İlqar Hüseynov: “Bölgələrimizdə qızların futbola olan marağını görürdüm”

0
409

Mingəçevirdə qızlardan ibarət futbol komandası fəaliyyət göstərir. Bu günlərdə Mingəçevir qız futbolunun baş məşqiçisi İlqar Hüseynovla görüşüb bizi maraqlandıran sualları ünvanladıq.

– Niyə qız futbol komandası təşkil etmək qərarına gəldiniz?

– Ölkəmizdə bir sıra idman növləri inkişaf mərhələsindədir. Ancaq qızlar arasında futbol komandası, demək olar ki, yox dərəcəsindədir. Amma bölgələrimizdə qızların futbola olan marağını görürdüm. Bu komandanı təşkil edəndə hamı mənə deyirdi ki, qız hara, futbol hara? Mən inanırdım ki, nəsə alınacaq. Düzdür, futbola ən çox kişilər maraq göstərirlər. Amma mənim təşkil etdiyim qız futbol komandasındakı qızlar heç də kişilərdən geri qalmırlar.

 

İlqar Hüseynov daha sonra dedi: “Biz Mingəçevirdə 2010-cü ildə ilk qadın futbolunu təşkil etdik. 2013-cü ildə ölkəmizdə “Mançestr festifalı” baş tutdu ki, həmin festivala da respublikamızdan 1300-dən çox uşaq cəlb olundu. Və bu tədbirə mənim yetirməm Mirzəliyeva Nigar da qatılmışdı. Onu da deyim ki, Nigar ay yarım “Mançestr Yunayted” klubunda məşğul olub. Hazırda o, Azərbaycan yığmasının üzvüdür. Millidə 17 yaşlılar arasında 3 yetirməm – Mirzəliyeva Nigar, Əliyeva Nərgiz və Əliyeva Cöşqunə çıxış edir.

 

 

Hazırda 13 və 16 yaşlılar arasında Azərbaycan birinciliyi gedir. 13 yaşlılar arasında komandamız 6 oyundan 5 qələbə əldə ediblər. Bir məğbiyyətimiz var, turnir cədvəlinin ikinci pilləsindəyik.16 yaşlılarımız isə bu il bizə sevinc bəxş edə bilməyiblər. Bunun da müəyyən səbəbi var. Belə ki, bu komandanın bəzi oyunçuları başqa klublarda oynayırlar. Elə bu səbəbdən komandaya yeni oyunçular dəvət etmişik. Hazırda yaxşı idman formasında olan qızları Azərbaycanın yığmasına hazırlayıram. Onlardan Mirzəlizadə Təranə 2 saylı məktəbin, Mirzəliyeva Sevinc isə 3 saylı məktəbin şagirdidir”.

Esmira Hidayətova, Mingəçevir