“Qarabağ” “Roma”nı məğlub etsə…

0
341

“Qarabağ” – “Roma” görüşü Azərbaycan futbolu tarixinə ilk və rekordlarla düşə bilər. “apasport”un məlumatına görə, Çempionlar Liqasının C qrupunda mübarizə aparan təmsilçimiz qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində ilk qələbəsini qazansa, həm də rekordlar təkrarlanacaq.

 

Qazanılacaq qələbə Ağdam klubunun cari mövsümdə 5-ci avrokubok uğuru olacaq. Artıq 7 görüş keçirən komanda 4 qələbə qazanıb, 1 heç-heçə edib və 2 dəfə məğlub olub. 5-ci qələbə Azərbaycan klublarının mövsümlük rekordunun təkrarı olacaq. “Qarabağ” 2013/14, “Qəbələ” 2016/17 mövsümündə 5 matçda qalib gəlib.

 

Möcüzə sayıla biləcək Ağdam klubunun qələbəsi Azərbaycanın mövsümdəki qalibiyyət sayında da rekorda çatması deməkdi. Qitə miqyaslı turnirlərdəki 4 komandamız bu il 19 oyunda 10 dəfə qalib gəlib, 3 heç-heçə dib və 6 dəfə uduzub. 11-ci qələbə ötən mövsümün rekorduna çatmaq imkanı verəcək.

 

Azərbaycan üçün klublarının bir mövsümdə ən çox qalib gəlməsi də məhz ötən il qeydə alınıb. Həmin vaxt 34 oyunda 11 qələbə qazanılıb.

 

Çempionlar Liqasının əsas mərhələsində vurulacaq ilk qol və bunun sayəsində qazanılacaq ilk qələbə iki yubileylə də yadda qalacaq. “Roma”nı məğlub etmək mümkün olsa, Azərbaycan klubları Çempionlar Liqasında 20-ci dəfə sevinmiş olacaq. İndiyədək təmsilçilərimiz 19 dəfə qalib gəlib.

 

Klublarımız qrup mərhələlərində indiyədək 4 qələbə qazanıb. Bunların da hamısı “Qarabağ”ın hesabındadı. Əyalət klubu italiyalıları yenəcəyi halda həm özünün, həm də ölkəmizin əsas raundlarda yubiley – 5-ci uğuruna imza atacaq.

 

Qeyd edək ki, “Qarabağ” – “Roma” oyunu sabah Bakı Olimpiya Stadionunda keçiriləcək.