdikdən sonra bir müəllim kimi fəaliyyətə başlayıb. 2000-ci ildən Mingəçevir Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseydə sıravi müəllim kimi işləyib. Xurşud xanım burada göstərdiyi səmərəli pedaqoji fəaliyyəti ilə diqqət mərkəzində olub. Az sonra o, elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib. Daha sonra həmin liseydə tədris işləri üzrə direktor müavini işləyib. 2014-cü ildə isə 6 saylı tam orta məktəbə direktor təyin edilib: “Bu təhsil ocağına gələndə buranın vəziyyətinin qənaətbəxş olmadığını gördüm. Odur ki daha səylə çalışmağa başladım: siniflərin, şagirdlərin sayının artırılmasına nail oldum həm siniflərin, həm də şagird sayı artdı. Onu da deyim ki, bu məktəbdə təhsil alan hər bir şagirdin yüksək nəticə göstərməsinə çalışıram. Ötən tədris ilində şagirdlərimizdən dörd nəfəri fərqlənmə attestatı alıb. İdman sahəsində isə uğurlar daha çoxdur. Yeri gəlmişkən,  şagirdlərimizin qazandıqları qızıl-gümüş medallar məktəbimizin bəzəyidir. Hazırda idmançı  şagirdlərimizdən bir neçəsi respublika səviyyəli çempionatdadırlar. Bundan başqa çalışıram ki, məktəbdaxili nizam-intizam qaydalarını stabil saxlayam. Onu da bildirim ki, artıq məktəbdə yaradıcı dərslərin silsilə şəkilində keçirilməsinə nail olmuşam. Məktəbimizdə valideyin-müəllim birlikləri yaradılıb. Eyni zamanda şagird-müəllim münasibətlərinin tənzimlənməsinə də nail olmuşuq. Hesab edirəm ki, şagirdlərin göstəriciləri müəllimlərin zəhmətinin güzgüsüdür. Əgər şagirdlərin uğurları varsa, deməli, müəllimlər yaxşı çalışır, şərəfli vəzifələrini layiqincə yerinə yetirirlər”.

“Sizi narahat edən problemlər varmı?” sualına isə həmsöhbətimiz belə cavab verdi: “Əlbəttə, problemsiz iş yoxdur ki…  Məktəbimiz 1954-cü ildə inşa edilib. 2013-cü ildə yardımçı otaqlar tikilib, bu da bizi qane etmədi. Buna baxmayaraq, məktəbin iş rejimi, iş ahəngi daim normaldır. İstərdim ki, bizim məktəbimiz də tam təmirli olsun. İstərdim ki, yeni texnologiyalarla öz tədris prosesimizi quraq. Bizim güclü kadr potensialımız var. Amma əminəm ki, rəhbərlik öz diqqət və qayğılarını bizim məktəbimizdən əsirgəməyəcək.

Esmira Hidayətova, Mingəçevir