Mingəçevirdə Tokay Məmmədovun 90 illiyi qeyd olunub

0
38

Mingəçevir Turizm Kollecində Xalq rəssamı, heykəltaraş Tokay Məmmədovun 90 illik yubileyinə həsr olunan konfrans keçirilib.

Tədbir iştirakçıları əvvəlcə kollecin foyesində görkəmli rəssam və heykəltaraş, Əməkdar incəsənət xadimi Tokay Məmmədovun əsərlərindən ibarət sərginin açılış mərasiminə qatılıb. Burada sərgi bələdçiləri Azərbaycan incəsənətinin gözəl nümunələrini yaratmağa müvəffəq olmuş Tokay Məmmədovun yaradıcılığı haqqında ətraflı məlumat verib, nümayiş olunan əsərləri iştirakçılara təqdim ediblər. Bundan sonra monitor vasitəsilə yubliyarın əsərləri nümayiş edilib. Ardınca tələbə gənclərin əl işlərindən ibarət bir başqa sərgiyə baxış keçirilib.

Kollecin direktoru, professor Əyyub Əyyubov nümayiş olunan əsərləri uğurlu olaraq dəyərləndirib, gənclərin məhz Tokay Məmmədov kimi görkəmli şəxslərin yaradıcılığından təsirlənərək ilham aldığını və yaradıcı sənətə böyük maraq göstərdiyini qeyd edib. Daha sonra geniş tərkibli konfransda da analoji fikirlərini davam etdirən direktor Əyyub Əyyubov Tokay Məmmədov yaradıcılığını ənənələri olan dəyərli bir məktəblə müqayisə edib.

Əyyub Əyyubov dövlət səviyyəsində Xalq rəssamına göstərilən etimadın yüksək qiymətləndirildiyini bildirib: “Vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən dəfələrlə ən yüksək adlara layiq görülən Tokay Məmmədovun əməyi Prezident İlham Əliyev tərəfindən də daim diqqət mərkəzində saxlanılıb. Xalq rəssamı, “Şöhrət”, “Şərəf” ordenləri və digər ali dövlət mükafatları Tokay Məmmədov yaradıcılığını daha da şərəfləndirib. Oktyabrın ilk günlərində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə xalq rəssamının 90 illik yubiley təntənələrinin keçirilməsi də mədəniyyətə, incəsənətə və bu sahənin inkişafında xidmətləri olan şəxslərin əməyinə verilən yüksək qiymət kimi qəbul edilir. Biz inanınırıq ki, Tokay Məmmədov məktəbinin yetirmələri bu nailiyyətləri daha böyük uğurla gələcəyə aparmağa müvəffəq olacaq”.

Bundan sonra Tokay Məmmədovun ömür və yaradıcılığından bəhs edən filmə baxış keçirilib. Filmdə müəllifin portret və monumental əsərləri bütün gözəllikləri ilə təqdim olunub.

 

Daha sonrra konfransda digər məruzələr dinlənilib. Kollecin bədii kütləvi yaradıcılıq mərkəzinin məsləhətçisi Əşrəf Əsgərov, pedaqoqlar – Kifayət Əliyeva, Bəsti Qurbanova və başqaları məzmunlu çıxışları ilə Tokay Məmmədov yaradıcılığına işıq salıb. Qeyd olunub ki, Azərbaycan və Rusiya ali yaradıcılıq məktəblərində təhsil almış, bu sahədəki potensialından pedaqoji sahədə uğurla istifadə etmiş, Xalq rəssamının ortaya qoyduğu Nizami Gəncəvi, Nəsimi, Məhəmməd Fizuli, Üzeyir Hacıbəyov və digər rəssamlıq və monumental heykəltaraşlıq nümunələri Azərbaycan incəsənətinin xəzinələri arasında yer almaqdadır. Müəllifin fərdi yaradıcılığı ilə yanaşı, digər görkəmli şəxslərlə ərsəyə gətirdiyi hər bir əsər əsl tarixi nümunədir.

Daha sonra konfrans tələbə özfəaliyyət qrupu fəallarının maraqlı kompozisiyası ilə davam etdirilib. Kompozisiyada yubliyarın ömür yolu və yaradıcılığı da öz əksini tapıb.

Esmira Hidayətova, Mingəçevir