Kremlin xoşbəxt edə bilmədiyi məmur xanımları

0
33

Bəlkə də onlar öz həyat yoldaşlarının güzəştlərindən qat-qat artıq istifadə ediblər. Kremldə onlar üçün həmişə günəş doğub. Amma yəqin ki, bu günəşin nə vaxtsa batacağını heç ağıllarına da gətirməyiblər.

Kreml öz qapılarını məmur xanımlarının üzünə taybatay açsa da, sonda onları xoşbəxt edə bilməyib…

modern.az saytı Kremlin xoşbəxt edə bilmədiyi məmur xanımları haqqında yazını təqdim edib. Onu nəzərinizə çatdırırıq.

Zəngin həyatın uğursuz sonluğunu yaşayan fərqli Kreml xanımlarının müəmma dolu həyatları uzun illər gizli saxlanılsa da, sonradan onlar tarixin səhifələrinə talesiz qadınlar kimi düşüblər.

Dünyanın proletarlarını birləşdirən Vladimir İliç Leninin həyat yoldaşı Nadejda Krupskaya qadın gözəlliyindən məhrum olduğu kimi, ər nəvazişinə də həsrət qalıb. Əslində Krupskaya Lenin üçün həyat yoldaşı olmaqdan çox, onun silahdaşı, köməkçisi və əqidə sirdaşı olub. Leninlə Krupskaya ailə həyatı quranda Vladimir İliçin ailəsində bu kəbinlə bağlı böyük etiraz yaranıb. Xüsusilə, Leninin bacısı Annanın Krupskaya qarşı nifrəti olub. O hətta Nadejdanın Lenindən əvvəl başqa kişilərin məşuqəsi olduğunu tez-tez dilə gətirərək, qardaşının gözündən salıb.

 

 

Ümumiyyətlə, Nadejda Krupskaya bir xanım kimi özünü bədbəxt qadın sayıb. Leninin Armand İnessa ilə tanışlığı və onun gözləri qarşısında sevgi macəralarını isə Krupskaya özünə təhqir kimi qəbul edib. Hətta vəziyyət o yerə gəlib çatıb ki, Nadejda Krupskaya Leninlə boşanmaq qərarına gəlib. Ancaq Armand İnessanın Parisə köçməyi və 1920-ci ildə vəfat etməsi Ulyanovlar ailəsinin dağılmasının qarşısını alıb. Vladimir İliç Lenin vəfat etdikdən sonra Nadejda Krupskaya ömrünün sonuna qədər Stalinin təzyiqləri altında yaşayıb.

İosif Stalinin həyat yoldaşı Nadejda Alliluyeva Bakıda anadan olub. Stalinlə Nadejdanın rəsmi nikahı 24 mart 1919-cu ildə baş tutub. Nikahdan sonra Nadejda Alliluyeva ərinin soyadını götürməyib. O, milli məsələlər üzrə xalq komissarlığında işləyib. Nadejda, həmçinin, bir sıra redaksiyalarla, “İnqİlab və mədəniyyət” jurnalı, “Pravda” qəzeti ilə yaxından əməkdaşlıq edib. Nadejda sənaye akademiyasında təhsil alıb, Nikita Xruşovla eyni kursda oxuyub. Xruşovu Stalinlə ilk tanış edən də Nadejda Alliluyeva olub. Stalinin qəddarlığı ailədə də hökm sürüb və o, öz həyat yoldaşına qarşı da amansız olub. 1932-ci ilin noyabrın 8-də Nadejda Alliluyeva “Valter” tapançası ilə özünü güllələyib. İntihara səbəb bir gün əvvəl Voroşilovun mənzilində ziyafət zamanı aralarındakı kiçik mübahisə olub. Nadejda Alliluyeva mübahisədən sonra ziafəti tərk edərək evə qayıdıb, Stalin isə bağa gedib. Gecə Nadejda bir neçə dəfə Stalinə zəng vursa da, o bu zənglərə məhəl qoymayıb. Bununla da Nadejda özünü güllələyib. Müəmmalı olümlə bağlı digər versiyalar da mövcuddur. Hətta, deyilir ki, Nadejda Alliluyevanı elə Stalinin yanında Budyonı güllələyib.

 

 

Digər bir versiyaya görə, Stalin qısqanclığa görə köməkçisinə əmr edib ki, Nadejdanı güllələsin. Daha bir versiya isə Nadejda Alliluyevanın xəstəliyi, dözülməz baş ağrılarından əziyyət çəkməsi olub. Onun ölümündən sonra otağından yazılmış məktub tapılıb. Bu məktubda şəxsi hisslərdən çox, hakimiyyət haqqında ittihamlar öz əksini tapıb. Stalin məktubda yazılanlardan belə qənaətə gəlib ki, Nadejda Alliluyeva üzdə özünü dövlətə sədaqətli bir insan kimi göstərsə də, o daxilən hələ lap gənc yaşlarından Stalinə və onun rəhbərlik etdiyi dövlətə müxalif mövqedə durub. Dəfn günü həyat yoldaşı ilə sonuncu görüş üçün Stalin tabuta yaxınlaşanda qəfil fikrini dəyişib, əlinin arxası ilə tabutu itələyib, geri qayıdıb. Stalin həyat yoldaşının dəfn mərasimində də iştirak etməyib.

SSRİ dövründə kütləvi repressiyaların mahir icraçısı, amansızlığı ilə “yejovşina” dövrünü yaradan homoseksual NKVD başçısı Nikolay Yejovun həyat yoldaşının taleyi də müəmmalı ölümlə sona çatıb. Yevgeniya Yejova əxlaqsız hərəkətləri ilə Moskvada “ad-san” çıxarıb. Saysız-hesabsız məşuqələri ilə sevgi macəraları yaşayan Yevgeniyanın əyləncələri haqqında Kremldə də məlumatlı olublar. NKVD başçısının həyat yoldaşının Moskva mehmanxanalarındakı kişilərlə görüşü haqqında Yejovun məlumatı olub. O mehmanxana otaqlarına xüsusi qurğular yerləşdirərək Yevgeniyanın intim münasibətlərinin şəxsən şahidi olub.

 

Həyat yoldaşından xilas olmaq üçün Yejov əvvəlcə onu sanatoriyaya göndərib. Elə həmin gün Yevgeniyanın yaxın rəfiqələri həbs olunublar. Yevgeniyaya sanatoriyada əsəb sistemi ilə bağlı diaqnoz qoyanda Yejov onu xəstəxanaya göndərib. Xəstəxanada isə Yejovun göstərişi ilə onun həyatına son qoyublar. Həyat yoldaşının ölümü ilə bağlı Yejova sual ünvanlayanda o belə cavab verib: “Öz xilasım naminə qurban vermək lazım gəldi”.

İosif Stalinin ən yaxın adamlarından biri sayılan, Kremldə meydan sulayan, NKVD-nin növbəti başçısı Lavrenti Beriyanın həyat yoldaşı da uğursuz Kreml xanımlarının siyahısındadır. Beriya 22 yaşında ailə həyatı qurub. Evlənəndə həyat yoldaşı Ninanın 16 yaşı olub.

 

 

Nina həyat yoldaşının qadınlara qarşı hərisliyini bilsə də, məşuqələrini tanısa da, səs-küy yaratmayıb. Hətta o, Beriyanın məhkəməsində də həyat yoldaşının qadınlara qarşı münasibətini sırf xidməti əlaqələrlə bağlayıb, həmin qadınların Beriyanın agentləri və əməkdaşlıq etdiyi xanımlar olduğunu deyərək, ona haqq qazandırıb. 1953-cü il dekabrın 23-də SSRİ Ali Məhkəməsinin hökmü ilə Beriya güllələndikdən sonra həyat yoldaşı Nina Beriya həbs olunaraq sürgünə göndərilib.

Bir il dəmir barmaqlıqlar arasında məhbus həyatı yaşayan Nina Beriya çox-çox sonralar, 80-ci illərdə jurnalistlərə verdiyi müsahibələrdə öz həyat yoldaşına sədaqət nümayiş etdirərək Lavrenti Beriyanın günahsız olduğunu sübut etməyə çalışıb.

 

 

Uzun illər SSRİ Daxili İşlər Nazirliyinə rəhbərlik etmiş Leonid İliç Brejnevin silahdaşlarından biri sayılan Nikolay Şelokovun həyat yoldaşı Svetlana Şelokovanın həyatı da acı sonluqla bitib. Svetlana Şelokovanın sürdüyü zəngin həyat intiharla başa çatıb. Daxili işlər nazirinin həyat yoldaşının özbaşınalığı və iddiası o qədər böyük olub ki, o əri ilə konfliktdə olan Dövlət Təhlükəsizlik Komitəsinin sədri Andropovu güllələmək fikrinə də düşüb, lakin cəsarəti çatmayıb. İddialarla yanaşı, Svetlana Şelokova ərindən gizlin böyük pullar da qazanıb. Belə ki, o, Qalina Brejneva ilə birlikdə Kremldən qızıl və brilyantın qiymətinin qalxmasını əvvəlcədən biləndə ölkənin ən iri qızıl mağazalarından külli miqdarda, bəzi mağazalardan isə bütün qızıl və brilyantları alıblar. Bir neçə gündən sonra isə qiymətlər qalxanda aldıqlarını təzə qiymətlə elə həmin mağazalar vasitəsi ilə satdırıblar. Həmin dövr üçün bu əməliyyatdan onlar ağlasığmaz məbləğ əldə ediblər. Dəbdəbəli həyat tərzinin sonu Svetlana Şelokova üçün baha başa gəlib. Həyat yoldaşını nazir vəzifəsindən azad etdikdən sonra Svetlana Şelokova ağlına belə gətirə bilməyib ki, o adi bir kişinin, hələ bəlkə də həbsdə çürüyən bir adamın arvadı ola bilər. Elə bu hikkə ilə də Svetlana Şelokova özünü 1983-cü ildə güllələyib.

 

Durğunluq illərinin “padşahı” Leonid İliç Brejnevin həyat yoldaşı Viktoriya Denisova Kreml xanımlarının arasında bəlkə də ən sakiti olub. Ölkənin birinci xanımı adını o formal olaraq daşıyıb. Demək olar ki, Viktoriya Brejneva heç bir xarici səfərdə, rəsmi tədbirlərdə və qəbullarda iştirak etməyib. Baş katibin xanımı gününü uşaqların tərbiyəsinə, mətbəx işlərinə və Leonid İliçin nazını çəkməyə sərf edib. Brejnev onu oğlan adı ilə, Vitka çağırıb. Böyük səbr sahibi olan Viktoriya Brejneva həyat yoldaşının tibb bacısı ilə sevgi oyunlarına da göz yumub.

Baş katibin vəfatından sonra ailənin əlindən bağ da daxil olmaqla hər şeyi alıblar. Yeganə bir mənzilləri qalıb ki, Viktoriya Brejneva bir çox xəstəliklərdən, xüsusilə, şəkərli diabetdən əziyyət çəkərək həmin mənzildə ömrünün son illərini tənha və əzab-əziyyətlə yaşayıb.

Beləliklə, məmur xanımlarının gözündə xoşbəxtlik sarayı kimi görünən Kreml bu xanımları xoşbəxt həyat sonluğundan məhum edib…