Rahib Alpanlı: “Alpanlıyam, mən də sizdən biriyəm”

0
183

Doğulub boya-başa çatdığın, yaşadığın elin-obanın, yurdun-yuvanın gün-güzəranına, şanlı keçmişinə, yetişməkdə olan nəslin inkişaf istiqamətlərinə, xalqa ona layiq formada xidmət etmək əvəzinə, onun ehtiyaclarına öz gözlərində dağlardan uca görünən egolarına, şəxsi ambisiyalarına görə yanaşan, daha çox ciblərinin dərdini çəkən məmurların münasibətlərinə biganə qalmaq ziyalıya yaraşmadığı kimi, onlara biganə qalmaq da mümkün deyil. Ona görə də qələmlə həmdəm olub, kəndimizdə hamıya məlum həqiqətləri bir daha dilə gətirməli oldum.

Məsləhəti təsəlliydi, təpərdi,
Qonşu dənin cücəmizə səpərdi,
Evlərinə həyan quru çəpərdi,
Kəndimin.

Kölgə salır boydan uca hasarı,
Qarışıb iş günü, şənbə, bazarı,
Tənbəllikdi xəstəliyi, azarı,
Kəndimin.

Silkələnib vaxtsız banlar, beçələr,
Nankorları zəhmətini heç elər,
Küçəsində şeytan gəzər gecələr,
Kəndimin.

Adamı var, ayran içib hallanır,
Evinə yad, yan-bucaqda yallanır,
Atları yox, ulaqları nallanır,
Kəndimin.

Yarımadıq aşiqindən, yarından,
Ayrı düşüb abırından, arından,
Budaqları meyvəsindən, barından,
Kəndimin.

Qoyun-quzu həsrətlidi yamacı,
Nə bir nehrəsi var, nə doğramacı,
Bişmir əriştəsi, xəngəl, umacı,
Kəndimin.

Kərə yağı, bal-qaymaqlı dürməyi,
Qocaların iynə gözün görməyi,
Şöhrətiydi yüz il ömür sürməyi,
Kəndimin.

Atam sayı çomağına yazardı,
Armud qaxın anam irsə asardı,
Bekar külək dərəsində azardı,
Kəndimin.

Arvad hanı – alov ola təndirə,
Çobanı yox naxırına göndərə,
Tamarzıdı ağzı südə, pendirə,
Kəndimin.

Çiçəkdimi hər titrəyən, hər əsən,
Əl uzadıb, incə-incə dərəsən?
Arıların ağlayanda görəsən,
Kəndimin.

Arxına bax – dodaqları çatlayıb,
Çinarları çətirini qatlayıb,
Barmaq yetməz, dərdi yüzü atlayıb,
Kəndimin.

Biganədi tarixinə, yaşına,
Qardaş deyib su qatdılar aşına,
Dərdimizdi nə gələrsə başına,
Kəndimin.

Çox yığmışam sarı sünbül başağı,
Ürək daşsa, tökməz gözdən yaş ağı,
Müəllim axtarır oğul-uşağı,
Kəndimin.

Xəcalətdi – yolu çala düzülüb,
Etibarı, ümidləri üzülüb,
Qaşqabaqlı, çiyinləri büzülüb,
Kəndimin.

Gözəllərin var şümalı, bəstəsi,
Palatadan coşur milçək bəstəsi,
Allah! – deyib evdə yatır xəstəsi,
Kəndimin.

Açıb yaman ayaq nisyə dəftəri,
Cibimizə mayaq nisyə dəftəri,
Kasıbına dayaq nisyə dəftəri,
Kəndimin.

Örnək oldum, öyüd verdim balama –
Ərkim yoxdu əmi, dayı, xalama,
Qalxmır yanı, üzü dönmür salama,
Kəndimin.

Cox da gözəl, deyək – Çini Maçandı,
Sarıköynək lələ asmır haçandı,
Yarı haqsız, yarı haqdan qaçandı,
Kəndimin.

Sözün keçməz uzatsan da saqqalı,
Cövlan edir tülkü bəyi, çaqqalı,
Boşboğazı, gəvəzəsi, naqqalı,
Kəndimin.

Toylarında meydan tutan saz deyil,
Sual yağır baxışından, naz deyil,
Ara vurub ev yıxanı az deyil,
Kəndimin.

Zurnaçı yox, elə hamı züy tutur,
Əbəs yerə haray salır, küy tutur,
Qanmazları yoğun peysər, piy tutur,
Kəndimin.

Qulaq verib, dinləyən az mollasın,
Səsi həzin, bülbülavaz mollasın,
Qadir Allah, cənnətə yaz mollasın,
Kəndimin.

Gündüz qarğa, gecə quşu yarasa,
Qəm süzülər tellərini darasa,
Əlində daş qalar sirdaş arasa,
Kəndimin.

Körpəsinə layla demir anası,
Anasından yaxa yemir anası,
Hardadı o torpaq, dəmir anası,
Kəndimin.

Cənnət idi babaların hər bağı,
Qorunardı meşəsinin yarpağı,
“Rey” satılır indi qarış torpağı,
Kəndimin.

Nə qazanıb bu dünyanın hərisi?!
Olmasa da bir qəpiklik dərisi”,
Axsaq öndə – geri dönüb sürüsü,
Kəndimin.

Pərdə tutub, ürək açdım zil simə,
Sinəm yandı söylədikcə dil simə,
Bəxti bağlı, demə, düşüb tilsimə,
Kəndimin.

Tərəzi var mizanı yox, gözü yox,
Bəylər yurdu – ocağı var közü yox,
Belə getsə, adı yaşar özü yox,
Kəndimin.

***

Demirəm ki, qəhət sözün müsbəti,
Az olsa da, yükdü yenə nisbəti,
Yetər qışa şirin sözü, söhbəti,
Kəndimin.

Duman tüldü payızına, yazına,
Dolanırıq şükür edib azına,
Sözüm yoxdu işığına, qazına,
Kəndimin.

Arxivdədi odunçusu, şələsi,
Ov tüfəngi, bir də porsuq tələsi,
Boy yarışır fıstıq, palıd, vələsi,
Kəndimin.

Söykəyibdi Şah dağına kürəyin,
Halal qoyar süfrəsinə çörəyin,
Qazandığı bir qarındı, bir əyin,
Kəndimin.

Vətən üçün gərək vətəndaş yana –
Can deyib, can verib Azərbaycana,
Neçə şəhidləri, yatır yan-yana,
Kəndimin.

Alpanlıyam, mən də sizdən biriyəm,
Düşünməyin, övliyası, piriyəm,
Ayağının toz-tprpağı, kiriyəm,
Kəndimin.

 Rahib Alpanlı