“Azərbaycan öz ərazilərinin işğalı ilə heç vaxt barışmayacaq”

0
42

”Azərbaycan İƏT-in bir sıra üzv ölkələrində təhlükəsizlik çağırışları, siyasi qeyri-sabitlik və irimiqyaslı yerdəyişmələr və misli görünməmiş humanitar böhranlara yol açan bir sıra İƏT üzv dövlətlərində müharibə və silahlı münaqişələrin mövcudluğundan ciddi narahatdır”.

XİN-in saytının verdiyi məlumata görə, bu sözləri xarici işlər naziri Azərbaycanın Elmar Məmmədyarov Nyu-Yorkda İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətlərinin Xarici İşlər Nazirlərinin illik əlaqələndirmə görüşündə çıxışı zamanı deyib.

Nazir bildirib ki, Myanmarda Rohinca müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıqdan əziyyət çəkən insanlara kömək məqsədilə Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən Azərbaycan hökuməti tərəfindən 100 ton humanitar yardım göndərilib: “Dünyanın bəzi hissələrində İslamın yanlış anlaşılması ilə bağlı vəziyyət İslamofobiyaya qarşı birgə fəaliyyətimizi möhkəmləndirməyin zərurət olduğunu təsdiq edir. Biz Fələstin dövlətinə münasibətdə artan beynəlxalq dəstəyi görməkdən məmnunuq. Qardaş Fələstin xalqının sülh, sabitlik və inkişaf uğrunda mübarizəsinə Azərbaycanın tam dəstəyini bir daha bəyan etmək istərdim. Azərbaycan Fələstin münaqişəsinin, Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olmaqla, iki dövlətli həllini davamlı olaraq dəstəkləyir. 20-21 iyul 2017-ci il tarixində Azərbaycan BMT-nin Fələstin xalqının Ayrılmaz Hüquqlarının tətbiqi üzrə Komissiyanın, Humanitar məsələlərin Əlaqələndirilməsi üzrə Ofisinin, İƏT-in və digər QHT və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Qüds məsələsi üzrə Beynəlxalq Konfransa ev sahibliyi edib. Konfransın yekunu olaraq təşkilatçılar adından qəbul edilmiş Kommunikede Əl-Əqsa məscidinin bağlanması və orada ibadətə qoyulan məhdudiyyətlər qınanılıb”.

Elmar Məmmədyarov təşkilat və onun üzv dövlətlərinə Ermənistanın Azərbaycana qarşı təcavüzünə münasibətdə göstərdiyi tam dəstəyə görə təşəkkür edib: “Bu təcavüz Azərbaycan torpaqlarının 20 faizinin işğalı və etnik təmizlənmə nəticəsində 1 milyon azərbaycanlının öz doğma torpaqlarından didərgin düşməsi ilə nəticələnib. Azərbaycan bir daha bəyan edir ki, öz ərazilərinin işğalı ilə heç vaxt barışmayacaq. Münaqişənin həlli yalnız və yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür. Bu xüsusda, Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İƏT Əlaqələndirmə Qrupu toplantısının 19 sentyabr 2017-ci ildə BMT Baş Qərargahında keçirilmiş iclasının hesabatını yüksək qiymətləndiririk. Ermənistan siyasi-hərbi rəhbərliyinin bəyanatları, müharibə ritorikası və substantiv danışıqları boykot etməsi və şərtlər irəli sürməsi münaqişənin tənzimlənməsinə konstruktiv yanaşmaya niyyətli olmadığını açıq-aşkar göstərir. Bu il Xocalı soyqırımının 25-ci ildönümü qeyd olunur. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Xocalı şəhərinə müxtəlif istiqamətlərdən hücum edildi. Nəticədə Ermənistan silahlı qüvvələri keçmiş Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) 366 saylı motoatıcı alayının köməyi ilə Xocalının işğalını həyata keçirdilər. İşğalçılar Xocalını darmadağın etdilər və xüsusi amansızlıqla onun dinc əhalisinin qırğınını həyata keçirdilər. Nəticədə 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla, 613 mülki şəxs öldürüldü. 1000 nəfər yaralandı və 1275 nəfər əsir götürüldü. İndiyə qədər, Xocalının 150 sakini itkin hesab olunur. Sadəcə azərbaycanlı olduqları üçün Xocalının mülki əhalisinin məqsədli şəkildə qırğını həyata keçirildi”.

E. Məmmədyarov Azərbaycanın İƏT və Qoşulmama Hərəkatına üzv dövlətlər arasından EXPO-2025-ə yeganə namizəd olduğunu və Azərbaycanın namizədliyinin dəstəklənməsi xahişi ilə üzv dövlətlərə məktubla müraciət etdiyini bildirib.