Sankt-Peterburq Turizm və Mehmanxana Servisi Kollecinin nümayəndələri Mingəçevir Turizm Kollecində olublar

0
59

Rusiya Federasiyasının Sankt-Peterburq Turizm və Mehmanxana Servisi Kollecinin 6 nəfərlik nümayəndə heyəti öncədən imzalanmış uzunmüddətli əməkdaşlıq sazişinə müvafiq olaraq Mingəçevir Turizm Kollecini işgüzar səfər edib.

Rusiyalı qonaqlar əvvəlcə təhsil müəssisəsi ilə yaxından tanış olub. Kollecin direktoru, professor Əyyub Əyyubov nümayəndə heyətinə Mingəçevir Turizm Kollecinin yaranma tarixi, fəaliyyəti, əldə etdiyi uğurlar, beynəlxalq əlaqələri və kollektivin iştirak etdiyi beynəlxalq təhsil layihələri barədə ətraflı məlumat veriib.

 

Sonra foyedə xüsusi monitor vasitəsilə Azərbaycan-Rusiya siyasi və mədəni əlaqələrindən, həmçinin Azərbaycanın turizm özəlliklərindən bəhs edən videoçarxa baxış keçirilib. Daha sonra hər iki kollec rəhbərlərinin iştirakı ilə görüş olub. Müzakirələr zamanı əməkdaşlığın perspektivləri və gözləntilər barədə fikir mübadiləsi aparılıb. Mütərəqqi tədris metodlarının paylaşılması və tətbiqi, turizm sənayesi üçün kadr hazırlığı prosesinə dəstək verə biləcək addımların atılması, pedaqoq və tələbə mübadiləsinin əhəmiyyəti və digər  vacib məsələlər nəzərdən keçirilib. Rusiyalı qonaqlar Mingəçevir Turizm Kollecini gəzib dolaşaraq təhsil ocağının maddi texniki bazası, tədris imkanları, müasir informasiya texnologiyaları ilə təmin olunmuş laboratoriya, fənn kabinələri və auditoriyaları ilə yaxından tanış olub. Tanışlıq zamanı sankt-peterburqlu təhsil işçiləri kollecin pedaqoq və tələbələri ilə həmsöhbət olaraq  qarşılıqlı şəkildə arzu və istəklərini paylaşıblar.

Əyyub Əyyubov Sankt-Peterburq Turizm və Mehmanxana Servisi Kolleci ilə əməkdaşlıqdan böyük fayda götürəcəklərinə əmin olduğunu bildirib. O, təcrübə mübadiləsinin kadr hazırlığına güclü təkan verəcəyini bildirib. Mingəçevir Turizm Kollecinə səfər zamanı zəngin təəssürat aldıqlarını bildirən Rusiya nümayəndə heyətinin üzvləri əməkdaşlıqdan xeyli məmnun olduqlarını iştirakçıların diqqətinə çatdırıb.

Sankt-Peterburq Turizm və Mehmanxana Servisi Kollecinin direktor müavinləri Andrey Bardaşeviç və Lyudmila Kuznetsova çıxış edərək təmsil etdikləri təhsil ocağı barədə ətraflı məlumat verib və əməkdaşlıqdan hər iki tərəfin lazımi fayda götürəcəyini qeyd edib. Hər iki kollecin rəhbərləri bir-birlərinə xatirə hədiyyələri təqdim edib.

Görüş tələbə özfəaliyyət qrupu fəallarının nümayiş etdirdiyi bədii proqramla davam etdirilib.

Esmira Hidayətova