“Bu da bizim bayramımızdır”

0
273

 

Bayramlar küsülülərin barışdığı, insanların bir-biriləriylə qaynaşdığı sevinc günləridir. Bu mənada Ramazan bayramı da müsəlmanlar arasındakı iman qardaşlığının cəmiyyət üzərində təzahür olunduğu mübarək anlardır.
 
Çünki bu bayramda ehtiyac içərisində yaşayanlar imkanlı insanlar tərəfindən sevindirilir, onların dərdinə əlac olunur. Bu adət Peyğəmbər əfəndimiz dövründən bu günümüzə qədər gəlib çatan müqəddəs miraslarımızdandır. Maraqlıdır, görəsən, Kainatın əfəndisi (s.ə.s.) Ramazan bayramını necə qeyd edib? Bu suala hədislərin işığında cavab axtaraq:

Əvvəla, Rəsulullah (s.ə.s.) bayram namazına getməzdən öncə bir neçə xurma yeyirdi. Daha sonra bayram namazını qılmağa piyada gedirdi və gedərkən də ayrı-ayrı yollardan istifadə edirdi. Bir hədisdə Allah Rəsulunun (s.ə.s.) bayram namazına getməzdən əvvəl qüsl aldığı bildirilir. “Bu gün görəcəyimiz ilk iş namaz qılmaqdır”, – hədisindən anlayırıq ki, Peyğəmbərlərin Tacı (s.ə.s.) Ramazan bayramına namaz qılmaqla (bayram namazı) başlayıb. O, (s.ə.s.) bayram namazını çox geniş bir ərazidə qıldırır və bu namazda qadınlar və gənc qızlar da iştirak edirdi. Bu geniş meydanda əshabı ilə bayramlaşan əfəndilər əfəndisinin (s.ə.s.) bayramı kütləvi şəkildə və böyük bir coşqu ilə qeyd etdiyi məlumdur. Hətta O (s.ə.s.) bu məqsədlə silahlı folklor oyunlarının keçirilməsinə də icazə vermişdi. Bu oyunların bəzilərini Hz. Rəsulallah (s.ə.s.) Hz. Aişə ilə birlikdə seyr edirdi.

Peyğəmbər əfəndimizin (s.ə.s.) bu davranışlarından anlamaq mümkündür ki, bayram günlərində İslam dəyərlərini zədələmədən, müəyyən çərçivədə əylənmək günah deyil.

Bir bayram günü iki qız Hz. Peyğəmbərin qarşısında Buas döyüşündən bəhs edən mahnılar oxumağa cəhd göstərmişdi. Hz. əbu Bəkr (r.a.) bu qızlara mane olmaq istədikdə Hz. Rəsulullah (s.ə.s.) ona: “Ey əbu Bəkr, imkan ver oxusunlar. Hər millətin öz bayramı var. Bu da bizim bayramımızdır”, – dedi.

Allah Rəsulu (s.ə.s.) bir hədisində bayramı yemə, içmə və Allahı zikr etmə günləri olaraq dəyərləndirib. Deməli, bayram günləri, sadəcə, yeyib-içmə və əyləncə günləri deyil. Bunlarla yanaşı, bizə bayram ab-havasını yaşadan Rəbbimizə şükür etməliyik.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here