Miqrasiya Xidmətinin əməkdaşları əhalini maarifləndirirlər

0
302

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Yevlax Regional Miqrasiya İdarəsinin əməkdaşları Mingəçevir Dövlət Universitetində professor, müəllim və tələbələrin iştirakı ilə “Miqrasiya prosesi iştirakçılarının hüquq və vəzifələri barədə məlumatlandırılmasının qanunsuz miqrasiyanın qarşısının alınmasında əhəmiyyəti mövzusunda” maarifləndirmə tədbiri keçirib.

Mingəçevir Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, professor Veysəl Əyyubov tədbir iştirakçılarına və qonaqlara universitetin rektoru Akif Hacıyevin salamlarını çatdırıb. O qeyd edib ki, son illər Azərbaycana miqrasiya edənlərin palitrası kifayət qədər zəngindir. Onlar respublikamıza müxtəlif məqsədlərlə, məsələn, turist kimi, təhsil almaq məqsədilə, işləmək üçün, müvəqqəti və yaxud daimi yaşamağa və s. görə üz tuturlar. Gəldiyi ölkənin miqrasiya qanunlarını öyrənmək və əməl etmək, milli adət-ənənlərə hörmət etmək isə hər kəsin borcudur.

Sonra Yevlax Regional Miqrasiya İdarəsinin rəis müavini, miqrasiya xidmətinin müşaviri polkovnik leytenat Aydın Əliyev çıxış edib. O, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yaradılmış şəraitdən söhbət açıb. Respublikamızda təhlükəsizliyin, sabitliyin yüksək səviyyədə qorunmasına, iqtisadi sahədə uğurlu islahatlara, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı layihələrin davam etdirilməsinə, tolerantlığın dünya üçün nümunə olduğunu diqqətə çəkib. Bütün bu məqamların Azərbaycanı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün cəlbedici etdiyi qeyd olunub.

 

Aydın Əliyev ölkəmizdə miqrasiya sahəsində vaxtında həm mükəmməl qanunvericilik bazasının yaradıldığı, həm də dövlət başçısının diqqət və qayğısı nəticəsində DMX aparatının və 8 regional miqrasiya idarəsinin, Bakı şəhərində və Yevlaxda  müasir standartlara cavab verən Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin tam gücü ilə fəaliyyət göstərməsinin təmin olunduğunu vurğulayıb. İnformasiya-kommunikasiya texnologiyalarının yaratdığı imkanlar sayəsində DMX tərəfindən 11 xidmət növü üzrə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin artıq həm də elektron qaydada qəbul edildiyini bildirib.

Sonra maarifləndirmə tədbirində Yevlax Regional Miqrasiya İdarəsinin Vətəndaşların Qəbulu və Müraciətlərinə Baxılması bölməsinin rəisi, I dərəcəli Miqrasiya xidməti qulluqçusu, kapitan Rauf Bəxtiyarov çıxış edib. Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının qorunması ilə bağlı həyata keçirilən tədbirlər haqqında ətraflı söhbət açıb. Bildirib ki, ölkəmizə təşrif buyuran əcnəbilər və vətəndaşlığı olmayan şəxslər hüquqlarının dövlət tərəfindən qorunması üçün respublika ərazisində olmaqlarını və yaşamalarını mütləq leqallaşdırmalıdırlar. Çünki onların Dövlət Miqrasiya Xidmətinə müraciət etmələri və ölkənin miqrasiya qanunvericiliyinə riayət olunması həmin şəxsləri sonradan baş verə biləcək hər hansı təhlükədən müdafiə etməyə hüquqi əsas yaradır. Ən əsası isə odur ki, hər kəs Azərbaycan Respublikasının qanunlarına hörmətlə yanaşmalıdır.

R.Bəxtiyarov bildirib ki, maarifləndirmə tədbirləri respublikanın müxtəlif ali təhsil ocaqlarında, regional miqrasiya idarələrinin əhatə etdiyi rayonlar üzrə ayrı-ayrı yaşayış məntəqələrində, müəssisə və təşkilatlarda davam etdirilir. O, dünyada baş verən miqrasiya proseslərinə, Avropada yaşanan miqrant böhranına toxunub, ölkəmizdə qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində əldə edilən uğurlardan bəhs edib, miqrasiya qanunvericiliyindəki yeniliklər haqqında izahedici söhbət aparıb. Xidmət əməkdaşı ölkəmizdə vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində atılan addımların səmərəli nəticələrini qeyd edib.

Tədbirin sonunda Yevlax Regional Miqrasiya İdarəsinin əməkdaşları professor, müəllim və tələbələrin çoxsaylı suallarını cavablandırıblar.

Esmira Hidayətova