“Bütün piyadalardan xahişimiz budur ki…”

0
357

Mingəçevir Şəhər Polis Şöbəsi DYPİ-nin əməkdaşları hərəkətin intensiv olduğu yerlərdə, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə mütəmadi proflaktiki tədbirlər həyata keçirirlər. Bu barədə Mingəçevir Şəhər Polis Şöbəsi DYPİ-nin rəisi, polis polkovniki leytenantı Bəlyar Bəşirli saytımıza məlumat verib. Bildirib ki, artıq iki ildir ki, yeraltı və yerüstü keçidlərdən istifadə etməyən, yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən şəxslərin müəyyən edilməsi ilə bağlı tədbirlər həyata keçirilir: “Yol hərəkəti qaydalarını təkcə sürücülər yox, piyadalar da pozurlar. Çünki bir çox piyadalar piyada keçidindən keçmək istəmirlər. Nəticədə də ölümlə nəticələnən ağır yol- nəqliyyat hadisələri baş verir. Bildirim ki, piyadaların yolun hərəkət hissəsinin, yaxud yol keçidinin müəyyən olunmayan yerindən keçməsi qayda pozuntusudur və inzibati məsuliyyət yaradır. Bu qayda pozuntusuna görə İnzibatı Xətalar Məcəlləsinin 153.1-1 maddəsinə əsasən 20 manat cərimə nəzərdə tutulur”. Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində qaydanı pozan 1704 piyadaya inzibati protokol tərtib edilib.

Bəlyar Bəşirli həmçinin  yol hərəkəti qaydalarını pozan sürücülərdən də söz açıb: “Ümumiyyətlə, bu ilin 9 ayı ərzində 165  sərxoş sürücüyə inzibatı protokol tərtib olunub, sfetoforun qırmızı işığından keçən 185, yol nişanlarına məhəl qoymayan 3866 sürücüyə inzibati protokollar tərtib edilib. Məlumat üçün bildirim ki, görülən tədbirlər nəticəsini verir. Belə ki, 2010-cü ildə Mingəçevir şəhərində 36 yol-nəqliyyat hadisəsi baş vermiş nəticədə 17 nəfər ölmüş, 42 nəfər yaralanmışdır. 2017-ci ildə isə 9 yol nəqliyyat hadisəsi baş verib: 10 nəfər yaralanıb,2 nəfər isə dünyasını dəyişib”.

 

Rəisin sözlərinə görə, hərəkətin təhlükəsizliyinin təmini, xüsusilə də piyadaların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması məqsədi ilə bu kimi tədbirlər mütəmadi davam etdiriləcək. Buna rəğmən o bildirib: “Əksər piyadalar nəqliyyatın hərəkətinin intensiv olduğu küçədən keçəndə piyada zolaqlarından istifadə etmirlər. Hətta qaydanı pozanlar polisi borclu çıxarırlar. Bütün piyadalardan xahişimiz budur ki, yol piyada keçidindən, piyada zolaqlarından istifadə etsinlər”.

Bəlyar Bəşirli söhbətinin sonunda isə bu sözləri deyib: “Biz Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun polislərə göstərdiyi etimadı doğrultmağa çalışırıq. Onu da deyim ki, xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün lazımi şərait yaradılıb, şəxsi heyətimiz qayğı ilə əhatə olunub”.

 

Esmira Hidayətova, Mingəçevir