Məzar ziyarəti insana ölümü xatırladır

0
342
Bəlkə də başqa vaxt bu qədər səmimi görünməz, amma “bayramın mübarək olsun!” deyib o qırışmış, damarları qabarıb çıxmış ana əllərini öpmək, üzünü o əllərə sürtmək o qədər gözəl, o qədər təbii və doğma mənzərədir ki, daha gözəlini düşünmək ağlımıza da gəlmədi. O əlləri öpürsən ki, sən çağa olanda hər cür zəhmətini çəkib, altını təmizləyib, qarnını doyurub, saçını oxşayıb, qaşığın, dəsmalın, örtüyün, dayağın olub, hər zaman onun hərarətində, doğmalığında yaşamısan.
 
 

Sənə neçə dəfə “qurbanın olum” deyən ananın əlini öpürsən bu bayramda. Doğrudur, insan Allahına qurban olanda xeyrə qovuşmuş olur, amma heç düşünürsünüzmü, O hikmətli Allahımız uşaq doğulanda ananın ürəyinə elə bir sevgi qoyur ki, ana göz qırpmadan övladı yolunda canını qurban verər. Bilirsinizmi niyə? Çünki Uca Rəbbimiz o sevgi ilə ananı o övlada xidmətçi, mühafizəçi halına gətirir, yəni ananı o sevgi ilə körpənin xidmətinə bağlayır.

Bəli, bu ana o anadır, bizim təmənnasız sevənimiz, böyüyüb oğul-uşaq sahibi olsaq belə, yenə bizi körpə hesab edən və hər fürsətdə qayğısı ilə bizi bürüyən anamız. Bu bayramda bütün qayğılardan, hər cür qilü-qaldan sıyrılıb onun dizinin dibində bayram ovqatı axtarmaq lazımdır ki, yenilənə bilək, bayramın bərəkətini hiss edək. Sevimli Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, Allahın rəğbəti ananın rəğbəti ilədir; Allahın qəzəbi ananın qəzəbi ilədir. Yəni anan səni sevsə, bu mübarək bayramda sənin üçün Allaha dua eləsə, o dua sənə çox şeylər qazandırar.

Bu bayramda yaxın qohumları, doğmaları, qonşuları, imkansızları, unudulmuşları ziyarət etmək onlara dəyər verdiyinizi bildirmək çox gözəldir. Unudulmuşları ziyarə etmək, onların könlünü almaq ola bilər ki, qurtuluşumuza səbəb olsun. Bir şeirdə nə qədərdə gözəldeyilir:

Mövlam bizi əfv edə, bayram obayram olur,

Cümlə günahlar gedə, bayram o bayram olur.

Yəni bu bayramları günahlarımızın bağışlanması isitqamətində də fürsət halına gətirməliyik.

Məzarları ziyarət insanın həqiqəti anlaması anlamında hər zaman faydalıdır. Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, məzar ziyarəti insana ölümü xatırladır. Ölümü xatırlayan insan da, təbii ki, daha çox xeyir işlər görməyə can atar, günahlardan uzaq olmağa çalışar. Bir hədisində də sevimli Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, məzardakılarının halı dənizdə boğulanın halı kimidir; dənizdə boğulan necə fəryad edirsə, “məni xilas edin” deyə bağırırsa, məzardakı da elə fəryad edərək insanlardan xeyir-dua gözləyir. Yəni bayramlarda ölmüşlərimizi ziyarət etmək, Allah kəlamı oxuyub, savabını onların ruhuna bağışlamaq, günahlarının əfvi üçün Allahımıza (c.c.) yalvarmaq çox əhəmiyyətli işdir və bunu kiməsə pul verərək yerinə yetirməkdənsə, özünüz ən səmimi halınızla Allahdan istəsəniz, daha xeyirli, bərəkətli olar.

Əliniz yetməyənə zəng eləyin, ona dəyər verdiyinizi bildirin, ən səmimi sözləri ondan əsirgəməyin. Sözümüzün canı odur ki, bu cür bayramlar Alllahımızın (c.c.) bizə verdiyi özəl fürsətlərdir və biz bu fürsətdən gücümüz yetdiyi qədər faydalanmağa çalışmalıyıq.

Bayramınız mübarək olsun, Allah-Təala (c.c.) bu bayramın zövqünü ruhunuzda yaşamağı və bütün varlığınızda hiss etməyi sizlərə, bizlərə nəsib buyursun! Amin!

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here