“Azərbaycan cəmiyyətini QHT-lərsiz təsəvvür etmək mümkün deyil”

0
46

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Mingəçevir şəhərində Ağcabədi, Yevlax, Qəbələ, Beyləqan, Bərdə, Oğuz, Kürdəmir, Goyçay, Zaqatala, Goranboy, Zərdab, İsmayıllı QHT-ləri və yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə “QHT-Hökumət münasibətləri: qazanılmış təcrübə və yeni əməkdaşlıq imkanları” mövzusunda regional konfrans keçirib.

 

 

Toplantıda çıxış edən Mingəçevir şəhər icra hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sahib Əliyev dövlətin davamlı dəstəyi nəticəsində artıq QHT-lərin regionlarda da aparıcı ictimai təsisatlara çevrildiyini bildirib. QHT-lərin inkişafı üçün zəruri imkanların yaradıldığını bildirən S. Əliyev yerli QHT-lərlə səmərli əməkdaşlıq etdiklərini deyib. Həmçinin Sahib Əliyev onu da vurğulayıb ki, Şəhər İcra Hakimiyyətinin müvafiq şöbəsi 12 şəhəri əhatə edən Milli QHT Forumu Mingəçevir Regional QHT-lərin Resurs və Təlim Mərkəzi ilə qarşılıqlı əlaqədə işlərini qurmuşdur: “Hər il 20-yə yaxın Qeyri Hökumət Təşkilatları Şura tərəfindən maliyyələşmiş layihələrinin icrasını Mingəçevir şəhərində keçirir”.  O bildirib ki, Mingəçevirdə 49 Qeyri Hökumət Təşkilatları və İctimai birliklərin filialları fəaliyyət göstərir: “Onlardan 6-sı Azad Həmkarlar Təşkilatları, 2-si Qızıl Aypara Cəmiyyətinin regional və şəhər şöbələridir. 30-u ictimai birliklərin filialları, 11-i fərdi fəaliyyət göstərən göstərən müstəqil QHT-lərdir. Müstəqil fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarından bir neçəsinin adını qeyd edə bilərəm ki, onlar fəal QHT-lər hesab olunur: Valideynlər Assosiasiyası, “Eko-Tes” təşkilatı, “Reaktiv şüalanmadan zərər çəkmişlərin müdafiəsi” İctimai Birliyi, Ailələrə Sosial Dayaq İctimai Birliyi Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional ofisi, “İşıqlı Gələcək” İctimai Birliyi”.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin rəsmisi, Şura sədrinin müavini Vüsal Quliyev  konfransda çıxış edərək bildirib ki, Azərbaycan cəmiyyətini QHT-lərsiz təsəvvür etmək mümkün deyil. QHT-lərin ictimai problemlərin həllində iştirakları, təşəbbüskarlıqları ildən-ilə artmaqdadır. V. Quliyev regionlarda QHT-lərin yerli icra qurumları ilə səmərəli əməkdaşlıq münasibətləri qurmasının diqqət mərkəzində saxlanıldığını qeyd edib.

Şura sədrinin müavini Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq olunmasının və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasının ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında mühüm mərhələnin əsasını qoyduğunu bildirib.

 

Konfransda Şuranın QHT-lərə göstərdiyi xidmətlərlə bağlı geniş təqdimatla çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov “QHT-lərə dövlət dəstəyinin əsas istiqamətləri” mövzusunda danışıb.  O, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra  dövlətin QHT sektorunun formalaşma istiqamətində atdığı ardıcıl addımların əhəmiyyətindən də söz açıb. İcraçı direktor cənab prezident İlham Əliyevin siyasi iradəsinin nəticəsi olaraq hazırda ölkəmizin bütün regionlarında QHT-lərin dövlət qurumlarının başlıca partnyoruna çevrildiyini və fəaliyyət imkanlarının artdığını deyib. Fərasət Qurbanov artıq QHT-hökumət münasibətlərinin əməkdaşlıqdan tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb: “QHT-lər cəmiyyətin ən fəal təbəqəsi olaraq ictimai problemlərin həllində, vətəndaş təşəbbüskarlığının təşviqində önəmli rol oynayırlar. Dövlət QHT-lərin inkişafı üçün zəruri olan bütün addımları atır. QHT-lər hər il sosial, humanitar, ekoloji, iqtisadi və sahələr üzrə yüzlərə layihə həyata keçirərək cəmiyyətin maariflənməsinə, ictimai problemlərin həllinə töhfələrini verirlər”.

 

Mingəçevir Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin sədri Füzuli Əsədov, Valideynlər Assosiyasiyasının sədri Fərman Nəbiyev, Qarabağ Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Mingəçevir şöbəsinin sədri Əliağa Bəndəliyev, Şəki ETMG İB-nin sədri Əlirza Məhərrəmov, Beyləqan Gəncləri Maarifləndirmə və Sosial İnkişaf İctimai Birliyinin sədri Zaur Quliyev, həmçinin regionun icra hakimiyyətlərinin nümayəndələri çıxış edərək QHT-hökumət münasibətlərinin inkişaf etdirilməsi  və layihələrin icra prosesində qarşılaşdıqları məsələlər haqqında təkliflərlə çıxış ediblər.

Esmira Hidayətova, Mingəçevir