“Şikayətçilərin sayı azalıb”

0
69

Mingəçevir şəhərini təmsil edən millət vəkili Aydın Mirzəzadə bu gün növbəti dəfə seçicilərini qəbul edib. Qəbulda 40-a yaxın şəxs öz problemlərini millət vəkilininə çatdırıb.

Qəbuldan sonra saytımıza açıqlama verən millət vəkili Aydın Mirzəzadə deyib: “Şikayətlər, əsasən, ipoteka ilə bağlı oldu. Sosial məsələlərlə bağlı problemləri olan seçicilərin də ərizələri alındı. Onu da qeyd edim ki, Mingəçevirdə yeni iş yerlərinin açılması insanların problemlərinin həllində mühüm addım olub. Yəni bu istiqamətdə şəhərdə böyük işlər görülüb. Bu il cənab Prezidentin sərəncamı ilə Mingəçevirdə və Yevlaxda səhiyyədə tibbi sığorta sistemi tətbiq olunub. Buna görə də Mingəçevirdə səhiyyə ilə bağlı problemlər, demək olar ki, həll edilib. İnsanlar sağlamlıqları ilə bağlı problemləri artıq yeni sistemin üstünlüklərindən istifadə edib həll edə bilirlər. Bu gün mənə səhiyyə ilə bağlı hər hansı bir müraciət edən olmadı”.

O daha sonra deyib: “Əvvəllər müraciətlərin çoxu dam örtüklərinin yenilənməsi və bu kimi problemlərlə bağlı olardı. Bu gün isə heç bir seçici bu kimi məsələlərdən danışmadı. Bu isə o deməkdir ki, artıq bu məsələ də Mingəçevirdə öz həllini tapıb. Bu gün edilən müraciətlərin bir neçəsi şəxsi problemlərlə və yaxud onların fikirincə, həlli deputatdan asılı olan məsələlər idi. Çox qısa vaxtda bu məsələlərin üzərində işləyəcəyəm”.

Millət vəkili həmçinin qeyd edib ki, əvvəlki dövrlərə nisbətən indi şikayətçilərin sayı azalıb.

Esmira Hidayətova