95 yaşlı Fatma ana: “Qarmonu da köhnəlib oğlumun”

0
214

Mingəçevirdə əlil Aydın Mustafayevi tanımayan yoxdur. O, demək olar ki, hər gün bu şəhərin müxtəlif yerlərində sevimli qarmonu ilə mahnılar ifa edər, beləcə, gündəlik tələbatını ödəyərdi. Özü də öz ifası ilə hamını övsunlaya bilirdi. Elə bu mahir ifasına görə camaat ona “Arif” ləqəbini verib.

Bəri başdan onu da deyək ki, 70 yaşlı Aydın Mustafayevin heç bir musiqi təhsili yoxdur. Bu günlərdə Aydınını anası Fatma xanımla görüşərkən o bu barədə bizə məlumat verdi. Dediyinə görə, oğlu qarmonu 7-8 yaşında ikən özü sərbəst, yəni heç kimdən dərs almadan öyrənib: “Oğlumun 6 yaşı olanda yıxılaraq sağ qolunu möhkəm zədələyib. Həkimlər çox cəhd etdilər ki, qolunu sağaltsınlar. Amma bir nəticə hasil olmadı. Sonda həkimlər oğlumun sağ qolunu kəsməkdən – amputasiyadan özgə çarə tapmadılar… Günlərin bir günü evimizdə musiqi səsi eşitdim. O vaxt bizdə radio, televizor yox idi. Mənə maraqlı gəldi. Səs gələn tərəfə yüyürdüm. Gördüm ki, oğlum evimizdəki balaca qarmonu dilləndirir. Dilləndirir deyəndə, əməlli-başlı mahnı çalır. Özü də sol əllə ha… Məni görən kimi dedi ki, ana necə çalıram? Təbii ki, mən ona “lap yaxşı” cavabını verdim. O mənim bu qiymətimdən sonra daha da həvəsləndi və meylini həmin alətə saldı. Sözün düzü, oğlumun bu vəziyyətdə qarmona bağlanmağı çoxunun təəccübünə səbəb oldu. Oğlum gündən-günə öz ifasını yaxşılaşdırmaqla onları heyrətləndirməkdə, məni isə sevindirməkdə davam etdi”.

Beləcə, Aydın Mustafayev illər uzunu Mingəçevir şəhərinin müxtəlif məkanlarında qarmon ifa etməklə gündəlik tələbatını ödəyib.

Fatma xanım hələ də ailə qurmamış oğlunun bir şikayətini də dilə gətirdi: “Oğlum nə var istəyib, nə də dövlət, sadəcə,  üzərində Azərbaycanın bayrağı həkk olunmuş qarmon istəyib. O hətta bununla bağlı bəzi imkanlı şəxslərə də müraciət edib. Amma hələ bu günə qədər ona həmin qarmondan alan olmayıb. Hərdən də oğlum bunu özünə dərd edir. Mənim də imkanım yox, kasıb bir ailəyik”.

Yeri gəlmişkən, onu da bildirək ki, Fatma xanımın 95 yaşı var. Özünün dediyi kimi, qocalıb əldən düşsə də oğlu ilə nəfəs alır. Deyir ki, Arif əlildir, 95 yaşımın olmasına baxmayaraq, o mənim hələ də körpə övladımdır…

 

… Arif Mustafayevdən bir mahnı ifa etməsini xahiş etdik. O çaldı, çaldı və çalğısı ilə bizi xəyallara qərq etdi. Bizi xəyallardan Fatma xanımın dediyi bu sözlər ayırdı: “Qarmonu da köhnəlib oğlumun. Hərdən də mənə deyir ki, belə getsə, bir daha qarmon ifa etməyəcəyəm, çünki qocalmış qarmonu dilləndirmək onun səhhətində əlavə problemlər yaradır”. Fatma xanım dediklərinə bu sözləri də əlavə etdi: “İmkansızlıq, imkansızlıq. Elə bu imkansızlıq ucbatından da onun musiqi dünyasını zənginləşdirə bilmədim”.

Esmira Hidayətova