Mingəçevir Texniki Liseyinin seçilən simasi və yaxud “Tərəqqi”n mübarək, Zenfira müəllimə!

0
1244

Gənc nəslin müstəqil həyata hazırlanması, onun dünya baxışının formalaşması, yəni gələcəyin mütəxəssisinin ilk hazırlığı orta məktəb illərindən başlayır. Bu mənada bizim hər birimizin həyatında müəllim əməyi var və hər birimiz müəllim əməyinin, müəllim sevgisinin bəhrələriyik. Müəllim bizə həmişə mənalı həyat yaşamağı tövsiyə edir, çünki əsl müəllim həmişə yaxşı şagird – əsl insan yetişdirməyə çalışır.

Bu gün heç bir təmənna ummadan savadlı, layiqli insan yetişdirmək istəyən nə qədər müəllim tanıyıram. Belə müəllimlərdən Mingəçevirdə çoxdur desək, yanılmarıq. Belə müəllimlər heç zaman diqqət mərkəzindən kənarda qalmırlar. Elə bu günlərdə Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı da bunun sübutudur. Məlumat üçün bir daha xatırladaq ki, ölkə başçısının 3 oktyabr 2017-ci il tarixli sərəncamı ilə bir qrup müəllim “Tərəqqi” medalı ilə təltif olunub. Onların arasında Mingəçevir Texniki Liseyinin biologiya müəlliməsi Rüstəmova Zenfira Tofiq qızı da var.

Bu gün 5 oktyabr – Beynəlxalq Müəllimlər günündə Zenfira müəllimə ilə görüşdük. Onu həm yüksək mükafata layiq görülməsi, həm də peşə bayramı münasibətilə təbrik etdik. Görüşümüzdə Mingəçevir Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov da iştirak etdi.

Zenfira müəllimə əvvəlcə ölkə başçısının təhsilə, müəllimə göstərdiyi diqqət və qayğıdan söz açdı. Bildirdi ki, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyev cənabları təhsil sahəsinə hər zaman diqqət və qayğı göstərir. O, son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atıldığını vurğulamaqla yanaşı, təhsilin normativ hüquqi bazasının təkmilləşdirildiyini, maddi-texniki təminat istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirildiyini və təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin əhəmiyyətli dərəcədə genişləndiyini qeyd etdi: “Təhsil sahəsində həyata keçirilən islahatların böyük əhəmiyyəti vardır. Unutmayaq ki, təhsil hər bir ölkə üçün strateji bir sahədir. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, təhsil hər bir xalqın gələcəyidir. Təhsilsiz inkişaf ola bilməz”.

Daha sonra Zenfira xanım

Mingəçevir Təhsil şöbəsinin müdiri Sahib Məmmədovdan, həmçinin çalışdığı təhsil ocağının direktoru Nailə Məmmədovanın təhsil naminə gördüyüyü işlərə də diqqət çəkdi.

Söhbətimizə qoşulan Sahib müəllim bildirdi ki, müəllimlərimiz eyni zamanda, məktəblərimizin simasıdır: “Bu gün tam əminliklə qeyd edə bilərəm ki, yüzlərlə gəncin yaxşı mütəxəssis, vətənpərvər vətəndaş, xeyirxah bir insan kimi formalaşmasında əvəzsiz xidmətləri olan Zenfira müəllimə məhz təhsildə kamilliyə can atan, oz sahəsinə dərindən bələd olan bir pedaqoqdur. Biz fəxr edirik ki, bu gün gənc nəslin təlim-tərbiyəsi ilə belə yaxşı müəllimlər məşğul olurlar”.

“Yaxşı müəllim neçə olmalıdır?” sualına isə həmsöhbətimiz belə cavab verdi: “Yaxşı müəllim tədris etdiyi fənnini yaxşı bilən, onun inkişaf üfüqlərini – yeni kəşfləri, tədqiqatları, nailiyyətləri izləyəndir. Yaxşı müəllim orta məktəbin tədris proqramında nəzərdə tutulanlardan daha çox bilməlidir. Dərin bilik, geniş dünyagörüşü şagirdlər qarşısında elmin, biliyin, fənnin, tədris prosesinin cəzbedici qüvvəsini aça bilmək üçün çox vacibdir. Şagirdlər müəllimin simasında ağıllı, bilikli, düşüncəli, sənətinə vurğun bir insan görməlidirlər… Onu da deyim ki, yaxşı müəllim psixologiya və pedaqogikanı dərindən bilməlidir”. Yeri gəlmişkən, 42 il pedaqoji stajı olan Zenfira müəllimə məhz bu kimi keyfiyyətləri özündə birləşdirən bir pedaqoqdur. Bu günə qədər Zenfira müəllimənin təhsil sahəsində qazandığı bir çox nailiyyətləri olub. Təkcə bir faktı xatırladaq ki, hazırda ölkəmizdə fəaliyyət göstərən həkimlərin min nəfərə yaxını onun şagirdləri olub. O, bu kimi naliyyətlərlə tam arxayınlaşmır və həmişə axtarışdadır.

Zenfira müəllimə həmçinin dedi ki, anası onu həkim görmək arzusunda olub. Lakin o, atasının ona tövsiyə etdiyi müəllimlik peşəsini seçib. Bu həm də onun öz arzusu olub. Məlumat üçün onu da vurğulayaq ki, Zenfira müəllimə Mingəçevir 11 saylı məktəbini qızıl medalla bitirib. Bakı Dövlət Universitetinin biologiya fakultəsini uğurla başa vurub.

 

Esmira Hidayətova, Mingəçevir