Quba melioratorları rayon iqtisadiyyatının inkişafına öz töhfələrini verirlər

0
423

Son illər ölkə iqtisadiyyatının digər sahələri kimi, kənd təsərrüfatı da özünün keyfiyyətcə yeni yüksəliş mərhələsinə qədəm qoyub. Əkin dövriyyəsi genişlənib, məhsuldarlıq yüksəlib. Təbii ki, bu, hər şeydən əvvəl, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir.

Hazırda respublikamızda aqrar sahənin inkişafı prioritet hesab olunur. İqtisadiyyatımızın neftdən asılılığını azaltmaq və tədricən aradan qaldırmaq, ərzaq bolluğu yaratmaq, dünya bazarına brend kənd təsərrüfatı məhsulları ilə çıxmaq dövlət başçımızın xüsusi önəm verdiyi məsələlərdəndir.

Qədim əkinçilik məskəni olan Qubada da bu məsələ diqqət mərkəzindədir. Məlumat üçün bildirək ki, rayonda yaşayan 168 min nəfər əhalidən 40 mini şəhərdə, qalanları isə kəndlərdə yaşayır. Bu, bir həqiqətdir ki, kənd əhalisinin böyük əksəriyyətinin dolanışığı bağçılıq, əkinçilik və tərəvəzçilik hesabına tənzimlənir. Regionda kənd təsərrüfatının inkişafı üçün əlverişli torpaq və iqlim şəraiti olduğundan ilbəil fərdi əkin və bağ sahələri genişləndirilir. Cari ildən yeni bir təsərrüfat sahəsi də yaradılıb. Belə ki, 2000 hektar ərazidə fındıq bağları salınıb.

Təbii ki, istənilən kənd təsərrüfatı sahəsi üçün su olduqca əhəmiyyətlidir. Bu sahədə ən böyük məsuliyyət suvarma sistemləri idarələrinin üzərinə düşür. Bu baxımdan meliorasiya və su təsərrüfatı işçilərinin əkinçilərə göstərdikləri köməyin miqyası ildən-ilə artmağa başlayıb.

Bu günlərdə Quba Suvarma Sistemləri İdarəsinin rəisi Nazir Dadaşovla görüşdük. Nazir müəllim 25 ildən çoxdur ki, bu idarəyə rəhbərlik edir. Yüksək təşkilatçılığına, uzun illər göstərdiyi qüsursuz xidmətlərinə görə bir neçə il əvvəl o, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. Bu ilin iyun ayında isə ona ölkə başçısının sərəncamı ilə su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə “Əməkdar mühəndis” fəxri adı da verilib. “Əməyimə verilən bu yüksək qiymətə görə də ölkəmizin başçısı cənab İlham Əliyevə kollektivimiz və öz adımdan dərin minnətdarlığımı bildirməklə yanaşı, möhtərəm Prezidentimizə möhkəm cansağlığı və Azərbaycanımızın gələcəyi naminə gördüyü işlərdə böyük uğurlar arzulayıram”, – sözləri ilə söhbətə başlayan Nazir Dadaşov, həmçinin vurğuladı ki, Azərbaycanda meliorasiya və irriqasiya işlərinə keçən əsrin əvvəllərindən baş- lanılsa da, bu sahənin əsas inkişafı ulu öndər Heydər Əliyevin respublikamıza birinci dəfə rəhbərlik etdiyi 1969-1982- ci illərə aiddir. Həmin illərdə meliorasiya və su təsərrüfatı sahəsində quruculuq işləri geniş vüsət aldı, iri su anbarları, çoxlu sayda hidroqovşaqlar, nasos stansiyaları, müasir meliorasiya və irriqasiya sistemləri tikilib istifadəyə verildi. Çünki o, yaxşı bilirdi ki, meliorasiya bolluğun, bərəkətin əsasını təşkil edir. Bu mənada ümummilli lider Heydər Əliyevi respublikamızın su təsərrüfatı və meliorasiya sahəsinin yaradıcısı və müəllifi adlandıranlar əsla yanılmırlar. Ulu öndər 1993-cü ildə hakimiyyətə qayıdandan sonra da bu sahəyə xususi diqqət yetirib. Bu gün ölkə başçısı İlham Əliyev ümummilli liderin bu sahədəki kursunu uğurla davam etdirir.

“İdarəmizin əsas təsərrüfat fəaliyyəti rayonumuzun ərazisində olan meliorasiya və su təsərrüfatı obyektlərinə xidmət göstərmək, torpaqların su ilə təminatını həyata keçirmək, mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil etmək, bu sahənin inkişafı ilə əlaqədar digər işləri yerinə yetirməkdən ibarətdir”, – deyən Nazir Dadaşov daha sonra rəhbərlik etdiyi idarənin son vaxtlar gördüyü işlərdən faktlar əsasında söz açdı: – Rayonumuzda 15843 hektardan çox bağ, 13369 hektar əkin yeri, 310 hektardan artıq tərəvəz-bostan sahəsi, 2949 hektar həyətyanı sahə mövcuddur. 7215 hektar sahənin payına isə yem bitkiləri ilə yanaşı, biçənək və otlaqlar da düşür. Ümumilikdə, Quba Suvarma Sistemləri İdarəsi 26033 hektar suvarılan torpaq sahələrinə xidmət göstərir. Yeri gəlmişkən, 2016-cı ildə sahələrin suvarılmasına 53,5 milyon kubmetr su sərf olunub. Onu da deyim ki, ötən il rayon ərazisindən keçən çaylarda (Quruçay, Qusarçay, Qaraçay, Caqacuq- çay və Vəlvələçay) suyun səviyyəsinin artması suvarma işlərinə, sözün həqiqi mənasında, müsbət təkan verib. Bunun sayəsində çoxillik və cavan bağlar orta hesabla 3,5, tərəvəz-bostan sahələri 7, dənli bitkilərin əkildiyi bütün sahələr 2, digər əkin sahələri isə 3 dəfədən çox suvarılıb. Həmçinin limit çərçivəsdində 4 min hektar sahə Samur-Abşeron kanalından suvarma suyu ilə təmin olunub. Təbii ki, bu işdə idarə kollektivinin də öz işini günün tələbləri səviyyəsində qura bilməsi əhəmiyyətli rol oynayıb. 2017-ci il ərzində kənd təsərrüfatı bitkilərinin suvarılması üçün 56,1 milyon kubmetr suyun verilməsi planlaşdırılıb.

Nazir Dadaşovla söhbətdən yəqin etdik ki, qrunt sularının səviyyəsi çox aşağı olan Qubada torpaq sahələrinin meliorativ vəziyyəti qənaətbəxşdir. Belə ki, rayon ərazisində, demək olar ki, şoranlaşmış torpaq sahələri yoxdur. Torpaqların suvarma suyuna olan tələbatın ödənilməsi tərtib olunmuş suvarma rejimi qrafikinə əsasən aparılır. Bununla yanaşı, suvarma işləri hər bitkinin növündən asılı olaraq öz suvarma normasına uyğun həyata keçirilir.

Azərbaycan suvarma-drenaj infrastrukturunun bərpası və tamamlanması layihəsinin reallaşdırılması istiqamətində rəhbərliyin nəzarəti altında rayonda fəaliyyət göstərən Zərdabi SİB-i üzrə 2158, Qımılqış- laq SİB-i üzrə 1170, Dağlı SİB-i üzrə 1685, Alekseyevka SİB-i üzrə 2158, Gülüstan SİB-i üzrə 2430 hektar ərazidə mövcud suvarma – paylayıcı sistemində təmir-bərpa üzrə kompleks tədbirlər başa çatdırılıb. Həmin SİBlərin (Sudan İstifadəçilər Birlikləri) xidmət göstərdikləri ərazilərdə yerləşən dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemləri 2016-cı ilin ilk ayından etibarən 20 illik müddətdə müəyyən şərtlərlə birliklərin istifadəsinə verilib.

Onu da qeyd edək ki, rayonda kənd təsərrüfatı məhsulları istehsalçılarına suvarma suyunun çatdırılması mexanizminin təkmilləşdirilməsi ilə bağlı da bir sıra işlər görülüb. Belə ki, Qudyalçaydan birbaşa su götürən Xanarx torpaq kanalın 1300 metr uzunluğunda olan hissəsinin betonlanması həyata keçirilib. Əkin və bağ sahələrinin su təminatını yaxşılaşdırmaq məqsədilə Pirvahid, Küpçal, Qımıl-qışlaq, Aşağı-Atuc kəndlərində beş subartezian quyusu qazılaraq istifadəyə verilib.

Mirzəqışlaq, Atuc kəndlərində, Zərdabi qəsəbəsində yeni subartezian quyuları qazılıb. Cari ildə Amsar-qışlaq, Küpçalqışlaq və Birinci Nügədi kəndlərində də yeni quyuların qazılaraq istismara verilməsi planlaşdırılıb. Mirzəqışlaq kəndinin torpaq sahələrinin su təminatını yaxşılaşdırmaq üçün Samur-Abşeron kanalından birbaşa su götürəcək nasos stansiyası binasının tikintisi başa çatdırılıb. Bunun davamı olaraq cari ildə nasos stansiyasının boru xəttinin çəkilməsi də gündəmdədir.

Bu ilin vegetasiya dövründə rayonun suvarılan torpaq sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə 57,7 kilometr uzunluğunda təsərrüfat kanallarında təmir-təmizləmə işləri həyata keçirilib. Yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin, torpaq sahələrinin sel və daşqından mühafizəsi üçün Qusarçayın sağ sahilində yerləşən Cek kəndi ərazilərinin və nəqliyyat yolunda 165 metr uzunluğunda daş-beton bəndin inşası üzrə tədbirlər idarənin daxili imkanları hesabına başa çatdırılıb. Qudyalçayda da 55 metr uzunluğunda daş-beton bənd təmir olunub və hazırda 70 metr uzunluğunda bənddə təmir işləri aparılır.

Rayon ərazisindən keçən çayların təhlükə gözlənilən hissələrində 192,4 min kubmetr çay məcraları təmizlənib, sahilqoruyucu və su istiqamətləndirici torpaq bəndlər qurulub. Digər çaylarda da bu kimi sahilbərkitmə işlərinin aparılması nəzərdə tutulub.

N. Dadaşov sel və daşqınlarla mübarizə qaydaları haqqında da məlumat verdi. Bildirdi ki, təsərrüfat sahələrini, əkinaltı torpaqları sel və daşqın sularından mühafizə etmək üçün qabaqlayıcı tədbirlər görülür. Sel təhlükəsi olan çaylarda beton bəndlər tikilir, mühafizə zolaqları yaradılır. Son on ildə Dünya Bankının hesabına Alekseyevka, Zərdabi inzibati ərazi dairəsində yerləşən, rayonun əsas suvarma sistemi sayılan torpaq kanallar ciddi su itkisinə səbəb olduğu üçün beton kanallarla əvəz olunması da bu qəbildən görülən işlərdir. İdarə rəisi həmçinin qeyd etdi ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi öz yüksək səriştəli göstərişləri ilə rayondakı suvarma sistemləri idarəsinin fəaliyyətinə yeni stimul verir. Elə bu kimi diqqət və qayğılar məsuliyyətimizi daha da artırır və işimizi günün tələbləri səviyyəsində qururuq.

Həmsöhbətim Sudan İstifadəçilər Birlikləri haqqında da açıqlama verdi. Qeyd etdi ki, bu birliklər əsasən su pulunun yığılmasını, təsərrüfat daxili suvarma sistemlərinin təmirini, onların qorunub saxlanılmasını və suvarma suyunun özəl torpaq sahiblərinə limit çərçivəsində düzgün bölüşdürülməsini təmin edir: “Dağlı, Gülüstan, Qudyalçay, Alekseyevka, Zərdabi, Birinci Nügədi, Bulaqdərə, Ramin, Qızılqaya, Vəlvələ, Paşaoba-Bərqov və Quba SİB-ləri ilə ərazilərində yerləşən sualtı torpaq sahələrinin suvarılmasını təmin etmək məqsədilə idarəmiz tərəfindən ikitərəfli müqavilələr bağlanıb. Müqavilədə illik göstəricilərlə yanaşı, hər ay suvarılacaq hektarlara uyğun tələb olunan suyun həcmi də göstərilib”.

N. Dadaşov idarənin üzləşdiyi çətinliklərdən də söz açaraq vurğuladı ki, melioratorların işi təbiətdən çox asılıdır: “Belə ki, idarə bütün kanalları, hidrotexniki post və qurğuları təmir etsə belə, əgər çayda yağıntı və sel suları hesabına suyun səviyyəsi artmazsa və ya quraqlıq olarsa, suvarma işində ciddi çətinliklər yaranar. Yaxud təbiətin şıltaqlığı, daha doğrusu, sel və daşqın nəticəsində bir saat kifayət edər ki, illərlə çəkilən zəhmət hədər getsin”. O daha bir mətləbə toxundu: “Suvarılan torpaqların genişləndirilməsi, məişətdə və sənayedə suya olan tələbatın artması və əlbəttə, iqlim dəyişiklikləri su qıtlığı kimi problemləri gündəmə gətirir. Rayonumuzun iqtisadiyyatı dirçəldikcə su çatışmazlığı günün ən aktual probleminə çevrilir”.

“Bəs bu problemlə bağlı çıxış yolları axtarılırmı?” sualına isə o belə cavab verdi: “Bütün bunları nəzərə alaraq qarşımızda duran mühüm vəzifələrdən biri də təbiətdən asılılığı azaltmaq və su çatışmazlığını alternativ mənbələr hesabına aradan qaldırmaqdan ibarətdir. Daha doğrusu, biz bu problemin həllini yeni sututarlarının yaradılmasında, əldə olan vasitələrdən daha səmərəli istifadə etməkdə görürük”.

Nazir Dadaşov söhbətini bu sözlərlə tamamladı: “Quba fermerləri və sahibkarları artıq kənd təsərrüfatı məhsullarının istehsalında nailiyyətlər əldə etməkdədirlər. Fəxr edirik ki, bu nailiyyətlərdə bizim də az-çox əməyimiz var”.

Qvami RƏSULOV, jurnalist

“Xalq qəzeti” 1 sentyabr 2017