“Bu dərsliyin tədrisinə kim icazə veribsə, o da məsuliyyət daşıyır”

0
25

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov “Ölkə.Az”a açıqlamasında orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində “Azərbaycan tarixi” dərsliyində Azərbaycanı “Böyük Ermənistan”ın tərkib hissəsi kimi xəritədə göstərilməsinə münasibət bildirib.

C.Bəhramov bu məsələdə Təhsil Nazirliyinin də ciddi məsuliyyət daşıdığını söyləyib:

“Bu dərsliyin tədrisinə kim icazə veribsə, o da məsuliyyət daşıyır. Həmin kitablarla bağlı nə Təhsil Nazirliyi, nə də digər şəxslər Tarix İnstituna müraciət etməyib, bizimlə məsləhətləşməyib. Əgər bunlar bu qədər səhvə yol veriblərsə, o zaman müvafiq orqanlar tərəfindən cəzalandırılmalıdırlar. Axı bunlar Tarix İnsitutuna heç bir müraciət etməyib, bizimlə məsləhətləşməyib. Nəticədə də bu cür nöqsanlar ortaya çıxıb”.

C.Bəhramov deyib ki, bütün bu kimi məsələlərlə bağlı Tarix İnsitutu ilk növbədə dövlət və milli mənafedən çıxış edərək, bu cür halların qarşısını alır və saxtakarlığa yol verilmir:

“Ancaq bu məsələnin məsuliyətini biz daşımırıq. Hansı qurumlar və şəxslər buna icazə veribsə, məsuliyyəti də onlar daşıyır. Ümumiyyətlə, mən həmin dərsliyin müəllifi olan Kamran Əsədovu tanımaq istəmirəm. İndi bu adam nə isə yazıb ortaya atıbsa, bunun Tarix İnstituna heç bir bağlılığı yoxdur. Bizim həmin dərsliyə və Azərbaycan ərazilərinin “Böyük Ermənistan” kimi göstərilməsinə heç bir bağlılığımız ola bilməz. Bunu kim edibsə və buna kimlər icazə veribsə, onlar da məsuliyyət daşımalıdır”.

İnstitut rəsmisi qeyd edib ki, hər hansı elmi iş Elmi Şurada müzakirə olunmalıdır:

“Əgər o yaramırsa, o geri qaytarılır və yenidən işlənilir. Ona görə də bütün bunları kim edibsə və kimlər ona icazə veribsə, onlar da gedib cavabını versinlər. Daha burada Tarix İnstitutu heç bir məsuliyyət daşımır. Bu cür saxtakarlıqlarla bağlı Tarix İnstitunun mövqeyi birmənalıdır. Biz bu cür halları qəti şəkildə qəbul etmirik. Milli mənafeyimizə zərər vura bilən istənilən iş bizim tərəfimizdən qəbuledilməzdir. Mən başa düşə bilmirəm ki, bunlar bu cür addım atmaqla axı nəyə nail olmaq istəyirlər? İnanın ki, bu hələ də mənə çatmır. Axı nə üçün bu cür addımlar atırlar? Bəlkə populyar olmaq və bu cür yolla elmdə söz demək istəyirlər? Elmdə söz demək istəyən, ilk növbədə Azərbaycanı, bu Vətəni və milləti sevməlidir, onun mənafeyini qorumalıdır. Ən azı bu adamlar arxiv sənədlərinə istinad etməklə hər hansı əsər yaza bilərlər. Daha saxtakarlıqla sensasiya yaratmaq olmaz”.

Xatırladaq ki, Azərbaycanda dərslik məsələsi ilə bağlı daha bir qalmaqallı fakt üzə çıxıb. Bu barədə sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində “Azərbaycan tarixi” dərsliyində ciddi xətaya yol verilib.

Həmin kitabda yer almış xəritədə uydurma “Dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin əraziləri təsvir olunub. Xəritədə uydurma dövlətin ərazilərinə Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilib.

Həmin dərslik Təhsil Nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunub. Kitabın müəllifləri Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynovdur.