Vaxtında müayinə xərçəngin qarşısını alır

0
337

Nicat İntiqam

Azərbaycanda xərçəng xəstəliyindən əziyyət çəkənlərin, bu səbəbdən dünyasını dəyişənlərin sayı ilbəil artır. Hətta ən ucqar kəndlərdə belə bu xəstəliyə tutulanlara rast gəlinir. Xərçəngə tutulmaların səbəbini həkimlər müxtəlif cür izah edirlər. Kimisi ekologiyanın çirklənməsi, kimisi keyfiyyətsiz qidalanma, kimisi qeyri-standart həyat tərzi ilə əlaqələndirir. Bu xəstəliyin ən böyük problemlərindən biri də odur ki, bir orqanda deyil, əksər orqanlarda törəməsi mümkündür. İndiki halda dünya tibb elmi bu xəstəliyin çarəsini tapa bilməyib. Hazırda bu istiqamətdə ciddi araşdırmalar gedir, inşallah, nəticəsi yaxın vaxtlarda müsbət olar.

Ekspertlərin fikrincə, ölkəmizdə xərçənglə mübarizədə kompleks proqram olmalıdır və burada təkcə diaqnostika, müalicə yox, profilaktik tədbirlər görülməli, ətraf mühitin qorunması, siqaretə qarşı mübarizə, qida faktorları, hansı qidaların bədxassəli şişlərin əmələ gəlməsində rolu, düzgün qidalanma, necə həyat tərzinin gələcəkdə onkoloji xəstələrin sayının azalmasına səbəb olması kimi məsələlər öz əksini tapmalıdır. Qeyd edək ki, bir müddət öncə ölkəmizdə “Xərçəng əleyhinə milli proqram”ın hazırlanacağı barədə mətbuatda məlumat yayılmışdı.

 

2009-da 26 min, 2014-də 35 min…

İndiki şəraitdə isə bu xəstəliklə mübarizədə ən effektli yol erkən müayinə və müalicədir. Həkimlərin bildirdiklərinə görə, əgər bədxassəli şiş xəstəlikləri lap erkən vaxtlarda aşkarlanarsa, qarşısını almaq mümkündür.

Qeyd edək ki, hər il dünyada yüz minlərlə insan xərçəng xəstəliyinin qurbanı olur. 2020-ci ildə bu xəstəliyə tutulanların sayının 20 milyon nəfərə çatacağı ehtimal olunur.

Milli Onkologiya Mərkəzindən aldığımız məlumata görə, hazırda ölkəmizdə 35 min onkoloji xəstə qeydiyyatdadır. Hər il təxminən 7000-8500 ilkin onkoloji xəstə qeydə alınır. 2009-cu ildə isə ölkəmizdə qeydiyyatda olan onkoloji xəstələrin sayı bir – 26 min nəfər olub.

 

İlkin onkoloji xəstələri aşkarlanıb

Bakı ilə müqayisədə regionlarda yaşayanların analiz vermələri, bədxassəli şişlərin erkən müayinəsinə cəlb olunmaları bir qədər çətin görünür. Buna səbəb insanların maddi problemləri, ucqar rayonlardan paytaxta gəlib analiz vermək imkanlarının olmaması və sairədir.

Məhz bunu nəzərə alaraq, ölkə rəhbərliyinin tapşırığı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin mobil diaqnostika kompleksi artıq bir müddətdir ki, bölgələrdə insanları müayinə edir, ilkin onkoloji xəstələri aşkarlayır.

Qəzetimizdə də məlumat verdiyimiz kimi, son vaxtlar ölkəmizin Milli Onkologiya Mərkəzinin mobil diaqnostika komplreksi ölkəmizin şimal-qərb bölgəsində bununla bağlı mühüm işlər görür. Milli Onkologiya Mərkəzinin onkoloqu Azad Kərimli deyib ki, bu rayonlarda hər 200 nəfərdən biri daşıyıcı olmaqla, onkoloji xəstəlikdən əziyyət çəkir. Ona görə də diaqnostikalara məhz bu bölgələrdən başlanılıb.

 

“Qeydə alınan xəstələrin

30 faizində müşahidə olunur”

Onun sözlərinə görə, bölgə üzrə minlərlə insan səyyar müayinəyə cəlb olunub. Onların 204-də xərçəngin xoşxassəli törəmələri aşkarlanıb. Yalnız 6 nəfərdə isə xərçəng xəstəliyi aşkarlanıb ki, onun da ilkin mərhələdə olması müşahidə olunur: “Səyyar müayinələrin əsas məqsədi də əhali arasında xərçəng və xərçəng yönlü xəstəliklərin vaxtında aşkar edilərək nəzarətə götürülməsidir. Onkoloji xəstəliklər arasında birinci yeri tutan ağciyər xərçəngi qeydə alınan xəstələrin 30 faizində müşahidə olunur. Mədə xərcəngindən əziyyət çəkən xəstələrin sayı da eyni həcmdədir. İlk üçlüyün sonuncusu isə qadınlar arasında süd vəzi xərçənginin payına düşür”.

Ümumilikdə vətəndaşlar mobil mərkəzdə rentgen, ginekologiya, metroskopiya, laboratoriya və mamaqrafiya müayinəsindən keçirlər.

Qeyd edək ki, Mərkəz bundan öncə Lerikdə onkoloji xəstəliklərlə bağlı humanitar aksiya keçirmişdi. Aksiya zamanı bəzi vətəndaşlarda xərçəngyönlü xəstəliklər aşkarlanmışdı.

 

“İlkin mərhələdə aşkar

edildikdə tam sağala bilir”

Bir müddət öncə isə Milli Onkologiya Mərkəzinin mobil diaqnostika kompleksi Sumqayıtda xərçəng xəstəliyinin profilaktikası və xərçəngyönlü xəstəlikləri vaxtında aşkarlamaq məqsədilə vətəndaşları ambulator və yaxud stasionar müalicəyə cəlb etmişdi.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, bu cür aksiyaların keçirilməsində əsas məqsəd əhalini tibbi maarifləndirməklə yanaşı, şişlərin əlamətlərini, qadınlarda süd vəzi xəstəliklərini və digər xəstəlikləri aşkarlamaqdır.

Nazirlik bildirir ki, xərçəng xəstəliyi diaqnozu bir çox insanlar üçün qorxulu görünür. Əslində isə qorxmaq yox, vaxtında müayinə olunmağa təşəbbüs göstərmək lazımdır. Belə ki, bu xəstəlik də digər xəstəliklər kimi ilkin mərhələdə aşkar edildikdə tam sağala bilir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here