Buraxılış imtahanının nəticəsi ali məktəbə qəbula birbaşa təsir göstərəcək

0
23

Cari ildə yeni təhsil proqramlarının tətbiq edildiyi IX siniflərdə buraxılış imtahanı yeni qaydada təşkil edilib. İki ildən sonra həmin şagirdlərin ilk buraxılışı olacaq və bununla əlaqədar Dövlət İmtahan Mərkəzi ilə birlikdə imtahanların təşkili üzrə yeni mexanizmlər müəyyənləşdirilib. Əgər əvvəllər təhsilalanların nəzəri bilikləri qiymətləndirilirdisə, yeni sistemə əsasən biliklərin tətbiqi üzrə bacarıqlar qiymətləndiriləcək.

Bu barədə təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.

“Yeni mexanizmə əsasən, məzunun ali məktəbə qəbul üçün topladığı ümumi bal buraxılış və qəbul imtahanlarındakı nəticələrə əsasən müəyyənləşəcək, məktəb təhsilinin rolu əhəmiyyətli şəkildə artacaq, buraxılış imtahanının nəticəsi ali məktəbə qəbula birbaşa təsir göstərəcək.

Şagirdlərə seçdikləri ixtisas istiqamətləri üzrə daha yüksək kompetensiyalara yiyələnmək imkanı yaratmaq məqsədi ilə bir neçə il bundan əvvəl tam orta təhsil səviyyəsində başlanmış təmayülləşmənin əhatə dairəsi əhəmiyyətli şəkildə genişlənərək 720 məktəbi və 10-cu sinifdə təhsil alan şagirdlərin 35 faizini əhatə edib”, – deyə Mikayıl Cabbarov bildirib.