Gürcüstandan gətirilən avtomobillərin qiyməti 30% bahalanıb

0
344

Allahvedi Cəfərov

Bu ilin ilk yarısında qonşu Gürcüstandan Azərbaycana 290,2 milyon dollar dəyərində məhsul ixrac edilib və nəticədə Azərbaycan Gürcüstanın ən çox məhsul satdığı ölkə olub. Ümumiyyətlə Gürcüstanın ümumi ixracının 1/5-dən çoxu Azərbaycanın payına düşüb. Onu da qeyd edək ki, Gürcüstanın ən çox məhsul satdığı ikinci ölkə Ermənistan hesab olunur ki, bu ölkəyə satılan məhsulların dəyəri Azərbaycanla müqayisdə təxminən 2 dəfə azdır – 156 milyon dollar. Digər ölkələrə gəldikdə isə qeyd edək ki, Gürcüstan 6 ay ərzində Rusiyaya 134,1 milyon dollar, Türkiyəyə 112,2 milyon dollar, ABŞ-a isə 111,6 milyon dollar dəyərində məhsul satıb. Gürcüstan Milli Statistika Xidmətindən açıqlanan statistik göstəricilərə istinadən apardığımız hesablama göstərir ki, son bir ay ərzidə Gürcüstandan Azərbaycana ixracın həcmi 20% artıb. Lakin ötən ilin analoji dövrü ilə müqayisədə ixracın həcmi azalıb. Belə ki, ötən ilin ilk yarısında Gürcüstandan Azərbaycana builkindən 13% çox – 332,5 milyon dollar dəyərində məhsul göndərilib. Ötən illərdə olduğu kimi bu ilin ilk yarısında da Gürcüstandan Azərbaycana ən çox avtomobil ixrac olunub. Car ilin ilk 6 ayı ərzində qonşu Gürcüstandan ölkəmizə 147,5 milyon dollar dəyərində 11 min 957 ədəd avtomobili gətirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin sayı 40%-dən çox və ya 8 min ədəd azalıb. Ölkəyə gətirilən avtomobillər üçün ödənilən vəsait isə ötən illə müqayisədə daha az azalıb. Belə ki, 2013-cü ilin ilk 6 ayında 19 min 901 avtomobil üçün 189,5 milyon dollar ödənilibsə, bu ilin ilk 6 ayında bu vəsait 22% və ya 42 milyon dollar azalıb. Bu isə o deməkdir ki, ötən il Gürcüstandan gətirilən bir ədəd avtomobilin orta qiyməti 9 min 500 dollar olduğu halda, bu il 12 min 400 dollar təşkil edib. Nəticədə ötən ilin yanvar-iyun ayları ilə müqayisdə bu ilin ilk 6 ayında Gürcüstandan gətirilən avtomobillərin qiymətində 30% artım baş verib. Ümumiyyətlə Gürcüstandan gətirilən avtomobillər ölkəyə idxal edilən avtomobillərin 1/3-ni təşkil edir. Qeyd edək ki, Azərbaycan Gömrük Komitəsi bu ilin ilk 6 ayı ərzində ölkəyə 34,3 mindən çox avtomobil gətirildiyini bildirib.

İdxala gəldikdə isə qeyd edək ki, Gürcüstan Milli Statistika Xidməti bu ilin ilk 6 ayında Azərbaycandan 294,1 milyon dollar dəyərində məhsul idxal etdiklərini bildirir. Bu məhsulların 151,1 milyon dolları neft və təbii qazın (737,2 min ton), 101,2 milyon dolları neft və neft məhsullarının (111,2 min ton) payına düşüb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here