… “Zalsburq” səddini adlamağa çalışacaq

0
280

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Zalsburq” – “Qarabağ” oyununun vaxtı açıqlanıb. Bu haqda Avstriya klubunun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, cavab qarşılaşması avqustun 6-da keçiriləcək. Matçın başlanma saatı bu həftə təsdiqlənəcək.

Bu komandalar arasında keçiriləcək ilk oyunun biletləri isə bu gündən satışa çıxarılacaq. İyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna ən ucuz bilet 1 manat olacaq. Qeyd edək ki, mərkəzi arenadakı ilk matç Bakı vaxtı isə saat 20:30-da başlanacaq.

 

Reynaldonun

əzələsində

yırtılma ola bilərdi

ÇL-in ikinci təsnifat mərhələsinin “Valletta” ilə cavab oyununda “Qarabağ”ın hücumçusu Reynaldo Silva ciddi zədə ala bilərmiş. Belə ki, matçın 5-ci dəqiqəsindən etibarən braziliyalı futbolçu əzələsində ağrılar hiss etməyə başlayıb. Birinci hissənin sonlarında ağrılar daha da artıb və Reynaldonun əzələsinin yırtılma təhlükəsi yaranıb. Bu səbəbdən fasilədə baş məşqçi Qurban Qurbanov “sambaçı”nı əvəzləmək qərarı verib. İkinci hissənin əvvəlində Reynaldonun yerinə meydançaya Vüqar Nadirov daxil olub. “Qarabağ”ın mətbuat xidmətindən verilən məlumata görə, Reynaldonun ayağında ağrılar var. Bununla belə, həkimlər onu “Zalsburq”la ilk oyuna qədər sağaltmağa çalışırlar.

 

Çumbinyo və Vüqar

ən yaxşılar sırasında

“Qarabağ”dan söz düşmüşkən, Ağdam klubu “Valletta”nı hər iki qarşılaşmada məğlub edərək yeni rekordlar müəyyənləşdirib. Biz də onların bəziləri ilə sizi tanış edirik.

Avropanın ən nüfuzlu klub turnirində ən çox qol vuran və məhsuldar ötürmə verənlərin siyahılarında Azərbaycan çempionu da təmsil olunub. Hər iki göstəricidə tərtib olunan “Top-8”də futbolçularımız yer alıb. 2 qol vuran braziliyalı Çumbinyo bombardirlər cədvəlində 4-8-ci yerləri bölən oyunçulardandır. Cənubi amerikalı 5 dəfə fərqlənən David Lafata (”Sparta”), hərəyə 3 qol vuranlar – Fanko Lazoviç (”Partizan”) və Levi Yanssondan (”Torshavn”) geri qalır. Vüqar Nadirov isə ən yüksək göstəriciyə malik olan futbolçular sırasındadır. Belə ki, hesabında daha çox – 2 məhsuldar ötürmə olan oyunçulardan biri də “Qarabağ”ın üzvüdür.

 

Avstriyalılar üzərindəki ilk qələbəmizdə

Qurbanov amili

Daha bir maraqlı statistika ilə sizi tanış edirik. Belə ki, avrokuboklarda 4-cü dəfə Azərbaycan və Avstriya klubları üz-üzə gələcək. Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Zalsburq”a qədər 3 dəfə bu ölkə təmsilçiləri ilə görüşmüşük. Hər duel də özəlliyi ilə diqqət çəkir.

1996-cı ilin yayında “Kəpəz”in avrokuboklardakı debütünü “Austriya” korlasa da, Yadigar Süleymanovun qolu qitəmiqyaslı turnirlərdə təmsilçilərimizin ilk topu kimi tarixə düşdü.

2004-cü ildə isə indiki “İnter” “Xəzər Universiteti” adı ilə tarixində ilk dəfə mərhələ adladı. Avstriya “Kazino”sunu keçən “tələbələr” 0:4 hesabı ilə uduzduğu qarşılaşmada aldığı texniki qələbə sayəsində buna nail oldu. Həmin qələbə futbol tariximizə ilk texniki qələbə kimi düşdü. Cavab oyunu isə rəqiblərimizin ilk avtoqolu ilə də əlamətdar oldu.

2007-ci ildə isə Qurban Qurbanov avrokuboklarda baş məşqçi kimi debüt edəndə avstriyalılarla görüşmüşdü. Səfərdə “Rid”ə 1:3 hesabı ilə uduzan “Neftçi”nin o vaxtkı çalışdırıcısı indiki kimi təcrübəyə malik deyildi. Bəlkə də, bu üzdən fiziki hazırlığı o qədər yaxşı olmayan “Neftçi” Bakıda 2 qol vurduqdan sonra gücü tükəndiyindən üstünlüyünü qoruya bilmədi. 2:1 hesablı qələbə meydanda avstriyalılar üzərindəki hələlik yeganə uğur oldu.

7 il sonra yenə Avstriya klubu ilə qarşılaşacaq Qurbanov indi “Qarabağ”la uğur qazanmağa çalışacaq. 30 oyunluq Avrokubok təcrübəsini Avstriyadakı debütlə toplayan mütəxəssis güclü “Zalsburq” səddini adlamağa çalışacaq.

 

Kubok

Quzanlıya gedəcək

“Qarabağ” Ağdamdakı azarkeşlərlə görüşmək üçün Quzanlıya gedəcək. Bu proses “Zalsburq”la oyundan sonra gerçəkləşəcək. 21 ildən sonra Premyer Liqada qızıl medalları qazanan “Qarabağ” bu sevinci Ağdamda yaşayan azarkeşləri ilə bölüşməyi planlaşdırırdı. Bunun üçün klub rəhbərliyi çempionluq kubokunun Ağdama aparılacağını bəyan etmişdi. Ancaq müəyyən səbəblərə görə bu proses gecikib. Bəs, “Qarabağ” Ağdamdakı azarkeşləri ilə nə vaxt görüşəcək? Bununla bağlı açıqlama verən klubun icraçı direktoru Əmrah Çəlikəl məsələyə belə aydınlıq gətirib: “Kuboku Ağdama aparacağıq. Bu proses “Zalsburq”la oyundan sonra gerçəkləşəcək. Baş məşqçimiz də bu cür qərar verib. “Zalsburq”la cavab qarşılaşmasından sonra səfər tarixini müəyyən edəcəyik”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here