Milli Dram Teatrı yeni mövsümü açıq elan edib

0
18

Akademik Milli Dram Teatrı mövsümü “Qarabağnamə” tamaşası ilə açıb

Akademik Milli Dram Teatrı yeni teatr mövsümünü sentyabrın 22-də
“Qarabağnamə” tamaşası ilə açıb. Teatrın mətbuat xidmətindən verilən
məlumata görə, Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin
“Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru xalq
artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Səhnə əsərinin nümayişindən əvvəl çıxış edən xalq artistləri Hacı
İsmayılov və Ramiz Məlik teatrın insanların həyatındakı rolundan, yeni
mövsümdə gözlənilən yeniliklərdən danışıblar. Qeyd olunub ki, növbəti
mövsümdə Akademik Milli Dram Teatrının kollektivi tamaşaçılarını yeni
və bir-birindən maraqlı səhnə əsərləri ilə sevindirəcək.

Daha sonra səhnə əsəri nümayiş olunub. Rolları xalq artistləri
Firəngiz Mütəllimova, Rafiq Əzimov, Səidə Quliyeva, Hacı İsmayılov,
Ramiz Məlik, Ramiz Novruz, əməkdar artistlər Kazım Abdullayev, Elxan
Quliyev, Əjdər Həmidov, Əli Nurzadə, Sabir Məmmədov, Məsmə Aslanqızı,
Kazım Həsənquliyev, Aslan Şirin, Mirzə Ağabəyli, Pərviz Bağırov, Elşən
Cəbrayılov, Anar Heybətov, aktyorlar Əminə Babayeva, Şəhla Əliqızı,
Rövşən Kərimduxt, Rəşad Bəxtiyarov, Elnar Qarayev, Ləman İmanova,
Elnur Qədirov, Rada Nəsibova ifa edirlər.

Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün
Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş
tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi,
ailə-məişət həyatından bəhs edir.

O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və
İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə
çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.