Komatsu şəhərinin nümayəndə heyəti Mingəçevirə səfərə gəlib

0
45

Azərbaycanda səfərdə olan Yaponiyanın Komatsu şəhərinin meri Şinji Vada rəhbərlik etdiyi  nümayəndə heyəti Mingəçevirə işgüzar səfərə gəliblər. Qonaqlar əvvəlcə şəhər icra hakimiyyətində icra başçısı Niyazi Bayramovla görüşüblər. Qonaqları səmimi qarşılayan icra başçısı onlara Mingəçevirin tarixi, həmçinin hazırda tikilən yeni müəssisələr barədə məlumat verib. Görüş zamanı həmçinin ikitərəfli münasibətlər, bir sıra sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Mer ölkələrimiz arasında əməkdaşlığın potensialı, eləcə də mədəniyyət, təhsil,  ümumiyyətlə, qarşılıqlı tanıma və yaxınlaşmaya xidmət edən sahələr arasındakı oxşarlıqlar barədə danışıb. Komatsu şəhərinin meri Şinji Vada Azərbaycanın müstəqillik gününə təsadüf edən görüşdə tədbirə toplaşanları və xalqımızı bayram münasibətilə təbrik edib. O, bildirib ki, Mingəçevir barədə məlumatı Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadədən alıb: “O, mənə sizin şəhəriniz haqda danışdı. Dedi ki, bu şəhərdə də Komatsu kimi su idmanı ilə məşğul olurlar. Çox gözəl yerdir. Hər iki şəhərin əhalisi də təxminən eyni saydadır”.

 

Mingəçevir Turizm kollecinin direktoru  Ə.Əyyubov ölkəmizdə turizm sahəsi üçün ixtisaslı kadrlar hazırlayan yeganə orta ixtisas təhsili müəssisəsi olan bu kollecin ötən 11 il ərzində gördüyü işlər, əldə etdiyi uğurlar barədə məlumat verib. Qeyd edib ki, kollecdə davamlı olaraq Türkiyə, Böyük Britaniya, Qazaxıstan, Şotlandiya, Rusiya, Rumıniya, Fransa, Avstriya və Ukraynanın turizm üzrə ali və orta ixtisas məktəblərinin təcrübəsi öyrənilir, kollecin müəllimləri beynəlxalq təhsil proqramlarının iştirakçısı olaraq böyük təcrübə əldə edirlər: “Biz istiyərdik ki, sizinlə də sıx əmakdaşlıq edib turizm sahəsindəki əlaqələrimizi genişləndirək”.

Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev təhsil sahəsində Komatsu şəhərinin universitetləri ilə sıx əməkdaşlıq etmək niyyətində olduğunu vurğulayıb.

Günün ikinci yarsında qonaqlar Heydər Əliyev Mərkəzinə,Tarix Muzeyinə, Su Elektirik Stansiyasına səfər ediblər.

 

Mer Şinji Vada saytımıza bildirib ki, şəhər və əhalisi bizim çox xöşumuza gəldi: “Yaponiya üçün təhsil çox vacibdir, hər bir ölkənin inkişafı üçün onun təhsili güclü olmalıdır”. Mer vurğulayıb ki, Qafqazın təbiəti çox gözəldir: “Burada olmaqdan məmnunam. Bizim yerlərdə də belə gözəlliklər var. Komatsuya gəlsəniz, mütləq Ağdağa getməyiniz məsləhətdir. Bizim şəhər həm də kanoe ilə bağlı məşq və yarışların keçirildiyi məkandır. 2020-ci ildə kanoe üzrə dünya çempionatı Yaponiyada olacaq. Ümid edirəm ki, Mingəçevirdə məşq keçən Azərbaycan komandası çempionatda yüksək nəticələr göstərəcək. Məqsədimiz gənclərimizin bir-biri ilə əlaqə qurub təhsil sahəsində də sıx əməkdaşlıq etməkdir”.

Komatsu şəhər şurasının sədri Toşikazu Umeda, Komatsu Dövlət Universitetinin hazırlıq komitəsinin sədri, Kanazova Universitetinin müşaviri Hiroşi Yamamato, Kanazova Universiteti, Qlobal Məsələlər Təşkilatının xüsusi təyinatlı professoru Aidə Məmmədova, Komatsu şəhərinin Beynəlxalq Təşviqat İdarəsinin baş direktoru Katsuşi Fuci, Komatsu şəhərinin Beynəlxalq Təşviqat şöbəsinin işçisi Natsumi Yamada da səfərlə bağlı öz təssüratlarını bildiriblər.

Esmira Hidayətova, Mingəçevir.