Millət vəkili Aydın Mirzəzadə Aydın Mustafayevin arzusunu gerçəkləşdirdi

0
256

Mingəçevirdə əlil Aydın Mustafayevi tanımayan yoxdur. O, demək olar ki, hər gün bu şəhərin müxtəlif yerlərində sevimli qarmonu ilə mahnılar ifa edər, beləcə, gündəlik tələbatını ödəyərdi. Özü də öz ifası ilə hamını övsunlaya bilirdi. Elə bu mahir ifasına görə camaat ona “Arif” ləqəbini verib. Bir neçə vaxt bundan əvvəl saytımız xəbər vermişdi ki, əlil Aydının ən böyük arzusu yeni qarmonunun olmasıdır. Yazı saytda getdikdən sonra bu arzunu reallaşdıran millət vəkili Aydın Mirzəzadə oldu. O, saytda xəbər gedəndən sonra bizimlə əlaqə saxladı. Bildirdi ki, Arif hansı qarmondan istəyirsə, ala bilər. Bu gün Aydın Mingəçevirdə seçiciləri ilə görüşdən dərhal sonra Arifin evinə yollandı. Qarmonu Arifə təqdim etdi. Arif yeni qarmonunda bir vağzalı rəqsi ifa etdi. 95 yaşlı anası Fatma xalanın sevincdən gözləri yaşarıb. Bildirib ki, oğlunun bu arzusunu nəhayət ki, reallaşdıran oldu.

 

Onu da deyək ki, 70 yaşlıvvin heç bir musiqi təhsili yoxdur. Bu günlərdə Aydınını anası Fatma xanımla görüşərkən o bu barədə bizə məlumat verdi. Dediyinə görə, oğlu qarmonu 7-8 yaşında ikən özü sərbəst, yəni heç kimdən dərs almadan öyrənib: “Oğlumun 6 yaşı olanda yıxılaraq sağ qolunu möhkəm zədələyib. Həkimlər çox cəhd etdilər ki, qolunu sağaltsınlar. Amma bir nəticə hasil olmadı. Sonda həkimlər oğlumun sağ qolunu kəsməkdən – amputasiyadan özgə çarə tapmadılar… Günlərin bir günü evimizdə musiqi səsi eşitdim. O vaxt bizdə radio, televizor yox idi. Mənə maraqlı gəldi. Səs gələn tərəfə yüyürdüm. Gördüm ki, oğlum evimizdəki balaca qarmonu dilləndirir. Dilləndirir deyəndə, əməlli-başlı mahnı çalır. Özü də sol əllə ha… Məni görən kimi dedi ki, ana necə çalıram? Təbii ki, mən ona “lap yaxşı” cavabını verdim. O mənim bu qiymətimdən sonra daha da həvəsləndi və meylini həmin alətə saldı. Sözün düzü, oğlumun bu vəziyyətdə qarmona bağlanmağı çoxunun təəccübünə səbəb oldu. Oğlum gündən-günə öz ifasını yaxşılaşdırmaqla onları heyrətləndirməkdə, məni isə sevindirməkdə davam etdi”.

Beləcə, Aydın Mustafayev illər uzunu Mingəçevir şəhərinin müxtəlif məkanlarında qarmon ifa etməklə gündəlik tələbatını ödəyib.

Yeri gəlmişkən, onu da bildirək ki, Fatma xanımın 95 yaşı var. Özünün dediyi kimi, qocalıb əldən düşsə də oğlu ilə nəfəs alır. Deyir ki, Arif əlildir, 95 yaşımın olmasına baxmayaraq, o mənim hələ də körpə övladımdır…

Esmira Hidayətova, Mingəçevir