“İnsanın öz qaşına uyğun təbii şəkildə forma verilməlidir”

0
1511

 

Müsahibimiz Mingəçevirdəki “Nara Sharm Studio”gözəllik salonunun qaş üzrə ustası Mahirə Həşimovadır. Ona dostları, yaxınları “Makoş” deyə müraciət edirlər. Mahirə xanım bu işlə 4 ildir ki, məşğul olur. Bu günlərdə onunla  həmsöhbət olduq və bizi maralandıran bir neçə sualı ona ünvanladıq.

Son bir neçə ildə qadınlar daha çox qaş makiyajına dah çox üstünlük verirlər. Hər il bir qaş modası çıxır və adları da müxtəlif olur. Məsələn, ötən il qadınlar daha çox permanent qaş makiyajına üstünlük verirdilərsə, bu gün də mikrobleydinq qaş makiyajına üstünlük verirlər. Mahirə xanıma ilk ünvanladığımız sual da elə bu oldu: “Permanent, yoxsa mikrobleydinq? Hansı daha yaxşıdır?” Mahirə xanım bildrdi ki, qadınların makiyajında qaşın quruluşu vacib yer tutur: “Əvvəllər sadəcə qaş aldırmaqla qaşlara quruluş verilirdisə, indi bu, daha müasir üsullarla həyata keçirilir. Məsələn, bir neçə il əvvəl qaşları tatuaj etdirməklə ona qalıcı forma verilirdi. Sonrakı mərhələdə permanent qaşlar dəbə düşdü. İndi isə tədricən mikrobleydinq permanenti geridə qoyur. Mən deyə bilərəm ki, tatuaj qaşlardan sonrakı mərhələdə permanent aktual yer tutub və hələ də dəbdədir. Permanent təbii şəkildə qalıcı makiyaj kimi istifadə olunur. Qalıcılıq müddəti 1 ildən 2 ilə qədərdir”.

Son vaxtlar mikrobleydinqin də gündəmə gəldiyini deyən Mahirə xanım bildirdi ki, qadınlar daha çox bu makiyaj  üsuluna üstünlük verirlər.

“İstər permanent, istərsə də mikrobleydinqin həyata keçirildiyi alətlər steril vəziyyətdə və birdəfəlik istifadə üçün nəzərdə tutulanlar olmalıdır”, – deyən həmsöhbətimiz bildirdi ki, qadının üz görünüşünə uyğun qaşa forma vermək və boyanın rəng seçimi əhəmiyyətlidir: “Bu işdə qaşların təbii görünməsi vacib şərtdir. Qaşların formasının üzün quruluşuna uyğun seçilməməsi və boya seçiminin dəri rənginə uyğun olmaması uğursuz nəticəyə səbəb olur. Elə insanlar var, gəlib deyirlər ki, qaşımın yarısını kəs, göyə qaldır. Bu, qəti düzgün deyil. Onu başa salırıq ki, sizin istəyiniz düzgün deyil. Çünki insanın öz qaşına uyğun təbii şəkildə forma verilməlidir. Biz başqa qaş yarada bilmərik. Qaşlar insana yaraşmalıdır. Üzə uyğun qaş forması təyin edildikdən sonra prosedura başlayırıq. Qaşlardakı tüklər qətiyyən qırxılmır, kəsilmir. Proses mövcud tüklərin altında tətbiq edilir”.

“Boyaların insan orqanizminə təsiri varmı?” sualına həmsöhbətimiz bildirdi ki, əgər boyalar təbiidirsə, heç bir ziyanı yoxdur: “Amma ucuz boyanın tərkibində insan səhhəti üçün zərərli kimyəvi qatqılar olur”.

“İndiyə qədər göstərdiyimiz xidmətdən heç bir müştəri narazı qalmayıb”, – deyən Mahirə xanım bu işi ona öyrədən müəllimi Məryəm xanıma və salonun rəhbəri və ustası Nara xanıma öz təşəkkürünü bildirməyi unutmadı.

 

Esmira Hidayətova, Mingəçevir