“Kataloniya parlamentinin müstəqillik elan etməsi cinayət əməlidir”

0
300

Kataloniya parlamentinin müstəqillik elan etməsi cinayət əməlidir. Bunu İspaniyanın Baş naziri Mariano Rahoy senatda keçirilən səsvermədən sonra jurnalistlərə bildirib. RİA Novosti agentliyi xəbər verir ki, İspaniya senatı (parlamentin yuxarı palatası) Kataloniya böhranının tənzimlənməsinə dair hökumətin təkliflərini qəbul edib. Parlamentdə səsvermə zamanı senatorların böyük əksəriyyəti Madridin mövqeyini dəstəkləyib. Bu qərar Kataloniya hökumətinin kənarlaşdırılmasını və altı ay ərzində regional parlamentə növbədənkənar seçkilər keçirilməsini nəzərdə tutur. Həmin vaxtadək region hökumətinin funksiyalarını mərkəzi hakimiyyətin nümayəndələri icra edəcəklər.

Senatda keçirilən səsvermədən bir saat əvvəl isə Kataloniya parlamenti İspaniyadan müstəqilliyin elan olunması haqqında qətnamənin lehinə səs verib.

“Kataloniya parlamentinin bu gün qəbul etdiyi qərar qanuna ziddir və cinayət əməlidir”, – deyə Mariano Rahoy bəyan edib. O, kataloniyalıları əmin edib ki, “hər şey yaxşı, mülayim və effektiv olacaq”.