“Zəlilər… qurbağa, tısbağa, ilan qanı soraraq qidalanır”

0
111

AMEA-nın Zoologiya İnstitutunun Mingəçevir Elmi-Təcrübə Laboratoriyasının ərazisindəki göllərdə dekorativ balıqlar və tibb zəlisi (Hirudo medicinalis) yetişdirilir. Biz Mingəçevir Elmi-Təcrübə Laboratoriyasının kiçik elmi işçisi Şəfəq xanım Məmmədovaya zəlilərin saxlanılması və onların təbii yolla artırılması ilə bağlı bir neçə sualla müraciət etdik. Şəfəq xanım dedi ki, su orqanizmlərinin əksəriyyəti su mühitinin təbiiliyini təmin etməklə yanaşı mühitdəki qida şəbəkəsində müstəsna rol oynayırlar: “Onların arasında insanların həyatında mühüm rol oynayan orqanizmlər də çoxdur. Bu orqanizmlərin bəziləri insanların sağlamlığına xidmət edir, digərləri qida əhəmiyyəti daşıyır. Biz burada su onurğasızları sayılan, insanların sağlamlığına xidmət edən zəlilərin təbii şəraitdə çoxaldılması ilə məşğuluq. Onu da qeyd edim ki, zəli – Həlqəvi qurdlar (Annelida) tipinə, Kəmərlilər yarımtipinə və Zəlilər (Hirudinea) sinfinə aiddir. Onlar bu tipin mühüm siniflərindən biri olan azqıllı qurdların (Oligochaeta) kəskin dəyişilmiş nəsli və ya onun bir şaxəsi hesab olunurlar. Hirudinea sinfi, ümumiyyətlə, zəli olaraq tanınan dəniz, şirin su və ya torpaqda yaşayan nümayəndələri 500-dən çox növü əhatə edir. Keçmiş SSRİ ərazisində 80 növ, Qafqazın şirin sularında isə 23 növ zəli tapılmışdır ki, onlardan 17-si Azərbaycanın payına düşür. Zəlilər 2 yarımsinifə bölünür: qədim zəlilər (Archihirudinea) və əsl zəlilər (Euhirudinea)”.

O daha sonra dedi: “Şərq tibb zəli (Hirudo Medicinalis orientalis) növünün, Təbabət zəlisi (Hirudo medicinalis officinalis), Müalicəvi tibb zəlisi (Hirudo medicinalis medicinalis) yarımnövlərinin böyük əhəmiyyəti vardır. Bunların hər birindən tibbdə geniş istifadə olunur. Bu zəlilərdən özünün aqressivliyi, acgözlüyü və fəallığı ilə Şərq tibb zəlisi seçilir. Onun həzm sistemi ön, orta və arxa bağırsaqlardan ibarətdir. Ağız ön əmzikdə yerləşmişdir. Əksər zəlilərdə bədənin ön ucunda gözlər vardır. Birbaşa inkişafı hermofroditdirlər. Bütün zəlilərdə cinsi orqanlar eynidir. Tibb zəlisində erkək cinsi sistem bədənin orta hissəsində metamer yerləşən 9 cüt dəyirmi toxum kisələrindən ibarətdir. Toxum kisələrinin çox olmağına səbəb isə sonradan bir cüt əvvəlinci toxum kisələrinin ikinci dəfə parçalanmasının nəticəsidir. Toxum kisələri yanlarda (bədənin orta hissəsindəki seqmentlərdə) bir cüt olmaqla sıralanır. Hər toxum sıralarının xarici tərəfində bir sperma kanalı uzanır. Hər toxum öz tərəfindəki sperma kanalına açılır. Kanallar önə doğru uzanır və toxum kisələrinin əlavə törəməsi hesab edilən genişlənmə əmələ gətirərək ortaq bir atriyumda nəticələnir. Genişlənmələrə yumaqlar da deyilir. Yumaqlardan çıxan birləşmiş 2 toxum yolu tək toxumatıcı kanal əmələ gətirir. Toxumatıcı kanal, ucu cinsi dəliklə qurtaran əzələvi cütləşmə orqanının içərisində yerləşir. Toxumçıxarıcı kanalın (atriyum) lap başlanğıcına daha bir xüsusi vəziciklər açılır. O, prostat olaraq da adlandırılır. Spermatoforları inkişaf etməmişdir. Dişi cinsi sistem içərisində yumurtalıq olan 1 cüt yumurta kisələrindən ibarətdir. Hirudinoidlər arasında nəsil qayğısına qalan formalar da vardır. Zəlilər metamorfoz olmadan yetişkinliyə çatırlar. Yumurtaları baramada qoyulur. Çoxalması cinsi yolladır. Zəlilər sərbəst yaşayan yırtıcılar və ya ektoparazitlərdir”.

 

Səfəq xanımın sözlərinə görə, 2016-cı ildən etibarən  Mingəçevir Elmi-Təcrübə Laboratoriyasında zəli saxlanılır: “Tədqiqat məqsədilə Şərq tibb zəli (Hirudo Medicinalis orientalis) növü və formalarının artırılması məqsədilə laboratoriyanın ərazisindəki IV, V torpaq göllərdə saxlanılır. Göllərdə əvvəlcədən zəlinin yaşaması, qidalanması və qışlaması üçün optimal şərait yaradılıb. Həmin göllərə qanları ilə qidalanacaq qurbağa, tısbağa və su ilanı buraxıldı. Otaq şəraitində bankalarda da zəli saxlayırıq. Mütəmadi olaraq müqayisəli tədqiqat işləri aparırıq.

Zəlilərdən barama alınmasını asanlaşdırmaq məqsədlə üzən “qayıqcıq”lar hazırlanıb istifadə olunur. Bu ilin iyun ayının 13-də göllərdə suyun temperaturu səhər saatlarında 220 C axşama doğru 240C olmuşdur. V torpaq göldə olan “qayıqcıq”lardan ikisinin üzərindən cəmi 6 barama götürüldü. Baramalardan 14 iyun 2017-ci il tarixində bala zəlilər çıxdı. Bala zəlilər ilk birinci ayında heyvan qanı ilə, sonralar isə çömçəquyruqla, daha sonralar torpaq göllərə buraxılır, qurbağa, tısbağa, ilan qanı soraraq qidalanır”.

Esmira Hidayətova, Mingəçevir.