Mingəçevir qurucusu: “İçdiyimiz su deyil ki…”

0
63

85 yaşlı Nəcəf Əliyev Mingəçevir şəhərinin qurucularından biridir. Şəhərin qurulmasında fəal iştirak etmiş Nəcəf kişi ötən illəri yaxşı xatırlayır: “1947-ci ildə şəhərin quruculuğunda çalışmışam. Özü də alman əsirləri ilə birlikdə işləmişəm. O vaxt Mingəçevir  meşəlik idi. Min bir əziyyətlə bu cür gözəl şəhər qurmuşuq. Xaq xairi Səməd Vurğunla o qədər söhbətimiz olub ki… O, həmişə Mingəçevirə gələndə bizə baş çəkməmiş getməzdi”.

Az sonra o daha bir xatirəsini bizimlə bölüşdü: “İndiki kimi yadımdadır. Bir gün dedilər ki, Mingəçevirə Mircəfər Bağırov gəlir. Mənim əlimə bir vedrə salyarka, bir parça da əski verib dedilər ki, 18 kilometrlik dəmir yolunu elə təmizləməlisən ki, par-par parıldasın. Nə isə… Bacardığım heç bir işi mən bu şəhərdən əsirgəməmişəm…”.

Nəcəf kişinin sözlərinə görə, o, həyat yoldaşı Firuzə xanımla birlikdə sovetlər dönəmində uzun illər Mingəçevirdəki Toxuculuq Kombinatında da işləyib: “Artıq 64 ildir ki, birgə ömür sürürük: 11 övladımız olub. 1973-cü ildə həyat yoldaşım Firəngiz xanıma “Qəhrəman ana” fəxri adı verilib. Övladlarımdan biri Əliyev Vidadi Qarabağ uğrunda gedən savaşlarda şəhid olub. Digər oğlum Namiq isə Rusiyada olarkən vəfat edib. 21 nəvəmiz, 19 nəticəmiz var”.

Elə söhbətarası Firəngiz xanıma uzunömürlülüklə bağlı sual ünvanladım. Firəngiz xanım heç düşünmədən: “Biz bir qayda olaraq kənd məhsulları ilə qidalanırıq”, – cavabını verdi və əlavə etdi: “İnsan gərək təbiətin naz-neməti ilə dolansın. Elə həyat yoldaşım da tərəvəz məhsulları satmaqla ailəmizin ehtiyaclarını ödəməyə çalışır”.

“O vaxtdan xeyli keçib. Bu illər ərzində Mingəçevir gündən-günə böyüyüb, ilbəil dəyişib və insanların əməyi sayəsində qocaman bir şəhər olub. Amma nədənsə bu şəhərin içməli suyunda hələ də problemlər yaşanır”, – sözləri ilə söhbətimizi tamam başqa istiqamətə yönəldən 85 yaşlı Nəcəf Əliyev daha sonra dedi: “Vallah, bu, şəhərimizə heç yaraşan iş deyil. İçdiyimiz su deyil ki.. kirdir, pasdır”.

Esmira Hidayətova, Mingəçevir